“Uzun illər kadr təyinatlarında neqativ hallar hökm sürüb”
- 4-08-2020, 13:00
- Siyasət
- 0
- 277
Son aylarda, yol verdikləri qanunsuz əməllərə görə və digər səbəblərdən bir neçə rayonun icra hakimiyyəti başçısı və üç nazir postuna təyinatın aparılması zərurəti yarandı. Aparılan təyinatlara ölkə ictimaiyyəti tərəfindən müxtəlif münasibətlər sərgiləndi. Vətəndaş cəmiyyətinin üzvü kimi, bu prosesdə diqqətimi cəlb edən bir sıra ciddi məqamlar oldu ki, onlarla bağlı mülahizələrimi paylaşmaq qərarına gəldim.
Həmin təyinatların aparılması zamanı müəyyən olundu ki, o qurumlarda və aidiyyatı sahələrdə boşalan vəzifələrə təyinatarın aparılması üçün kadrların seçilməsində ciddi problemlər mövcuddur. Bir böyük quruma, tamam fərqli sahədə çalışan şəxsin rəhbər təyin olunması, heç də, sadəcə təyin olunan həmin şəxsin yüksək peşəkarlığı və qabiliyyəti ilə və ya ölkədə bütün sahələrdə kadrların müvafiq sahəyə aid təcrübəsizliyi nəzərə alınmadan, gəncləşdirmə siyasətinə uyğun təyin olunmaları ilə bağlı deyil. Bu həm də, ölkədə kadr siyasətində uzun illər ərzində formalaşmış ciddi bir problemin olmasından xəbər verir. Bəs bu sahədə hansı problemlər var və onlar nədən qaynaqlanır?
Reallıq bundan ibarətdir ki, bütün qurumlarda kadr sahəsinə məsul olan ayrıca vəzifəli şəxslər olur. Təbii ki, ayrı-ayrı qurumlarda mövcud olan bu yanaşma, ümumilikdə bütün ölkə üzrə də tətbiq olunmaqdadır. Bu səbəbdən də, ölkədə bütün səviyyələrdə, o cümlədən, rayon şəhər icra hakimiyyətlərində, ayrı-ayrı nazirliklərdə və digər qurumlarda rəhbər vəzifələrə kadrların irəli çəkilməsi prosesi bilavasitə müəyyən yüksək vəzifəli məsul şəxslərin nəzarətində olub. Ümummilli lider Heydər Əliyevin Prezidentliyi dövründə, bu sahədə ciddi problemlərin olmamasının da, özünəməxsus səbəbləri var idi. Belə ki, hələ ona qədər uzun müddət ərzində ölkəyə rəhbərlik etməsi, ölkədə mövcud kadr potensialına yaxından bələd olması və hətta bir çox əhəmiyyətli kadrları şəxsən özünün tanıması faktoru, kadr siyasətində hansısa ciddi problemin yaranmasını istisna edirdi. Ondan sonrakı dövr ərzində, məhz onun tanıdığı, etimad göstərdiyi bəzi şəxslərin on ildən artıq müddətdə kadr siyasətindən məsul olmaları və bu sahədə bəzi məqamlarda yanlışlıqları, digər məqamlarda isə qanunsuzluqları ümumilikdə bu gün mövcud problemləri şərtləndirən amillərdir. Bu müddət ərzində ölkədə kadrların təyinatında və irəli çəkilməsində savad, peşəkarlıq, bacarıq, analitik düşüncə qabiliyyəti və təcrübə kimi müsbət keyfiyyətlər əsas götürülməmişdir. Əksinə olaraq regionçuluq, qohumluq və şəxsi münasibətlər prizmasından yanaşaraq kadr siyasətinin həyata keçirilməsi dövlətimizə, dövlətçiliyimizə və ümumi dövlət siyasətinə əhəmiyyətli dərəcədə zərər vurmuşdur ki, məhz bu faktor, hazırda