Главная > Siyasət > Xankəndini kim və niyə qarışdırır? - AKTUAL

Xankəndini kim və niyə qarışdırır? - AKTUAL


19-07-2023, 16:00. Разместил: admin


Qərbin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqları Qarabağda vəziyyətin gərginləşməsi ilə müşahidə olunur.

Azərbaycanın diplomatik müstəvidə mövqelərinin möhkəmlənməsinə mane olmağa çalışan Xankəndidəki terrorçu rejim prosesi pozmaq üçün müxtəlif hərbi və siyasi təxribatlara əl atır. Son günlər həm Azərbaycanın Qarabağdakı hərbi mövqeləri tez-tez atəşə tutulur, həm də Xankəndi şəhərində guya erməni əhalinin blokada şəraitində “humanitar fəlakət”lə üzləşdiyinə dair etiraz mitinqləri keçirilir.

Əslində, bölgədə sabitliyin pozulmasında katalizator rolunu ilk növbədə, xarici dairələr oynayır. Çünki Vaşinqton platformasında və Brüssel formatı çərçivəsində Qərbin Azərbaycanın maraqlarından çıxış etməsi regionda geosiyasi konyukturun dəyişməsini qaçılmaz edir.

Paralel olaraq, ABŞ-ın və Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində sülh sazişini imzalamaq üçün Ermənistan hökumətinə təzyiq etməsi prosesdən kənarlaşdırılan Rusiya, Fransa kimi dövlətləri qane etmir. Ona görə də erməni separatçılarının Qarabağda törətdiyi təxribatların arxasında Kremlin və rəsmi Parisin dayandığı şübhə doğurmur.

Eyni zamanda, Qərbin Azərbaycanın ərazi bütövlüyünü və qondarma rejimin ləğvi ilə bağlı təklifi dəstəkləməsi separatçı dəstəni qorxuya salıb.

Bu səbəbdən, Xankəndidə keçirilən mitinqlər və iyulun 18-dən etibarən oturaq aksiyalara başlanılması əslində mövcudluğuna son verilən separatçılığın özünümüdafiə instinktidir. Şüursuz şəkildə baş verən müqavimət siyasi çaşqınlıq yaratdığı üçün rejimin daxilindəki kriminal və terrorçu qruplar bir-birinə hücum edir. Hər kəs beynəlxalq ictimaiyyət tərəfindən lazımsız əşya kimi zibil yeşiyinə atıldığına görə bir-birini ittiham edir.

Separatçıların əsas fəallarından biri Vitali Balasanyanın döyülərək həbs edilməsi, sonra sərbəst buraxılması, uydurma rejimin rəhbəri Araik Arutyunyanın qorxuya düşərək ermənilərə müraciət etməsi, Rusiyanın emissarı Ruben Vardanyanın fəallaşması həm də qruplararası qarşıdurmanın nəticəsidir. Qarabağda yaranmış gərginlik isə Ermənistan hakimiyyətinə sülh sazişindən yayınmaq üçün manevr imkanı yaradır.

DİA.AZ-ın məlumatına görə, İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədri Qafar Çaxmaqlı Cebhe.info-ya açıqlamasında bildirib ki, Qarabağda baş verən təxribatlar sülh prosesinin reallaşmasına mane olur. Ona görə də Azərbaycanın antiterror əməliyyatı keçirəcəyi istisna edilmir:

“Qarabağda həm separatçılar arasında ziddiyyət var, həm də bu hadisələr Azərbaycanın Qarabağdakı erməni vətəndaşlarla təmasları ilə bağlıdır.

Yəni qondarma rejimin rəhbərliyində olan bir qrup Azərbaycanla təmasların əleyhinə çıxır. Başqa ölkələrdəki erməni diasporu da Qarabağda yaşayan ermənilərin Azərbaycana reinteqrasiyanın əleyhinədir. Bundan əvvəl Ruben Vardanyan Qarabağa Rusiyanın emissarı kimi gəlmişdi. İndi Samvel Babayan Xankəndidədir və Azərbaycanla dialoq təklif edir. Ancaq o da separatçı qurumun keçmiş rəhbərlərindən biri kimi bildirir ki, Qarabağ Azərbaycanın tərkibində olmayacaq. Bəzi qruplar Qarabağın erməni sakinlərinin təhlükəsizliyinin və hüquqlarının təminatı üçün beynəlxalq mexanizmlərin tətbiqini, həmçinin danışıqlar yolu ilə Laçın-Xankəndi yolunun açılmasını təklif edirlər.

