Главная > Siyasət / Gündəm > Səttar Möhbalıyev: “Zəngilanda hava limanının açılması bölgənin parlaq gələcəyinin müjdəsidir”
Səttar Möhbalıyev: “Zəngilanda hava limanının açılması bölgənin parlaq gələcəyinin müjdəsidir”21-10-2022, 18:14. Разместил: admin |
“Azərbaycan xalqının qəhrəmanlıq dastanı olan “Dəmir yumruq” əməliyyatının əhəmiyyətli hissələrindən biri də Zəngilanın Ermənistan işğalından azad olunmasıdır. Bu, Vətən müharibəsi dövründə Silahlı Qüvvələrimizin həyata keçirdiyi ən sürətli və qısa zamanda zəfərlə başa çatan əməliyyatı kimi Zəfər tariximizin parlaq səhifəsidir. Zəngilanın erməni işğalçılarından təmizlənməsi düşməni xeyli sarsıtdı, təcavüzkar orduda ruh düşkünlüyünü artırdı, məğlubiyyətlərini sürətləndirdi. Azərbaycan Ordusunda və xalqında isə qələbəyə olan inamı möhkəmləndirdi, digər rayonlarımızın da işğaldan qurtarılmasına yol açmış oldu. Bu məqamda mən əməliyyatın əsas iştirakçısı olan Sərhəd Qoşunlarımızın fədakarlığını xüsusi qeyd etmək istərdim. Onlar göstərdikləri şücaətlə bir daha təsdiqlədilər ki, Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növləri və birləşmələri peşəkar səviyyədə istənilən əməliyyatı uğurla başa çatdırmağa qadirdirlər. Sərhədçilərimizin yüksək döyüş qabiliyyəti və əzmkarlığı sayəsində İranla dövlət sərhədimiz bərpa edildi”. Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib. Onun sözlərinə görə, ermənilərin vəhşilikləri, vandal hərəkətləri bu rayondan da yan keçməyib, düşmən uzun illər burada talançılıqla, xislətlərinə uyğun olan dağıntılarla məğul olublar: “Hətta ekoloji terrora da əl atıblar. Azərbaycan isə dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə buranı bərpa edir, əvvəlki halından da daha gözəl vəziyyətə gətirilməsi istiqamətində fəal iş aparılır. Artıq bunun bəzi real nəticələri ortadadır. Yeri gəlmişkən, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın oktyabrın 19-da bölgəyə - Cəbrayıl və Qubadlıya səfərlərini qeyd etmək istərdim. Burada dövlətimizin başçısı Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun Şükürbəyli-Cəbrayıl hissəsinin açılışını etdi, Cəbrayıl Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə və Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə mərkəzlərinin, həmçinin Qubadlıda İşğal və Zəfər muzeylərinin təməlini qoydu. Eləcə də dövlətimizin başçısı və birinci xanım bu rayonlarda görülən işlərlə, həyata keçirilən layihələrlə tanış oldular. Qısa müddət ərzində görülən bu cür genişmiqyaslı işlər ölkəmizin iqtisadi qüdrətinin nümayişi ilə yanaşı, həm də yenidən qurulan bölgənin işıqlı gələcəyindən xəbər verir. Təbii ki, artıq icrasına start verilmiş “Böyük qayıdış”ın tam reallaşması üçün infrastrukturun yaradılması, sosial obyektlərin inşası son dərəcə vacib məqamdır. Dövlətimiz bu istiqamətdə plana uyğun olaraq, sistemli və sürətli qaydada işləri ən yüksək səviyyədə davam etdirir. Qubadlıda, o cümlədən digər işğaldan azad edilmiş ərazilərdə işğal və zəfər muzeylərinin yaradılması mühüm layihələrdən biridir. Sakinlər, bölgəyə səfər edəcək qonaqlar və turistlər, həmçinin gələcək nəsillər bu muzeylər sayəsində Ermənistanın işğal əməlləri, törətdikləri hərbi cinayətlər, vəhşiliklər, eləcə də yenilməz Azərbaycan Ordusunun rəşadəti, qəhrəmanlıqları ilə ətraflı tanış ola biləcəklər”. “Davamlı olaraq Şərqi Zəngəzura və Qarabağa səfərlər edən, görülən işlərə bilavasitə özü nəzarət edən dövlətimizin başçısı cənab İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birgə iğaldan azad edilməsinin ikinci ildönümündə Zəngilanda oldular. Burada Arximed turbini tipli Su Elektrik Stansiyası işə salındı, ilk yaşayış binasının və məktəbin təməlqoyma mərasimi baş tutdu. Prezidentin Ağalı kəndinə səfərini xüsusilə qeyd etmək istərdim. Bilirik ki, cənab İlham Əliyev respublikamızın rayonlarına səfər edərkən vətəndaşlarla görüşür, söhbətlər aparır. Burada da elə oldu. O, öz ata-baba yurduna qayıdan ağalılarla görüşdü, səmimi söhbətlər apardı, fotolar çəkdirildi. Həmin məqamları izləyərkən mənim diqqətimi kənd sakinlərinin simasındakı xoşbəxt təbəssüm daha çox çəkdi. Artıq məcburi köçkün həyatının ağrılarından, el həsrətindən xilas olan sakinlər öz yurdlarında böyük sevinc və fərəh hissi ilə yaşayırlar”, - Milli Məclisin deputatı deyib. “Dövlətimizin başçısının rayona səfəri çərçivəsində öz möhtəşəmliyi ilə yadda qalan, bölgənin hərtərəfli inkişafına stimul verəcək, nəqliyyat-logistika imkanlarını daha da genişləndirəcək Zəngilan Beynəlxalq Hava Limanının açılışı oldu. Bu əlamətdar tədbirdə dost və qardaş Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı, Prezident İlham Əliyevlə bərabər hava limanının rəmzi açılışını bildirən lenti kəsməsi bir daha bəyan edir ki, Azərbaycan və Türkiyə dar gündə də, şad gündə də biri-birinin yanındadır. Bunun heç bir izahı yoxdur, bu yalnız qardaşlıq duyğularının təcəssümüdür. Tarixən belə olub, ində də belədir, heç kimdə şübhə yoxdur ki, bu, gələcəkdə də belə olacaq. Çünki burada söhbət qan qardaşlığından, bir atanın, bir ananın övladlarından gedir. Həm cənab İlham Əliyev, həm də cənab Rəcəb Tayyib Ərdoğan iki qardaş ölkəni və onların xalqlarını biri-birinə daha da yaxınlaşdırdılar, əlaqələrini genişləndirdilər. Məhz bu, gələcək nəsillər üçün böyük bir nümunədir”, - S.Möhbalıyev vurğulayıb. “Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışını etdilər. Əminəm ki, kompleks bölgədə kənd təssərüfatının inkişafında, sakinlərin məşğulluğunun təmin olunmasında, həm də hər iki ölkənin ərzaq təchizatında mühüm rol oynayacaq. Eləcə də Cəbrayılda yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksi Şərqi Zəngəzurun və Qarabağın dirçəlişinə, daimi iş yerlərinin açılmasına, bu sahədə mütəxəssislərin yetişməsinə, meşə təsərrüfatının genişlənməsinə gətirib çıxaracaq”, - AHİK sədri əlavə edib. Вернуться назад |