Главная > Siyasət > Əliyev şərtlərini ABŞ, Avropa və Rusiyaya qəbul etdirdi: İyunun 1-də Kremlə Qafqazın “çıxış qapısı” göstəriləcək
Əliyev şərtlərini ABŞ, Avropa və Rusiyaya qəbul etdirdi: İyunun 1-də Kremlə Qafqazın “çıxış qapısı” göstəriləcək27-05-2023, 10:00. Разместил: admin |
Moskva görüşündən Rusiyanın Cənubi Qafqazdakı sülh prosesində artıq elə bir ciddi rolu qalmadı, ABŞ və Qərb Kremlin regional vasitəçi statusunu əlindən alıb, ləğv etdi... Əgər, iddia olunduğu kimi, yaxın vaxtlarda – iyunun 1-də Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanarsa, həmin sənəd həm də Rusiyanın Cənubi Qafqazdan çıxarılmasına hüquqi baza yaradan anlaşmaya da çevrilə bilər... Cənubi Qafqaz Rusiyanın əlindən “sürüşüb”, çıxır. Moskvada keçirilən üçtərəfli görüşün yekun nəticələrini belə xarakterizə etmək daha doğru yanaşma olardı. Bu görüşdən qısa müddət öncə Azərbaycan və Ermənistan rəsmi dairələri əvvəlcə Vaşinqtonda, ardıncasa, Brüsseldə müzakirələr aparmışdılar. Və bu iki görüşdə olduqca ciddi nəticələr əldə olunmuşdu, sülh prosesi önəmli məsafə qət etmişdi. Təbii ki, Cənubi Qafqazda sülh prosesinin belə sürətlə inkişaf etməsi Kremldə ciddi narahatlıq və çaşqınlıq yaratmışdı. Kreml bir tərəfdən sülh prosesinin bu sürətli inkişafı ilə ayaqlaşa bilmirdi, digər tərəfdənsə, alternativ vasitəçilik konsepsiyasina sahib deyildi. Yəni, Rusiyanın regional sülh prosesində təsir göstərmək imkanları tükənmişdi. Halbuki, Vaşinqton və Brüssel görüşlərindən sonra Rusiyanın danışıqlar masasında qala bilməsi üçün Kremlin hansısa təkliflər irəli sürməsi, heç olmasa, bir sənədin imzalanmasına nail olması böyük önəm daşıyırdı. Ancaq bu, baş vermədi. Prezident Vladimir Putinin vasitəçiliyi ilə keçirilən üçtərəfli görüş cəmisi 20 dəqiqə çəkdi və hər hansı sənəd imzalanmadı. Halbuki, bu görüşə qədər Rusiyanın iştirakı ilə Azərbaycan və Ermənistan arasında iki sənədin razılaşdırıldığı iddia olunurdu. Böyük ehtimalla üçtərəfli görüşdən öncə keçirilmiş Avrasiya İqtisadi İttifaqının toplantısında baş verənlər Rusiyanın vasitəçilik missiyasının taleyini birdəfəlik həll etdi. Məsələ ondadır ki, Azərbaycan Prezidenti İlham Əliyev çox diplomatik şəkildə Ermənistan baş naziri Nikol Paşinyanın ənənəvi tezislərini darmadağın etdi. Erməni baş nazir isə vəziyyətdən çıxmaq üçün Ukrayna savaşında zəifləyib, aciz duruma düşmüş Rusiyanı suçladı. Kremlin üçtərəfli anlaşmaların icrasını təmin edə bilmədiyini qabartmaqla, Cənubi Qafqazda yaranmış durumun siyasi məsuliyyətini Rusiyanın üzərinə yüklədi. Onu da qeyd edək ki, baş nazir Nikol Paşinyan Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını növbəti dəfə təkrarlamaqla, Kremlin regional maraqlarına və planlarına sarsıdıcı zərbə vurdu. Çünki erməni baş nazir bu açıqlamanı əvvəllər də dilə gətirmiş olsa da, indi ilk dəfə olaraq, məhz Azərbaycan və Rusiya prezidentlərinin qarşısında rəsmən səsləndirmiş oldu. Və böyük ehtimalla