İlham Əliyev: “Ermənistan yeni təxribatlar törədə bilər”
- 16-07-2020, 09:49
- Siyasət
- 0
- 249
Bölgədə gedən prosesləri və son hadisələri nəzərə alaraq biz öz hərbi xərclərimizə də yenidən baxmalıyıq. İstisna edilmir ki, Ermənistan onlara vurulmuş böyük zərbədən və məruz qaldığı vəziyyətdən istifadə edərək, bundan bəhanə düzəldərək növbəti təxribata əl atsın.
Report xəbər verir ki, bunu Prezident İlham Əliyev onun sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.
“Onu da bildirməliyəm ki, mənə verilən operativ məlumata görə, Qarabağ bölgəsində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində Ermənistan tərəfindən fəallaşma müşahidə olunur. Azərbaycan Ordusu vəziyyətə tam nəzarət edir və bundan sonra da nəzarət edəcək. İstisna edilmir ki, yeni təxribatlar törədilə bilər.
Ona görə biz həm hərbi xərclərimizə yenidən baxmalıyıq və xüsusilə, gələn ilin büdcəsində orduya nəzərdə tutulan xərclər ordumuzun təminatını tam görməlidir. Mən demişəm, ordumuzun inkişafı üçün nə qədər lazımdırsa, o qədər də vəsait ayrılacaq. Beləliklə, bugünkü iclas bağlı elan olunur. Verilən bütün tapşırıqlar yerinə yetirilməlidir. Əminəm ki, ilin sonuna qədər biz öz məqsədimizə çatıb bu ili də uğurla başa vuracağıq”-deyə, Dövlət başçısı vurğulayıb.