Главная > Siyasət > İrəvanın razılaşmalardan yayınma cəhdləri və ya erməni təxribatlarının izi ilə - NƏ BAŞ VERİR?

İrəvanın razılaşmalardan yayınma cəhdləri və ya erməni təxribatlarının izi ilə - NƏ BAŞ VERİR?


7-06-2022, 15:30. Разместил: admin


Rəsmi İrəvan Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və Avropa İttifaqı Şurasının Prezidenti ilə Brüsseldə keçirilən sonuncu görüşdə əldə olunan razılaşmalardan yayınmaq üçün təxribatçı addımlar atır. Məsələn, təxminən bir həftə əvvəl erməni əsgər David Vardanyanın yaralanması, daha sonra ölməsi faktında Ermənistan tərəfi Azərbaycanı ittiham etdi. İrəvan iddia etdi ki, erməni əsgər Azərbaycan Ordusunun açdığı atəş nəticəsində yaralanıb. Bunu "arqument" kimi göstərən Ermənistan tərəfi Azərbaycanın Brüssel razılaşmasını pozduğunu açıqladı.

Azərbaycan tərəfi isə həm Müdafiə Nazirliyi, həm Xarici İşlər Nazirliyi, həm də Dövlət Sərhəd Xidməti səviyyəsində bu iddianı təkzib etdi. DSX hətta hadisənin erməni əsgərlərin bir-birini güllələməsi nəticəsində baş verdiyi haqqında ortaya videosübutlar qoydu.

Ermənistan daha bir təxribatı isə iyunun 2-sində həyata keçirdi. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, iyunun 2-si axşam saatlarından iyunun 3-ü gecə saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini qumbaraatan və iri çaplı silahlardan da istifadə etməklə növbəti dəfə atəşə tutub.

"Ermənistan tərəfi öz ictimaiyyətinin diqqətini daxildə baş verən proseslərdən yayındırmaq məqsədilə iriçaplı silahlardan istifadə edərək dövlət sərhədində vəziyyəti gərginləşdirməyə çalışır. Bildiririk ki, qarşı tərəfin törətdiyi təxribatların nəticələrinə görə bütün məsuliyyət bu ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - deyə Müdafiə Nazirliyinin məlumatında qeyd edildi.

Analitiklər hesab edirlər ki, belə təxribatlarla rəsmi İrəvan əldə olunan razılaşmalardan - kommunikasiyaların açılması, sərhədlərin delimitasiya prosesindən boyun qaçırmağa, zaman qazanmağa çalışır. Dia.az-ın məlumatına görə, politoloq Rəşad Bayramov AYNA-ya açıqlamasında deyib ki, Ermənistan tərəfinin təxribatlarının iki səbəbi var: Paşinyan hakimiyyəti çıxılmaz durumdadır və indiyə qədər üzərinə götürdüyü öhdəliklərdən yayınmaq istəyir, Rusiya tərəfindən İrəvana davamlı təzyiqlər edilir.

Analitik vurğulayıb ki, İkinci Qarabağ müharibəsində Azərbaycana uduzan Ermənistan diplomatik müstəvidə də məğlub olur: "Paşinyan hakimiyyəti çıxış yolunu təxribatlarda görür. Bununla İrəvan vaxtı uzatmaq istəyir. Ermənistan rəsmilərinin vaxtaşırı bəyanatları onu deməyə əsas verir ki, Ermənistan sülhə hazır deyil və bu baxımdan da, münasibətlərin gərginləşməsi ilə sülh danışıqlarını pozmağı hədəfləyib".

"Sərhəddə atəş səslərinin gəlməsi də İrəvanın razılaşmaların icrasından maksimum yayınmaq cəhdidir. Məqsəd odur ki, vəziyyət gərginləşsin və Paşinyan da belə vəziyyətdə danışıqlar aparmağın çətin olduğunu bəhanə edərək prosesi şəkildə uzatsın", - deyə Bayramov vurğulayıb.