bu, Brüssel görüşündə Azərbaycan liderinin erməni baş nazir qarşısında qoyduğu tələblərdən biri olub. Xatırladaq ki, baş nazir Nikol Paşinyan Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını əvvəlcə Avropa məkanında, ardınca erməni toplumu qarşısında, bu dəfə isə Kremlin tarixi divarları qarasında elan etdi. Nəticədə Azərbaycanın diqtəsi altında inkişaf edən sülh prosesinin hədəf dairəsi böyük ölçüdə qapanmış oldu. Yəni, rəsmi Bakı “Qarabağ Azərbaycandır” həqiqətini əvvəlcə Ermənistana, ardıncasa, erməni baş nazirin təqdimatında ABŞ-a, Avropaya və Rusiyaya qəbul etdirmiş oldu. Təbii ki, erməni baş nazirin bu yekun açıqlamsından sonra Kremlin müqavimət göstərməsi üçün heç bir müdaxilə mexanizmi və ya faktoru qalmadı. Ona görə də, Kreml sahibi Vladimir Putin “Əgər, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, Rusiya bunun əleyhinə deyil. Deməli, sülh sazişinin imzalanması qarşısında olan əsas əngəl artıq aşılıb” deməyə məcbur oldu. Və nəticədə üçtərəfli Moskva görüşündə Kremlin sülh prosesinin pozulmasına hesabladığı hansısa yeni sənədin imzalanmana da ehtiyac qalmadı. Göründüyü kimi, Rusiya Cənubi Qafqazdakı sülh prosesində Ermənistanla yanaşı, əsas məğlub tərəf durumuna düşüb. Düzdür, Kreml sülh prosesini poza biləcəyindən hələ də ümidini tam üzməyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalana biləcəyi vaxtla bağlı müəmmalı açıqlama verib. O, bildirib ki, bu, mümkündür, ancaq “zaman arxasınca qaçmağa” da ehtiyac yoxdur. Deyəsən, bu dəfə Kreml təmsilçisi vəziyyəti düzgün qiymətləndirməkdə çətinlik çəkir, səhvə yol verir. Çünki indi hamıdan daha çox Rusiyanın “zaman arxasınca qaçmağa” ehtiyacı var. Hər halda, Kremlin nə zamana, nə də Cənubi Qafqazdakı sülh prosesinin inkişaf sürətinə yetişə bilmədiyi inkaredilməz reallıqdır. Və indiki situasiyada Kreml üçün ən doğru variant regional sülh prosesini pozmağa çalşıdığını, ancaq bacarmadığını etiraf etməsi ola bilər. Məsələ ondadır ki, son məlumatlara görə, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi bir neçə gün sonra – iyunun 1-də Avropa ölkələrinin Kişinyovda keçiriləcək siyasi sammitində imzalana bilər. Həmin gün Azərbaycan, Ermənistan, Almaniya və Fransa liderlərinin görüşünün olacağı iddia edilir. Azərbaycanın Fransadakı səfiri də bunu təsdiqləyib və sülh sazişinin məhz həmin görüşdə imzalanma ehtimalının mövcudluğunu vurğulayıb. Göründüyü kimi, Rusiyanın regional sülh prosesində artıq elə bir ciddi rolu yoxdur. ABŞ və Qərb bu prosesdə əsas vasitəçi rolunu Rusiyanın əlindən alıb. Əgər, ABŞ və Qərb iddia olunduğu kimi, yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olarsa, bu, o deməkdir ki, Rusiyanın Cənubi Qafqazdan çıxarılması prosesinin başladılmasına da o qədər də çox qalmayıb. Bu baxımdan, regional sülh sazişi, həm də Rusiyanın Cənubi Qafqazı tərk etməsinə hüquqi baza yaradan anlaşmaya da çevrilə bilər.(Yeni Müsavat) Вернуться назад |