Главная > Siyasət > Paşinyanın səhvi “yalvarış dövrü”nü yaxınlaşdırır: Bakı İrəvana daha bir “ATƏT zərbəsi” vurdu
Paşinyanın səhvi “yalvarış dövrü”nü yaxınlaşdırır: Bakı İrəvana daha bir “ATƏT zərbəsi” vurdu10-12-2022, 09:00. Разместил: admin |
Cəmisi bir neçə həftə öncə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “böyük siyasi-diplomatik qələbə” kimi qabartmağa çalışdığı “nailiyyət” də öz əhəmiyyətini tamamilə itirdi... Əvvəlcə Fransanı Cənubi Qafqazdan kənarlaşdıran rəsmi Bakı bu dəfə büdcəsini blokladığı ATƏT-in Ermənistana göndərilən “müşahidə missiyası”ndan imtina etməsinə də nail oldu... Ermənistan son davranışları ilə Cənubi Qafqazda təklənmiş vəziyyətə düşməyə başlayıb. Xüsusilə də, rəsmi İrəvan dekabrın 7-də keçirilməsi planlaşdırılan növbəti Brüssel görüşünü pozmaqla, kifayət qədər ciddi geopolitik səhvə yol vermiş oldu. Hər halda, rəsmi İrəvan Ermənistanı sülhə aparıb, blokadadan çıxara biləcək önəmli bir beynəlxalq platformanı itirmək təhlükəsi qarşısında qaldı. Bunun əvəzindəsə, demək olar ki, rəsmi İrəvanın siyasi-diplomatik aktivinə hər hansı əlavə dividentlər yazılmadı. Çünki Fransa prezidenti Emmanuel Makron Brüssel prosesinin iştirakçısı deyildi. Və Ermənistan baş naziri Nikol Paşinyanın Brüssel görüşündə iştirak etmək üçün Fransa prezidentinin də qatılmasını əsas şərt kimi irəli sürməsi rəsmi İrəvanı sülh prosesini pozan tərəf durumuna saldı. Halbuki erməni baş nazir də bilirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev Fransa dövlət başçısı E.Makronun bundan sonra Cənubi Qafqazdakı sülh prosesində iştirak edə bilməyəcəyini elə əvvəlcədən bəyanlamışdı. Brüssel prosesinə vasitəçilik edən Avropa Birliyi də bu reallıqdan xəbərdar olduğundan rəsmi Bakıya qarşı hər hansı irad bildirmək şansına sahib deyildi. Və bu, əslində, Brüssel görüşünü pozmaq niyyəti güdən rəsmi İrəvan üçün nailiyyət deyil, daha çox məğlubiyyət xarakteri daşıyan ciddi səhv sayıla bilər. Məsələ ondadır ki, rəsmi İrəvanın günahı ucbatından yaxın bir neçə ay ərzində Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması artıq o qədər də inandırıcı görünmür. Bunun əvəzindəsə, regionda hərbi-siyasi gərginlik tədricən yüksəlməkdə davam edir. Hər halda, sülh danışıqlarının alternativinin hərbi qarşıdurma olduğunu anlamaq o qədər də çətin deyil. Ancaq Ermənistanın “Makron qalmaqalı” sayəsində öz hədəflərinə çata bildiyini düşünməyə əsas verə biləcək hər hansı məqam da diqqəti çəkmir. Belə ki, rəsmi İrəvan sülh prosesini pozmaqla və yaxud da ləngitməklə, hələ də Ermənistanın xarici himayədarlarının Cənubi Qafqazdakı situasiyaya müdaxilə edə biləcəklərinə, vəziyyəti daha fərqli istiqamətdə dəyişəcəklərinə ümid bəsləyir. Halbuki son dövrlərdə baş verən hadisələr Paşinyan hakimiyyətinin bu ümidlərinin doğrulma ehtimalının olmadığını təsdiqləyir. Digər tərəfdən, Rusiya da Cənubi Qafqazda sülh prosesinin uğur qazanmasında maraqlı deyil. Ona görə də, Kreml Rusiyanın regional mövqelərini qoruyub, saxlaya bilməsi