Главная > Siyasət / Gündəm > Ermənilərin `DƏMİR YUMRUQ` HƏSRƏTİ... - QAPAZ ALTINA MEYLLƏNMƏ...

Ermənilərin `DƏMİR YUMRUQ` HƏSRƏTİ... - QAPAZ ALTINA MEYLLƏNMƏ...


28-04-2022, 16:00. Разместил: admin



Proseslərin gedişatından aydın görünür ki, Ermənistan sülh prosesini və kommunikasiyaların açılmasını ləngidir. Elə aprelin 26-da Bakıda Prezident İlham Əliyevlə Rusiya baş nazirinin müavini Aleksey Overçukun görüşündə də bu mövzu müzakirə edilib.

Məlumata görə, görüşdə kommunikasiyaların açılması üzrə Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli komissiyasının qarşıdakı fəaliyyəti diqqət mərkəzində olub. Cənab Əliyev qeyd edib ki, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək dəmir yolunun 60 kilometrlik hissəsi artıq tikilir və işlər 2023-cü ildə başa çatdırılacaq. Avtomobil yolunda da işlər cədvəl üzrə gedir. Prezident bildirib ki, Ermənistan tərəfindən bunlarla bağlı heç bir işə başlanılmayıb, İlham Əliyev deyib ki, Ermənistan öz ərazisindən keçməsi nəzərdə tutulan avtomobil yolu marşrutunun coğrafi koordinatlarını belə qeyd etməyib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın bu məsələni dəfələrlə qaldırmasına baxmayaraq, bununla bağlı Ermənistandan heç bir cavab gəlməyib. Görüşdə ticari-iqtisadi, nəqliyyat, tranzit, logistika, maliyyə, bank, energetika, neft-qaz sahələrində əməkdaşlıq məsələləri də müzakirə olunub.

Azərbaycan həm Rusiyanın, həm də Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunan üçtərəfli razılaşmalara əməl etməkdədir və İrəvandan da tələb olunan budur. Lakin Avropa ilə Rusiya arasında reveranslar edən Nikol Paşinyan hökuməti son zamanlar ölkədə müxalifətin etirazları görüntüsünü yaratmaqla oyunbazlıq edir. Hətta Naxçıvan MR-ə aid olan Kərki kəndində də etiraz aksiyası təşkil edilib və “biz bu kəndi Azərbaycana qaytarmayacağıq” kimi sərsəm şüarlar səsləndirilib. Hansı ki, bütün bunlar sərhəd dəqiqləşdirilməsi ilə bağlı əldə olunan razılaşmadan sonra baş verir, Ermənistan bu prosesi aprelin sonunadək başa çatdırmalıdır. Ancaq əksini müşahidə edirik. Ermənistanın vaxtaşırı bu cür davranışları nədən xəbər verir? Kommunikasiyaların açılmasını ləngidən bir dövlət və onun rəhbəri sülh müqaviləsinə necə yanaşacaq? Moskva, Brüssel görüşlərində kommunikasiyaların açılması, delimatiya, demarkasiya məsələləri, mina xəritələrinin Azərbaycana verilməsi ilə bağlı ilkin razılıq əldə edilib. Amma hər dəfə Ermənistan bu razılaşmaları pozur. Azərbaycan Ermənistanın nazı ilə sonsuzadək oynayacaqmı? Moskvadan, Brüsseldən (Aİ) Ermənistana kommunikasiyaların açılmasını sürətləndirməsi üçün təzyiq olacaqmı? Dia.az-ın məlumatına görə, deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a dedi ki, biz Azərbaycan olaraq dəfələrlə mövqeyimizi bəyan etmişik: “Qeyd etmişik ki, Ermənistanın və onun rəhbərlərinin səmimiliyinə inanmırıq. Çünki nəzəri olaraq hər bir təşəbbüsə, eyni zamanda son beş maddədən ibarət təkliflərimizə də razılıq veriblər, lakin praktiki olaraq icra məsələsi həllini tapmır. Bununla paralel olaraq müxalifətin keçirdiyi mitinqlər və təbii ki, hakimiyyətə ”istefa şüarları", eyni zamanda burada da vasitə kimi 44 günlük müharibədə ölən ermənilərin qohum-əqrəbalarından, tələbələrdən istifadə edilməsi də təşkil olunan siyasi şouya bənzəyir. Məlumdur ki, müxalifət öz gələcəyini həbslərdə keçirəcəyini yaxşı başa düşür, əsasən də “Qarabağ klanı” və ona rəhbər olanlar bunu yaxşı başa düşürlər. Əgər Vanesyanı bu gün lider kimi təqdim edirlərsə, deməli, vətəndaşlar da bu klandan artıq beziblər. Məhz buna görə də sərhəddə təxribatlar, Avropa Şurasında qərəzli çıxışlar səsləndirərək məqsəd nəyin bahasına olursa-olsun gündəmi, status-kvonu saxlamaqdır".

