Generalımız hansı şəraitdə şəhid olub? – Təfərrüatlar ÜZƏ ÇIXDI – TƏK DEYİLMİŞ
“Təəssüflər olsun ki, bizim general rütbəli şəhidimiz var. General Polad Həşimov Aprel döyüşlərində də ön cəbhədə əsgərlərlə bir səngərdə idi. Bu onu göstərir ki, Azərbaycan ordusunun generalları qaynar ocaqlarda və səngərlərdə olmaqdan çəkinmirlər. Azərbaycan generalları kabinet generalları deyil. Onlar zabit vaxtlarından səngərlərdə xidmət edərək, düşmənlə üzbəüz tapşırıqları yerinə yetirməklə yüksəliblər”.
Bunu Teleqraf.com-a açıqlamasında sabiq korpus komandiri Şair Ramaldanov deyib.
Onun sözlərinə görə, Azərbaycan əsgərləri heç vaxt köməksiz, rəhbərsiz olmayıb: “Rütbəsindən, vəzifəsindən asılı olmayaraq Azərbaycanın böyük çinli şəxsləri, komandirləri daim qaynar nöqtələrdə, postlarda olub, əsgərlərə və şəxsi heyətə dəstək veriblər. Vəziyyəti öz gözləri ilə görüb, qiymətləndirib lazımi tapşırıqlarını veriblər. Hər hansı yüksək rütbəli hərbçinin təhlükəli vəziyyətdə səngərdə olması şəxsi heyətin ruh yüksəkliyinə çox böyük təkan verir.
Məlumdur ki, Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov da mütəmadi cəbhə bölgəsində ön xəttə olur və müşahidə məntəqələrindən o əraziləri izləyir. Eyni zamanda Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev də bu yaxınlarda cəbhə bölgəsinə baş çəkib. Cəbhə bölgəsi, səngərlər, ön xətt istər Müdafiə Nazirliyinin rəhbərliyi, istərsə də birləşmə komandanlığı üçün tez-tez gedilən yerdir”.
Şair Ramaldanov qeyd edib ki, döyüş ərəfəsində cənab general da o istiqamətdə postda əsgərlərin yanına vəziyyəti öyrənmək üçün gedibmiş: “Bu zaman düşmənin artilleriya atəşinə tuş gələrək şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
O, tək deyildi, onunla bərabər birləşmədən olan bəzi yüksək rütbəli zabitlər də var idi. Müharibə, döyüş vaxtı hər şey ola bilər. Bu onu göstərir ki, Azərbaycan generalı hər an əsgərin, şəxsi heyətin yanında olaraq hətta canı bahasına öz vəzifə borcunu yerinə yetirməyə qadirdir”.