Главная > Siyasət / Gündəm > Şuşaya çəkilən yol - İşığın qaranlıq üzərində qələbəsi
Şuşaya çəkilən yol - İşığın qaranlıq üzərində qələbəsi13-02-2023, 13:21. Разместил: admin |
Müstəqillik qazanandan bəri Azərbaycan böyük uğurlara imza atıb, ölkə böyük bir inkişaf yolu keçib. Bu müddət ərzində Qarabağ, əvvəllər xəritədə qeyd olunduğu kimi, elə qara rəngdə qalmaqda davam edirdi. Bəli, inkişaf etmiş, çiçəklənmiş Azərbaycanın içində Qarabağ yox idi, onu da qaytardılar, Vətən bütövləşdi, Azərbaycan "qara ləkədən” qurtuldu. Bayraq sancılandan sonra ilk iş ölkə Prezidentinin ora yol çəkməyə əmr verməsi oldu: "Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır”. Müəyyən mənada bunu Azərbaycanın öz taxt-tacını qaytarmağa da bənzətmək olar. Ali Baş Komandan onu da vurğulayır: "Bu gün bu gözəl təməlqoyma mərasimi böyük rəmzi məna daşıyır. Biz işğaldan azad edilmiş Füzuli şəhərindən və ona qədər olan kəndlərdən Füzuli şəhərinə qədər və Füzuli şəhərindən Şuşa şəhərinə yeni yol çəkirik. Bu yol heç vaxt olmayıb. Azərbaycan vətəndaşları yəqin bilirlər ki, Şuşaya sovet vaxtında yol Ağdam ərazisindən gedirdi - Ağdam-Xankəndi-Şuşa yolu. İndi bu yoldan istifadə etmək hələ ki, mümkün deyil”. Əslində, Şuşaya çəkilən yol özündə bir çox məna kəsb edir. Yaxın keçmişə baxanda bu, 2016-cı ildə Cocuq Mərcanlıya çəkilmiş yolun davamı kimi görünür. Uzaq keçmişə baxanda isə, bu, Ana Torpaq yolunda xalqını öz ətrafında yumruq kimi birləşdirən, həm sözü, həm də qılıncı ilə vuruşan, Vətənin bir qarışını belə düşmənə verməyən, Vətənin hər daşını müqəddəs bilən və onun paklığını qoruyan sərkərdələrin yolunu görmək mümkündür. Bu yol Xalqının ruhunu tanıyan, bu ruhu əziz bilən Liderin yolunun davam etməsidir. Məhz xalqının tarixini, onun şərəfli səhifələrini, xalqının bacarığını nəzərdə tutan Ali Baş Komandan deyir ki, "Bu Qələbə bizim xalqımıza yaraşır, igid oğullarımıza yaraşır, dövlətimizə yaraşır və bu Qələbə gücümüzü göstərdi”. Şuşaya çəkilən yolun daha bir rəmzi mənası da var. Zəfər bayrağını Qarabağda qaldıran İlham Əliyev deyir: "Bu 44 gün ərzində demək olar ki, müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan müxtəlif təzyiqlər, təhdidlər olurdu, sifarişlər, mesajlar, siqnallar göndərilirdi. Mən demişdim ki, heç kim bizim qabağımızda dura bilməz, sona qədər gedəcəyik”. Bəli, ilk gündən dövlət başçısı vurğulayırdı ki, bizim yolumuz haqq yoludur. Prezidentdən müsahibə götürən hər jurnalistə, hər nümayəndəyə təkrar-təkrar çatdırırdı ki, Azərbaycan öz ərazilərində ədalətin bərpası üçün vuruşur və bizi bundan heç kim döndərə bilməz. Şuşaya çəkilən yol məhz həmin Yoldur - heç bir qara qüvvənin mane ola bilmədiyi, heç bir hədədən çəkinmədən sona qədər davam edən müqəddəs Haqq yolu. Məhz bu yolun verdiyi güc, qüdrət Azərbaycan xalqına zəfər çalmaqda, müqəddəs torpağına qayıtmağa imkan verdi. Ali Baş Komandanın dediyi kimi: "Haqq-ədalət zəfər çaldı. Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Düşmənin beli qırıldı. Düşmən torpaqlarımızdan qovuldu. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”. 44 günlük Zəfər yürüşünün müəllifləri Müzəffər Ali Baş Komandanımız və rəşadətli ordumuzdur Mahmud Bağırov Masallı rayon Yol İstismarı İdarəsinin rəisi Вернуться назад |