Amma onların arasında küçə müxalifəti də var ki, onların heç bir siyasi çəkisi olmasa da yürüş və mitinqlər təşkil edirlər. Onlar “Qarabağı müdafiə komitəsi” adlı separatçı qurum da yaradıblar. Hətta bu qurumun Qarabağda yaşayan erməniləri gələcəkdə silahlandırıb Azərbaycana qarşı müqavimət təşkil edəcəyi irəli sürlür. Ona görə də terrorçu rejimin rəhbərliyində fikir ayrılıqları var. Araik Arutyunyan Azərbaycanla razılaşmalarda iştirak etmiş Vitali Balasanyanı özünün “hakimiyyəti” üçün təhlükə hesab edir. Bu səbəbdən onu həbs etmişdilər”.

Ekspert bildirib ki, hazırda Xankəndidə vəziyyət gərgindir:

“Qarabağdakı ermənilər Ermənistanın birbaşa yardımından məhrum olduğundan, rəsmi İrəvan da vəziyyətə müdaxilə edə bilmir. Ona görə də Paşinyan Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşündə Araik Arutyunyanın məktubunu Şarl Mişelə təqdim etdi. Ermənilər reinteqrasiya prosesi zamanı Azərbaycanın erməni silahlı birləşmələrini Qarabağdan çıxaracağından narahatdır.

Bu tədbirlərin təməli artıq Brüsseldə atılıb. Çünki Brüssel danışıqlarında əsas mövzulardan biri silahlı birləşmələrin Qarabağdan çıxarılması olub. Yəqin ki, Azərbaycan bununla bağlı Ermənistana vaxt verəcək. Əgər bu müddətdə qarşı tərəf tələbi yerinə yetirməsə, Azərbaycan antiterror əməliyyatı keçirə bilər. Bununla bağlı Qarabağdakı ermənilər arasında gərginlik var. Dünyada gedən proseslər də bizi bu addımı atmağa vadar edir.

Yəni həm Ukraynadakı vəziyyət, həm Türkiyənin Rusiya ilə münasibətlərindəki son korrektələr Azərbaycanın Qarabağda lazım olan tədbirləri həyata keçirməsini zəruri edir. Qarabağdakı gərginlik və qarşıdurmalar Azərbaycanın öz ərazisində belə təxribatların qarşısını almaq üçün suveren hüquqlarından istifadə edərək tədbirlər görməsi üçün əsas yaradır”.

Qafar Çaxmaqlının sözlərinə görə, Qarabağda baş verən gərginlik fonunda sülh prosesini irəli aparmaq çətin olacaq:

“Çünki ermənilər öz hüquqları və təhlükəsizliyinin təmin olunmasının vacibliyi məsələsini qaldırırlar. Azərbaycan da rəsmən bəyan edib ki, öz vətəndaşlarının hüquq və təhlükəsizliyini təmin edəcək. Lakin bu olaylar göstərir ki, Ermənistanın özü də sülhə yaxın deyil. Yəni sülh prosesinə zərbə vurmaq üçün cəhdlər olacaq. Onlar hay-küy qaldırmağa çalışacaq ki, guya Qarabağda humanitar faciə yaşanır.

Halbuki, Azərbaycan təklif edib ki, ermənilər lazım olan ərzağı və digər məhsulları Ağdam-Xankəndi marşrutundan istifadə etməklə ala bilərlər. Amma vəziyyəti gərginləşdirmək üçün ermənilər buna razı olmayacaqlar. Bu təxribat da sülh danışıqlarına zərbə vuracaq. Ona görə də müzakirələr hələ uzun sürəcək. Tərəflər sülh sazişinə hazır olmalıdır. Ermənistan isə bu prosesə problem yaratmağa çalışır. Xankəndinin mərkəzində aklsiyalar keçirməklə hadisələri 1988-1989-cu illərdəki vəziyyətə gətirmək istəyirlər. Ona görə də gərginlik davam edə bilər”.


Вернуться назад