çox gec olmasa da, bütün ölkə üzrə kadr siyasətində ciddi islahatların həyata keçirilməsini labüd edir. Kadr islahatı dedikdə, əvvəllər olduğu kimi, hər bir qurumda köhnə rəhbərliyə aid şəxslərin kütləvi şəkildə yeni rəhbərliyə yaxın şəxslərlə əvəz olunması nəzərdə tutulmamalıdır. Əksinə şəxsi münasibət, hansı regiona aid olması, qohumluq əlaqələri kimi subyektiv amillər nəzərə alınmadan fərdi keyfiyyətlər, peşəkarlıq, bacarıq kimi faktorlar əsas götürülməlidir. Hansısa quruma və ya geniş bir sahəyə rəhbərlik edənlər özlərinə alternativ ola biləcək şəxslərin ovuna çıxmamalı, əksinə, əvəzolunmaz şəxslərin olmaması düşüncəsini qəbul edib dövlətimizin rifahı və gələcəyinin təminatı naminə, əsas vəzifələrindən biri olan bacarıqlı kadrların yetişməsində maraqlı olmalıdırlar. İndiyə qədər əksər qurumlarda kadrların yuxarıda qeyd olunmuş amillər əsas götürülməklə konkret olaraq müəyyən regionlara mənsub olan şəxslərdən seçilməsi səbəbindən, ölkə üzrə digər region mənsublarının bu məsələ ilə bağlı ümumi narazılığının yaradılmasının özü, dövlət başçısına və onun apardığı siyasi xəttə qarşı fəaliyyətdən xəbər verir. Bu cür yanaşmanın “məntiq”i nəticəsidir ki, bəlkə də bütün dövlət qurumlarının nəzdində akademiyaların və həmin sahəyə aid digər ali təhsil müəssisələrinin olmasına (əksəriyyəti lüzumsuzdur və dövlətə izafi xərclər yaradır) baxmayaraq, zərurət yarananda peşəkar bir kadrın təqdim olunmasına acizdirlər.
Təsadüfi deyil ki, bu problemin mövcudluğuna dövlət başçısı da zaman-zaman çıxışlarında toxunur. Təqdirəlayiq haldır ki, hazırda bu istiqamətdə mühüm işlər görülməkdədir. Toxunduğum neqativ halların hökm sürdüyü dövr ərzində formalaşmış kadr mənzərəsinin tam şəkildə dəyişdirilməsi məqsədilə ölkədə qanunvericilik hakimiyyəti geniş miqyasda dəyişikliyə məruz qaldı. Prezident Adminstrasiyasından başlayaraq, icra hakimiyyətinə aid olan bütün sahələrdə islahatçı kadr siyasəti həyata keçirilmiş və hazırda da davam etməkdədir. Hakimiyyətin əsas qollarından biri olan məhkəmə hakimiyyətində də, əhəmiyyətli dəyişikliklərin zəmini qoyulmuş və mərhələli şəkildə həyata keçirilir.
Hazırda bu əhəmiyyətli dəyişikliklərin töhfəsini biz, Prezident Adminstrasiyasında, Birinci vitse-prezidentin komandasında açıq şəkildə görə bilirik. Heç bir subyektiv yanaşma olmadan, yalnız peşəkar, bacarıqlı, innovativ və bir sıra digər üstün keyfiyyətlərə sahib olan əsasən də, gənc kadrların dövlət idarəçiliyinin yüksək eşalonunda təmsil olunması, bu sahədə çox böyük ümidlər doğurur. Düşünürəm ki, bu istiqamətdə dövlətimizin ali məqsədlərinə nail olmaq üçün, bütün digər qurum və sahələrdə də eyni siyasət yürdülməli, kadr seçimi məsələlərində yalnız müsbət və obyektiv amillər nəzərə alınmalıdır.
Politoloq Xəyal Bəşirov