“Paşinyan münaqişənin həllinə söz verdiyi üçün təxribata əl atır”
- 14-07-2020, 10:58
- Siyasət
- 1
- 357
Bütün dünyaya məlumdur ki, özünə demokrat obrazı yaradaraq inqilabi yolla hakimiyyətə gəldiyini iddia edən Ermənistanın Baş naziri Nikol Paşinyan əslində, heç bir inqilab etməyib. Real həqiqət, yaratdığı obraza uyğun, İrəvan küçələrinə pul müqabilində yığdığı insanlarla inqilabçıları və keçirilən süni yığıncaqlar vasitəsilə isə inqilabi prosesləri imitasiya edərək əslində, danışılmış şəkildə həm qərbə, həm də Ermənistanın forpostu olduğu himayədarlarına əvvəlki Ermənistan rəhbərlərindən fərqli olaraq qısa müddətdə Qarabağ problemini həll edəcəyini söz verərək hakimiyyəti mənimsəməsindən ibarətdir.
Hazırda artıq ona verilən müddət sona yaxınlaşdığından və problemi həll edə bilmədiyindən istənilən təxribata əl atmağa hazır olduğu üçün dövləti, ordunu da bu oyununa qurban verərək cəbhə bölgəsində təxribatçı addımlar atmaqla diqqəti yayındırmağa, hər vəchlə qanunsuz hakimiyyətinin müddətini uzatmağa çalışır. Bu addımları ilə Paşinyan bir daha sübut etdi ki, onun əslində, demokratiya və demokratik inqilabala heç bir əlaqəsi yoxdur və o da, özündən əvvəlki sələfləri kimi, Qarabağ münaqişəsindən yalnız hakimiyyətə gəlmək məqsədilə istifadə edib, bu gün də, hakimiyyətini qorumaq üçün bu faktdan maksimum şəkildə yararlanmağa cəhdlər edir. Bu faktlarla yanaşı, o da məlumdur ki, hazırki pandemiya ilə əlaqədar onsuz da, bərbad vəziyyətdə olan Ermənistanın sosial, iqtisadi vəziyyətinin və ölkə daxilindəki insanların həyat şəraitinin daha da dözülməz vəziyyətə gəlməsi faktı da, Paşinyan hakimiyyətinin dayaqlarını ciddi şəkildə sarsıtmaqdadır və bu hamıdan yaxşı Paşinyanın özünə məlumdur.
12 iyul günorta saatlarından cəbhənin Tovuz istiqamətində baş verənlərlə bağlı onu bildirmək istərdim ki, əslində, növbəti həlledici Qarabağ döyüşü, işğalçı Ermənistanın deyil, torpaqları işğal olunmuş Azərbaycan tərəfinin halal haqqıdır. Buna görə də, əgər bizim dövlət hələ ki, döyüşə başlamaq barədə qərar qəbul etməmişdirsə, bu baş verənlərin artıq təxribat olduğunu bir daha təsdiq edir. Bununla bağlı operativ qaydada Prezident İlham Əliyev tərəfindən çağırılan Təhlükəsizlik Şurasının iclasında ölkə başçısının özü ilk olaraq baş verənlərin mahiyyətinə toxunarkən münasibət bildirdi.
Cəbhənin Tovuz istiqamətində baş verənləri Ermənistan tərəfinin növbəti təxribatı adlandıraraq bu təxribatın qarşısının da uğurla alındığını və düşmənə adekvat cavab verildiyini qeyd edən Prezident eyni zamanda, hadisədə dünyasını dəyişən şəhidlərimizə Allahdan rəhmət, yaralananlara isə şəfa dilədi. Prezident həm də, baş verənlərə görə bütün məsuliyyətin işğalçı Ermənistan rəhbərliyinin üzərinə düşdüyünü qeyd etməklə yanaşı, onların yürütdükləri ikili və riyakar siyasəti qətiyyətlə pisləyərək, işğalaçıların bir tərəfdən beynəlxalq ictimaiyyətə müraciət edib sərhəd bölgəsində atəşkəsin möhkəmləndirilməsinə köməklik edilməsini xahiş etdiklərini, digər tərəfdən də bu cür hərbi təxribatlara əl atdıqlarını deyib. Bu çirkin və məkrli siyasətin Ermənistanı uçuruma apardığını vurğulayan dövlət başçısı, ordumuz tərəfindən düşmənə dünən günorta və bu gün gecə saatlarında vurulan sarsıdıcı zərbələrin sərhədlərimizin ləyaqətlə qorunduğunun bariz nümunəsi olduğunu bildirdi.
Bu səbəblərdən də, düşünürəm ki, işğalçı və bədnam qonşularımız tarixən nə ki, müharibə meydanında, heç bir mübarizə platformasında, heç vaxt mərdliklə döyüşməmişlər və həmişə arxadan və hiyləgər üsulla zərbə vurmağa çalımışlar. Nəzərə almaq lazımdır ki, bu gün də onlar eyni və hətta daha yeni iyrənc üsullara əl atırlar. Onlar real müharibə meydanında açıq mübrizədə mütləq məğlubiyyətə uğrayacaqlarını bildiklərindən, əminliklə demək olar ki, bu dəqiqə onlar virtual mübarizə meydanı olan sosial şəbəkələrdə çaşqınlıq, ajiotaj və qarışıqlıq yarada biləcək məlumatlar paylaşmaqdadılar. Bu səbəbdən də, onların bu hiylələrinə uymaq, bilərəkdən və ya bilməyərəkdən bu təhlükəli təxribat xarakterli prosesdə hiyləgər düşmənə yardımçı olmaq olmaz.
Biz dövlətimizlə birlikdə bütöv bir cəmiyyət olaraq əsas bir faktı da ciddiyə almalıyıq ki, dövlətimiz hazırda üç cəbhədə və üç təhlükəli virusla döyüşür. Sərhəd bölgəmizdə işğalçı viruslarla, bütün dünyanı bürüyən koronavirusla və ölkəmizdə də fəaliyyət göstərən təxribatçı viruslarla.
Allahdan şəhidlərimizə rəhmət, ordumuza güc və qüvvət, dövlətimizə isə bütün növ mənfur düşmənlərinə qalib gəlməkdə yardımçı olmasını diləyirəm!
Siyasi şərhçi Xəyal Bəşirov