Главная > Siyasət > İrəvan Bakının sülh şərtlərini niyə "artırdı": ABŞ Qafqazda NATO-nu Rusiyanın önünə çıxarır
İrəvan Bakının sülh şərtlərini niyə "artırdı": ABŞ Qafqazda NATO-nu Rusiyanın önünə çıxarır14-07-2023, 09:43. Разместил: admin |
ABŞ və Qərb Ermənistanı ciddi şəkildə sıxışdırır, indi rəsmi İrəvan Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun beş şərti əsasında yekun sülh sazişini imzalamağa məcburdur... Ağ Evin rəsmi İrəvandan Rusiya bazasını NATO təlim bölmələri ilə əvəzləmək tələbi isə Ermənistana yaxın gələcəkdə Rusiya ilə qorxunc qarşıdurma dövrü vəd edir... Cənubi Qafqazda ABŞ və Qərbin Rusiya ilə geopolitik savaşı artıq son həddə qədər intensivləşib. Hətta hesab etmək olar ki, bu geopolitik savaş indi son mərhələyə qədəm qoyub. Ona görə də, yaxın vaxtlarda bu regionda yeni dövrün başlanma ehtimalı kifayət qədər yüksəkdir. Nə qədər qəribə də olsa, dünya nəhənglərinin regional savaşı hazırda məhz Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi üzərində indeksləşib. Rusiya regional sülh prosesini pozulmasına, gərginliyin artırılmasına, silahlı toqquşmaların törədilməsinə çalışır. Kremlin Cənubi Qafqazda mövqelərini qorumaq üçün başqa alternativ mexanizmləri mövcud deyil. ABŞ və Qərb isə Rusiyadan fərqli olaraq, Cənubi Qafqazda sülh prosesinin uğur qazanmasına cəhd göstərir. Çünki məhz Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması Rusiyanın regiondan çıxarılmasını təmin edə biləcək əsas faktor hesab olunur. Və bu baxımdan, xüsusilə də, ABŞ sülh danışıqlarının intensiv xarakter alması üçün vasitəçilik missiyasını öz üzərinə götürüb. Son vaxtlar ardıcıl olaraq, baş verən hadisələr dünya nəhənglərinin regional savaşında mövcud situasiyanı ortaya çıxarır. Belə ki, ABŞ-ın İrəvandakı səfiri Kristina Kvinin Qarabağ ermənilərinin Azərbaycanın tərkibində təhlükəsiz yaşaya biləcəklərini bəyan etməsi Paşinyan hakimiyyətini ciddi şəkildə narahat etmişdi. Ona görə də baş nazir Nikol Paşinyan dərhal prezident Vladimir Putinə telefonla zəng edərək, Rusiyanın Ermənistana verə biləcəyi dəstək təminatının əhatə dairəsini dəqiqləşdirməyə çalışdı. Və böyük ehtimalla Kreml sahibindən müəyyən cəlbedici vədlər də almağa nail oldu. 3d107a676f63b4b95b2c610cfc9a996f.jpg (196 KB) Ancaq sonra məlum oldu ki, ABŞ və Qərb Ermənistana növbəti dəfə manipulyativ manevrlər etmək imkanı tanımaq niyyətində deyil. Belə ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-a çağırıldı. Ona müəyyən xəbərdarlıqlar olundu. Rəsmi İrəvanın davranışlarının Ermənistan üçün doğura biləcəyi hərbi-siyasi nəticələr izah edildi. Və Armen Qriqoryan ABŞ-dan qayıtdıqdan sonra dərhal Rusiya əleyhinə açıqlamalar verməli oldu. İndi rəsmi İrəvan ABŞ və Qərbin vasitəçiliyi ilə sülh danışıqlarının növbəti mərhələsinə hazırlaşmaq məcburiyyətində qalıb. Ermənistan baş naziri Nikol Paşinyan artıq bəyan edib ki, iyulun 15-də Brüsseldə Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Və bu, o deməkdir ki, rəsmi İrəvanın sülh danışıqlarından yayınmaq cəhdləri indi daha qətiyyətlə bloklanır. ABŞ Dövlət Departamentindən verilən açıqlamada isə vurğulanır ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi çox yaxındır, razılaşma əldə oluna bilər. ABŞ rəsmi dairələri belə açıqlama verirsə, deməli, sülh prosesi artıq taleyüklü mərhələyə yaxınlaşır. Çünki Ağ Ev ABŞ-ın beynəlxalq imicini riskə atacaq situasiyanın yaranmasına heç bir halda, imkan verməz. Və bu, o deməkdir ki, Paşinyan hakimiyyətinin ABŞ-ın vasitəçilik missiyasına zərbə vuracaq hər hansı təxribata cəsarət etməz. Maraqlıdır ki, Azərbaycan Prezidenti İlham Əliyev də bu ilin sonuna qədər yekun sülh sazişinin imzalana biləcəyini istisna etməyib: “Bizim sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Hesab edirəm ki, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər". Belə anlaşılır ki, rəsmi Bakı ABŞ və Qərbin sülh prosesindəki vasitəçilik missiyasından məmnundur. Yəni hələlik bu platformada baş verənlər Azərbaycanı ümumi şəkildə qane edir. Çünki rəsmi Bakı da ABŞ və Qərb kimi, sülh prosesinin ən qısa zamanda müsbət nəticələr ilə sona çatdırılmasında maraqlıdır. Və