Lakin A.Nağıyev hesab edir ki, bu proseslər Avropanı da qane etmir: “Çünki Rusiya-Ukrayna müharibəsi bir daha göstərdi ki, dolayı da olsa, regionda baş verən təhdidlər ümumi təhlükəsizliyə ciddi təsir edir. Eyni zamanda bu, Cənubi Qafqaza da, əsasən də Azərbaycan-Ermənistan münasibətlərinə də aiddir. Bu baxımdan Rusiya ATƏT-in Minsk Qrupunun fiaskosundan sonra daha diqqətli olmalı və rəhbərliyin imzasına daha ciddi yanaşmalıdır. Necə ola bilər ki, Ermənistan öz ərazisindən keçməsi nəzərdə tutulan avtomobil yolu marşrutunun coğrafi koordinatlarını belə qeyd etmir, kommunikasiyaların açılışı ilə bağlı ciddi addımlar atmır? Paşinyan Rusiya prezidenti Putinlə son görüşündən sonra ciddi addımlar atmalı idi. Amma bu hələ görünmür. Zənnimcə, həm Rusiya, həm Qərb Ermənistana daha ciddi təsir və ya təzyiq göstərməlidir, öz missiyalarına hörmətlə yanaşmalıdırlar. Təbii ki, biz Azərbaycan olaraq öz nəqliyyat, tranzit, logistika məsələlərimizi Ermənistansız da həll edəcəyik, lakin beynəlxalq təşkilatlar, əsasən də hazırkı geosiyasi problemlərlə bağlı Rusiya daha maraqlı olmalıdır. Əks halda, təxribatlar, münaqişələr fonunda əsas məqsədə çatmaq çətin olacaq...”

QAT sədri Akif Nağı bildirdi ki, Ermənistanın öz sözünü tutacağına inam çox azdır: “Əslində onlar hər hansı sənədin imzalanmasında, razılaşmaların yerinə yetirilməsində maraqlı deyildirlər. Məğlub durumdadırlar və məğlub vəziyyətdən çıxmağa çalışırlar. Ona görə də yeganə çıxış yolu kimi vaxt qazanmağa cəhd göstərirlər. Onlar dünyada münasibətlərin dəyişəcəyinə, Azərbaycanda hansısa mənfi proseslərin gedəcəyinə ümid edirlər ki, yeni şərait yarana və vəziyyətdən çıxa bilərlər. Ermənistan rəhbərliyi bütün proseslərə, o cümlədən kommunikasiyaların açılması, sülh müqaviləsinin hazırlanması, delimitasiya danışıqlarına yalnız vaxt uzatmaq üçün vasitə kimi baxır”.

A.Nağı qeyd etdi ki, bu səbəblərdən erməni tərəf uyğun sənədlərin imzalanmasını ləngidir: “Əmin ola bilərsiniz ki, hətta hər hansı sənəd hazır olandan sonra da bəhanə tapıb imzalamaqdan imtina edəcəklər. Naxçıvanla Azərbaycanın digər əraziləri arasında yolun, Zəngəzur dəhlizinin çəkilməsi də bu qəbildəndir. Azərbaycan həm dəmir, həm də avtomobil yolunun çəkilməsinə dair bütün öhdəliklərini cədvəl üzrə yerinə yetirir. Erməni tərəfi isə heç hazırlıq, ”çertyoj" işlərini icra etməyib, tikintini aparmaq üçün maliyyə mənbələri müəyyən edilməyib. Hərdən erməni mətbuatında bu məsələ qabardılanda, rəsmilər cavab verirlər ki, fikirləşib bir mənbə taparıq. İlk baxışdan bu, məsuliyyətsizlik kimi görünə bilər, əslində ermənilərin düşünülmüş taktikasıdır ki, vaxt qazansınlar. Ona görə də ermənilərlə hər hansı sahədə danışıqlar aparmağı, sənəd imzalamağın heç bir mənası yoxdur. Onların real hərəkətə keçməsi üçün “kürklərinə birə salmalı”, “canlarına isti keçməsinə” nail olmalıyıq. Bunu isə ancaq “Dəmir yumruq” edə bilər. Yenidən “Dəmir yumruğu” işə salıb Xankəndində oturmalıyıq. Ondan sonra hu həşərat tayfası hərəkətə gəlib istədiklərimizə əməl edəcəklər".

