Главная > Siyasət > Şamxal Əliyev: Azərbaycan Ordusunun gücünü artıran amillərdən biri xalq-Ali Baş Komandan-ordu birliyidir

Şamxal Əliyev: Azərbaycan Ordusunun gücünü artıran amillərdən biri xalq-Ali Baş Komandan-ordu birliyidir


24-06-2022, 10:25. Разместил: admin
Müzəffər Ali Baş Komandanın Zəfər salnaməsi

Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin rəisi Şamxal Əliyev - 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə  ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusunun  yaradılması mühüm addım olmuşdur. Təssüflər olsun ki, Xalq Cümhuriyyətinin süqutu  milli ordu quruculuğu prosesinin də yarımçıq qalması ilə nəticələndi. Milli Ordu quruculuğunda dönüş yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi ilə başlandı. Dahi şəxsiyyət Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu. Sovetlər dövründə Ulu Öndərin həyata keçirdiyi bu siyasət əslində gələcək müstəqil Azərbaycanın milli ordusunun yaradılması üçün görülən böyük işlər idi.
1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər.
Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. Eyni zamanda, Ulu Öndərin rəhbərliyi ilə hərbi təhsil sisteminin inkişaf etdirilməsi üçün ciddi işlər görülürdü. Belə ki, Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdır. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər. Ordu quruculuğu sahəsində həyata keçirilən kompleks tədbirlər nəticəsində Azərbaycan Ordusu modern orduya çevrildi.
Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla, müasir dövrün tələbləri çərçivəsində həyata keçirən Prezident cənab İlham Əliyev tərəfindən Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil təminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə hər zaman xüsusi diqqət yetirilir. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib.
Silahlı qüvvələrin modernləşdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətinin strateji isiqamətlərindəndir. Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin Ordu quruculuğu ilə əlaqədar öz vədinə sadiq olduğunu təsdiq edir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Buna müvafiq olaraq büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin imkanları da genişlənir. Məhz həyata keçirilən düzgün strategiya nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Azərbaycan Ordusu dünyanın ən güclü ordularından biri olduğunu 44 günlük Vətən müharibəsində əyani olaraq sübut etdi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər, Ağdam, Laçın və ümumilikdə 300-dən çox yaşayış məntəqəsi azad edildi. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. Müzəffər Ali Baş Komandan İlham Əliyev  bununla da tarixi ədaləti bərpa etdi və düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Əldə olunan böyük Qələbə ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu.
Aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Ordumuzun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı. İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.
Azərbaycan Ordusunun gücünü artıran amillərdən biri də xalq-Ali Baş Komandan-ordu birliyidir. Vətən Müharibəsi zamanı Azərbaycan xalqı yumruq kimi birləşdi. “Dəmir yumruq” qələbəmizin rəmzinə çevrildi. Mövcud birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Dövlət siyasəti xalq tərəfindən dəstəklənir və bu siyasətə böyük inam var. Müharibə və onun nəticələri bir daha xalq-iqtidar birliyini və qarşılıqlı inamı nümayiş etdirmişdir.

Вернуться назад