buna əngəl törətməyə çalışanlara sərt xəbərdarlıq mesajları verməkdən də qətiyyən çəkinmir. c4590da1c5ba5cc40b26310c692772ef.jpeg (106 KB) Məsələ ondadır ki, Prezident İlham Əliyevin açıqlamasında bəzi beynəlxalq ünvanlara xitabən xəbərdarlıq məqamı da yer alır. Dövlət başçısı vurğulayıb ki, heç kim Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə danışa bilməz: "Hesab edirəm ki, bundan sonra belə cəhdlər də olmayacaq". Bu xəbərdarlıq mesajlarının ilk növbədə Rusiya, Fransa və rəsmi Parisin nəzarəti altında olan Avropa Parlamentiinə ünvanlandığı qətiyyən şübhə doğurmur. Çünki Rusiyada bəzi siyasi dairələr son vaxtlar Azərbaycana yönəlik ittihamlar irəli sürməyə başlayıblar. Fransa isə Rusiya ilə ortaq şəkildə Cənubi Qafqazda sülh prosesini pozmağa çalışır. Avropa Parlamentinin ermənipərəst mövqe tutduğu da heç kəsə sirr deyil. Və indi rəsmi Bakı Azərbaycanı hədəfə almağa çalışırlara "həddinizi bilin" mesajı verir. Bütün bunları nəzərə aldıqda, 15 iyulda keçiriləcək Brüssel görüşünün regional sülh prosesində bir çox qaranlıq məqamlara aydınlıq gətirə biləcəyi qətiyyən istisna deyil. Ermənistan mətbuatı isə Brüssel görüşü ərəfəsində Azərbaycanın rəsmi İrəvana qarşı 7 şərt irəli sürdüyünü iddia edir. Həmin şərtlərin sırasında sülh müqaviləsinin ilin sonuna qədər və yalnız Vaşinqtonda imzalanmasının tələb edildiyi bildirilir. Halbuki, rəsmi Bakı sülh sazişinin mümkün qədər tez bir zamanda imzalanmasında maraqlı olsa da, onun harada reallıqdasa biləcəyi Azərbaycan üçün prinsipial önəm daşımır. Yəni, sülh sazişi Vaşinqtonda və ya Brüsseldə imzalana bilər. Və rəsmi Bakı belə məsələləri problemə çevirmək niyyətindən uzaqdır. Anklavlar məsələsinə gəldikdəsə, Ermənistan istənilən halda, həmin əraziləri Azərbaycana qaytarmağa məcburdur. Ermənistanın Qarabağla bağlı bütün uydurma iddialarından imtina etməsi isə qaçılmazdır. Rəsmi İrəvanın Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliyini yerinə yetirməsi də vacibdir. Bu dəhlizin məhz Beynəlxalq Gömrük Təşkilatının nəzarəti altında fəaliyyət göstərməsi də tamamilə məntiqlidir. Çünki beynəlxalq xarakter daşıyan bir dəhlizinin hər hansı dövlətin, o cümlədən, Rusiyanın nəzarətində fəaliyyəti yolverilməzdir. 814e4a1f24910383014a04866e883c48.jpg (256 KB)Rəsmi İrəvana yönəlik iddia olunan şərtlərin sırasında Ermənistanın üzərinə 2026-cı ilə qədər Rusiya bazasını çıxarılması öhdəliyinin qoyulması müəyyən maraqlı məqamlardan xəbər verir. Çünki Ermənistandan Rusiya bazasının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində NATO-nun təlim bölmələri ilə əvəz olunması tələb olunur. Və bunun rəsmi Bakı tərəfindən irəli sürülmüş tələb olduğuna yalnız sadəlövhlər inanar. Məsələ ondadır ki, Rusiya bazası Ermənistanda rəsmi İrəvan və Kreml arasında anlaşma ilə yerləşdirilib. Bu mövzu Rusiya və Ermənistana aid məsələdir. Rəsmi Bakı vaxtını özünə aid olmayan mövzulara sərf etməyə həvəs göstərməz. NATO təlim bölmələri ilə bağlı iddia isə bu mövzunun rəsmi İrəvan tərəfindən uydurulduğundan şübhələnməyə əsas verir. Çünki Azərbaycan NATO-nun üzvü deyil və bu hərbi-siyasi alyansın hərbi kontingentinin Ermənistanda yerləşdirilməsi ilə bağlı hər hansı mövzunu öz strateji hədəfləri sırasına daxil etməz. Böyük ehtimalla bu, ya rəsmi İrəvan tərəfindən Rusiyanın qıcıqlandırılması üçün uydurularaq, ortaya atılıb. Ya da ola bilər ki, bu tələb ABŞ və Qərb tərəfindən Ermənistanın qarşısına çıxarılıb. Rəsmi İrəvan isə bunu elə indidən Azərbaycanın şərti kimi gündəmə gətirməklə, ictimailəşdirməyə çalışır. Və böyük ehtimalla Rusiyanın mümkün qəzəbini özündən uzaqlaşdırmağa çalışır. Bütün bunlar onu göstərir ki, ABŞ və Qərb Ermənistanı ciddi şəkildə sıxışdırmağa başlayıb. İndi rəsmi İrəvan həm Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun beş şərti əsasında yekun sülh sazişini imzalamağa məcburdur. Həm də sonrakı mərhələdə ABŞ və Qərbin tələbi ilə Rusiya bazasını NATO təlim bölmələri ilə əvəzləməyin mümkün variantlarını axtarıb, tapmalıdır. Və bu, Ermənistanı yaxın gələcəkdə Rusiya ilə ciddi qarşıdurma dövrünün gözlədiyi anlamına gəlir.(musavat.com) Вернуться назад |