Politoloq İlyas Hüseynov qeyd etdi ki, Ermənistan 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın icrasını ləngidir və üzərinə götürdüyü məsuliyyətdən boyun qaçırır: “Eyni zamanda üçtərəfli birgə bəyanatın 9-cu bəndinin icrası kontekstində Emənistan sülh prosesini və kommunikasiyaların açılmasını ləngidir. 2021-ci ilin 11 yanvar tarixində Moskvada imzalanmış üçtərəfli birgə bəyanata əsasən Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli komissiya mühüm razılıqlar əldə etsə də bu işdə də Ermənistan qeyri-konstruktivlik nümayiş etdirir. Rusiya baş nazirinin müavini Aleksey Overçuk iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması istiqamətində müxtəlif səfərlər həyata keçirsə də, əsas məsələ Ermənistanın regional layihələrə mane olmasının qarşısını almaqdır. Kommunikasiyaların açılması bütün region dövlətlərinin marağındadır və rəsmi Moskva tərəfindən 3+3 (Gürcüstan iştirak etməkdən boyun qaçırsa da regional layihə 3+3 adını alıb) haqqında müsbət mesajlar səslənir”. Politoloq bildirdi ki, Azərbaycan öz üzərinə düşən işləri maksimum dərəcədə yerinə yetirir: “Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək dəmir yolunun 60 kilometrlik hissəsi artıq tikilir. İşlər 2023-cü ildə başa çatdırılacaq. Avtomobil yolunda da işlər cədvəl üzrə gedir. Ermənistan tərəfi isə inşaatla bağlı iqtisadi və texniki əsaslandırmanı hələ həyata keçirməyib. Ermənistan nəinki sülh gündəliyinə riaəyət etmək istəmir, hətta hərbi təxribat cəhdləri göstərir, Zəngilan rayonu ərazisinə diversantlar göndərir. 1 erməni diversantın tutulması da göstərir ki, Ermənistan sülh prosesinə böyük zərbə vurur və Ermənistanı sülhə məcbur etmək lazımdır. Ermənistan bu razılaşmaları pozmaması üçün Rusiya öz təzyiq metodlarını daha da artırmalıdır. Sosial və iqtisadi sahədə təsir rıçaqlarının işə düşməsi rəsmi İrəvanı sülh haqqında danışmağa məcbur edə bilər”.

Politoloq Tural İsmayılov qeyd etdi ki, Ermənistan bu günə qədər sülh gündəliyinin şərtlərinə əməl etmir: “Diqqət edin, savaşda Ermənistanı tam mənada məğlubiyyətə düçar edərkən bizə və dünyaya guya sülh üçün yalvaranlar indi spekulyasiyalar və ”imkanlar" üçün əlavə vasitələr axtarırlar. Ermənistan nə 10 noyabr bəyanatı, nə Soçi bəyanatı, nə də Brüssel bəyanatının müddəalarını yerinə yetirmir. Ermənistanın məqsədi odur ki, regionda daim “gərginlik” olduğunu göstərsin. Bütün bunlar isə nəticədə sülh və etimad mühitini təhdid edir. Ermənistanın vaxtaşırı bu cür davranışları həm də sübut edir ki, bu ölkədən vint kimi hələ də istifadə edirlər. Ermənistan müxtəlif dövlətlərin bölgədə təsir forpostudur və bu missiyadan da imtina etmək iradələri yoxdur".

T.İsmayılov əmindir ki, Azərbaycan Ermənistanın nazı ilə oynamayacaq: “Cənab Prezident qeyd edib ki, dəmir yumruq hər zaman yerindədir. Əgər Ermənistan provokasiyalara davam etsə, bunun nəticələri özləri üçün dağıdıcı olacaq. Nəzərə alanda ki, Ermənistanın təxribatları təkcə Azərbaycana deyil, həm də rəsmi Moskvanın siyasi vasitəçilik imkanlarına qarşıdır, həm də Brüsseli gözdən salır, burada digər tərəflərin də üzərinə iş düşür. Bütövlükdə Ermənistanı sülhdən uzaqlaşdıran istənilən addım və təhriklər ölkəmiz tərəfindən cavabını alacaq”.

Azərbaycanın dövlət başçısı sonuncu dəfə Ermənistana Şuşadan xəbərdarlıq etdi. Ermənilər üçün son şans kimi dəyərləndirilir həmin xəbərdarlıq. Erməni revanşistlərlə hakimiyyətin oyunu bu ölkənin başında çatlaya bilər...


Вернуться назад