üçün Azərbaycan və Ermənistan arasında hərbi-siyasi gərginliyin qalması istiqamətində əlindən gələn hər şeyi edir. Yəni, Rusiya da Cənubi Qafqazdakı sülh prosesi qarşısında əsas əngəlləyici faktorlardan biri rolunu oynayır. Ancaq Paşinyan hakimiyyəti istənilən halda, Azərbaycanla sülh sazişini imzalamağa məcbur qalacaq. Çünki Ermənistanın beynəlxalq himayədarları artıq Cənubi Qafqazdakı geopolitik proseslərə təsir göstərmək imkanında deyillər. Ermənistanın “böyük bacısı” Fransa bu məsələdə iflasa uğramış vəziyyətə düşüb. Fransanın açıq ermənipərəst mövqeyi hazırda elə Ermənistanın əleyhinə yönəlməyə başlayıb. Çünki əvvəllər rəsmi Paris öz ermənipərəst mövqeyini nisbətən pərdələməklə, ən azından Minsk Qrupunun həmsədri kimi Cənubi Qafqazdakı geopolitik proseslərdə iştirak edə bilirdi. Son vaxtlarsa rəsmi Paris özünü ifşa etdiyindən Fransa Azərbaycan tərəfindən regional sülh prosesindən kənarlaşdırılıb. Yəni, daha heç vaxt Fransa Azərbaycan və Ermənistan arasındakı sülh prosesində danışıqlar masası arxasında ola bilməyəcək. Və bu, o deməkdir ki, Ermənistan Fransanın "böyük bacı" dəstəyindən artıq məhrum edilib. Məsələ ondadır ki, rəsmi İrəvanın ümid bəslədiyi ATƏT-ın Minsk Qrupu da daha yoxdur. Rusiya Xarici İşlər Nazirliyinin təmsilçisi Mariya Zaxarova Minsk Qrupunun dəfn olunduğunu açıq mətnlə rəsmən bəyan edib. İndi Ermənistanın rəsmi dairələri bundan sonra ABŞ, Rusiya və Fransanın Cənubi Qafqaza göndərdiyi “siyasi-diplomatik emissarları” hansı əsasla Minsk Qrupunun təmsilçisi kimi təqdim edəcəyi də maraq doğurur. Nəhayət, cəmisi bir neçə həftə öncə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “böyük siyasi-diplomatik qələbə” kimi qabartmağa çalışdığı “nailiyyət” də öz əhəmiyyətini tamamilə itirib. Belə ki, ATƏT tərəfdən Ermənistana göndərildiyi iddia edilən "müşahidə missiyası" da iflasa uğradıldı. Üstəlik, Azərbaycan bunu edərkən, elə bir ciddi çətinliklə də üzləşmədi. Rəsmi Bakı ATƏT-in "müşahidə missiyası"nın Ermənistana riayət olunması vacib hüquqi prosedurlar üzrə qərar qəbul edilmədən göndərildiyini arqumentləşdirdi. Ardınca isə Azərbaycan öz səlahiyyətlərindən istifadə edərək, ATƏT-ın qanunsuz davranışına cavab kimi, bu qurumun 2023-cü il üçün büdcəsini blokladı. Nəticədə ATƏT-ın fəaliyyəti iflic vəziyyətinə düşmək təhlükəsi ilə üzləşdi. İndi ATƏT artıq rəsmən bəyan edib ki, Ermənistana göndərilmiş "müşahidə missiyası"nın bu quruma heç bir aidiyyatı yoxdur. Belə vəziyyətdə Ermənistan üçün Azərbaycanın təklif etdiyi beş prinsip çərçivəsində sülh sazişi imzalamaqdan başqa çıxış yolu qalmır. Bundan sonra rəsmi İrəvan yalnız Azərbaycanın hazırladığı sülh sazişinin mətni ilə barışmalı olacaq. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanla mövqelərin hələ bir-birindən uzaq olduğunu bildirməsi də artıq ciddi əhəmiyyət daşımır. Çünki Azərbaycan ordusu həmin mövqeləri bir-birinə yaxınlaşdırmağa qadirdir. Və istənilən vaxt bunu qısa müddətdə edə bilər.(Yeni Müsavat) Вернуться назад |