Politoloq deyib ki, sülh prosesində maraqlı olmayan təkcə Ermənistan yox, həm də regionda hərbi mövcudluğunu qoruyub saxlamaq istəyən Rusiyadır: "Normallaşma prosesini və Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını özü üçün təhlükə hesab edən Rusiya bütün vasitələrdən istifadə edərək prosesi tormozlamağa çalışır. Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlarda faktiki olaraq oyundankənar vəziyyətə düşmüş Rusiya üçün prosesi yenidən öz nəzarətinə qaytarmaq və bununla da hər iki tərəfə təzyiq imkanlarını əlində saxlamaq olduqca vacibdir. Bu isə ancaq Paşinyanın sülh danışıqlarından imtina etməsi ilə mümkündür. Odur ki, Rusiya həm Qarabağdakı separatçı rejimə dəstək verməklə onu Paşinyanın apardığı sülh danışıqlarını qəbul etməməyə şirnikləndirir, həm də daxildəki müxalifəti ayağa qaldıraraq Paşinyana təzyiq göstərməyə çalışır".

"Məsələ burasındadır ki, heç bir qüvvənin prosesləri uzun müddət tormozlamaq imkanları yoxdur. Əvvəla, ona görə ki, Azərbaycan əvvəlki Azərbaycan deyil və istənilən vaxt erməni təxribatlarına layiqincə cavab vermək gücündədir. İkincisi, ermənilərin arxayın olduğu Rusiya da əvvəlki Rusiya deyil və Ukrayna müharibəsində bataqlığa düşmüş bir dövlətin açıq şəkildə Azərbaycanla konfrantsiyaya getməsi mümkün deyil. Bununla yanaşı, Qərb də münasibətlərin normallaşmasına Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması imkanları kontekstində baxır və bu istiqamətdə fəaliyyətin həyata keçirilməsində maraqlıdır", - analitik fikrini yekunlaşdırıb.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli də AYNA-ya bildirib ki, zaman-zaman Ermənistan rəsmiləri tərəfindən səsləndirilən təxribat xarakterli bəyanatlar və sərhəddə atəşkəsin pozulması halları əldə olunan razılaşmaları pozmağa hesablanıb. Analitikin sözlərinə görə, daxildəki təzyiqi azaltmaq üçün Paşinyan çıxış yolu axtarır, razılaşmaların icrasını gecikdirmək istəyir: "Rəsmi İrəvan yaxşı anlayır ki, razılaşmaları icra etməyə məcburdur. Onu da anlayırlar ki, gec-tez bunu icra etməli olacaqlar. Sadəcə bir qədər zaman qazanmaq istəyir. Təbii ki, burada Rusiyanın Paşinyan hakimiyyətinə təzyiqlərini gözardı etməmək lazımdır. Rusiya Ermənistandakı agentlərini qızışdırıb küçələrə salmaqla sülhə aparan prosesi tormozlamaq istəyir. Kremlin Qafqazda sülh əldə olunması marağında deyil. Rusiya münaqişə ocağının qalmasında, bölgədə hərbi varlığının davam etməsində və bununla lazım gəldikdə həm İrəvana, həm də Bakıya təzyiq aləti kimi istifadədə maraqlıdır".

"Bundan başqa, prosesi uzatmağa çalışanların bəziləri fikirləşirlər ki, Azərbaycanın azad olunan ərazilərini bəlkə də yenə işğal edə bildilər. Ancaq bu, mümkün olan deyil. 44 günlük müharibədə Ermənistan ordusu demək olar ki, darmadağın edilib. Onlar 50 il də çalışsalar ordularını bərpa edə bilməyəcəklər. Bunu Ermənistan rəsmiləri içərisində də, müxalifət içərisində də, bütövlükdə cəmiyyətin böyük kəsimi də anlayır", - deyə Q.Hüseynli söyləyib.

Sabiq dövlət müşavirinin qənaətincə hazırda iki seçimi var: "Ya sərhədlərin delimitasiya və demarkasiyası, nəqliyyat-kommunikasiyaların açılması ilə bağlı razılığın icrasına əngəl törətməyəcəklər, sülh müqaviləsini imzalayacaqlar, ya da belə qeyri-müəyyən vəziyyətdə qalacaqlar. Onsuz da Azərbaycan bütün prosesləri əlində olan digər vəsaitlərlə həyata keçirəcək".


Вернуться назад