Deputat: “ATƏT MQ istəsəydi, Qarabağ münaqişəsini çox qısa zamanda həll edərdi, amma...”
- 15-12-2020, 10:04
- Siyasət
- 0
- 193
“Ermənistan-Azərbaycan münaqişəsinin həlli və Azərbaycanın erməni faşizmi üzərində qələbəsi ümumiyyətlə bölgədə yeni bir siyasi vəziyyət yaradıb. Bölgənin təhlükəsizliyini, sabitliyini hər zaman təhdid altında saxlayan və sürətli inkişafına mane olan erməni faşizmi üzərində qələbə çalınması nəticəsində bölgədə yeni bir əməkdaşlıq üçün yeni imkanlar açıb. Bu imkanlar təkcə Cənubi Qafqaz bölgəsinin deyil, ümumiyyətlə qonşu bölgələrin də inkişafına geniş imkanlar yaradır”.
Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Ülvi Quliyev deyib.
Millət vəkilinin sözlərinə görə, bölgədə yeni siyasi situasiya ancaq və ancaq Azərbaycan Prezidenti cənab İlham Əliyevin son 17 ildə yürütdüyü məqsədyönlü, hədəflərə xidmət edən uzaqgörən, müdrik, cəsarətli və qətiyyətli siyasəti nəticəsində mümkün olub. “Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu həmsədr ölkələri indiyədək problemin hər hansı güc yolu ilə mümkün olmadığını, o cümlədən status-kvonun da mövcudluğunun qəbuledilməziliyini bəyan etsələr də, lakin bu istiqamətdə hər hansı ciddi addımlar atmadılar. Əgər ATƏT MQ həmsədrləri istəsəydi, bunu qısa zamanda edə bilərdilər. Sadəcə etməyiblər və etmək niyyətində olmayıblar. Hansı ki, Minsk qrupu həmsədrlərinin təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə son verməsi üçün bütün imkanlara malik olub. Minsk qrupu münaqişənin həlli üçün beynəlxalq hüququn onlara verdiyi imkanlardan, o cümlədən BMT TŞ-nın, ATƏT və digər beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı qəbul etdiyi sənədlərə istinad edərək, Ermənistana təzyiq və sanksiyalar tətbiq etməklə təcavüzkarlıq siyasətindən geri çəkilməyə vadar edə bilərdilər, amma bunu etmədilər. Heç sanksiya və təzyiqə də ehtiyac yox idi. Yetərdi ki, belə bir niyyət olsun və ortaya qəti mövqe qoyulsun. O zaman ermənilər təzyiqsiz geri addım atacaqdılar. Ancaq bunu etmədilər. Əksinə təcavüzkar Ermənistana dəstək verməklə, işğalçılıq siyasətinə sövq edildi.
Azərbaycan isə heç zaman işğalla barışmayacağını və istənilən yolla təcavüzə son verəcəyini bəyan etdi. Nə ATƏT MQ həmsədrləri, nə də Ermənistan bunu diqqətə almadı. Nəticədə Azərbaycan münaqişənin güc yolu ilə həlli yoxdur düşüncəsində olanların fikirlərini alt-üst edərək, münaqişəni güc yolu ilə həlli variantının mükün olduğunu sübut etdi. Status-kvonun güc yolu ilə dəyişməsi cənab Prezidentin müdrik, cəsarətli, qətiyyətli siaysi iradəsi, həmçinin Azərbaycan xalqının əzmi, həmrəyliyi, bütün qüvvələrin səfərbər olunması, müzəffər Azərbaycan ordusunun şücaəti sayəsində mümkün oldu. Ermənistan ordusu darmadağın edilərək, kapitulyasiya aktı imzalamağa vadar edildi. Azərbaycan sübut etdi ki, münaqişəsinin hərbi-siyasi həll yolu var və mümkündür. Bununla da Qarabağ münaqişəsi tarixə qovuşdu”- millət vəkili vurğulayıb.
Millət vəkili əlavə edib ki, hazırda sülhməramlı qüvvələr öz missiyalarını həyata keçirməkdədir:
“Düzdür, əldə olunan sülhün pozulmasına çalışan qüvvələr mövcud olduğundan, həmin qüvvələr 2020-ci il noyabrın 10-də əldə edilən üçtərəfli sülhün pozulması istiqamətində ən müxtəlif təxribatlara əl atmağa cəhd edəcəklər. Ancaq cənab Prezident İlham Əliyevin də dediyi kimi, əgər Ermənistan tərəfi sülhü pozmağa cəhd edərsə bu, onlara baha başa gələcək. Sülh sazişinin pozulması oyuncaq Ermənistan dövlətinin tamamilə süqutu ilə nəticələnə bilər”.
ATƏT MQ həmsədrlərinin gələcək fəaliyyətinə gəldikdə isə millət vəkili bildirib ki, indiyədək bu qurumun fəaliyyəti effektsiz olduğundan, bundan sonra fəaliyyətinə lüzum görmürəm: “Əgər olarsa da, bu ancaq Azərbaycan tərəfinin razılığı əsasında ola bilər”.
Qarabağ münaqişəsinin həllindən sonra bölgənin və Azərbaycanda qalacaq erməni icmasının gələcəyi ilə bağlı məsələyə gəldikdə millət vəkili bildirib ki, yuxarıda qeyd etdiyim kimi Qarabağ münaqişəsinin tarixə qovuşması bölgədə yeni əməkdaşlıq formatı yaradıb.
“Yaranmış yeni əməkdaşlıq formatından Ermənistan da faydalana bilər. Çünki Naxçıvanla Azərbaycan arasında quru nəqliyyat dəhlizinin yaradılması təkcə Azərbaycan üçün deyil, bütövlükdə yeni regional əməkdaşlıq imkanları yaradacaq. Bu əməkdaşlıq formatından yararlanmaq isə Ermənistanın özünü necə aparmasından və gələcəyə rasional baxışından asılı olacaq. Əgər Ermənistan öz çirkin niyyətlərindən əl çəkib, qonşuları ilə mehriban qonşuluq şəraitində yaşamaq istəyəcəklərsə, o zaman regional əmədkaşlıq formatından faydalanaraq, xalqının güzəranın yaxşılaşdırmaq imkanı əldə edəcək. Azərbaycan dövlətinin erməni xalqı ilə problemi yoxdur. Bizim davamız işğalçılarladır, ərazimizi işğal edən cinayətkarlarladır. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi Azərbaycan vətəndaşı olan ermənilər digər vətəndaşlarımıza şamil edilən konstitusion hüquqlardan tamam faydalana biləcəklər”.