Prezident Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
- 23-09-2024, 12:03
- Siyasət
- 0
- 50
Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.
“Məktubda deyilir:
“Əlahəzrət,
Əziz Qardaşım,
Səudiyyə Ərəbistanı Krallığının milli bayramı – Krallıq elan edilməsi Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram.
Azərbaycan ortaq dini və mədəni köklərlə bağlı olduğu Səudiyyə Ərəbistanı ilə münasibətlərinə xüsusi önəm verir. Dövlətlərarası münasibətlərimizin hazırkı səviyyəsi qardaş xalqlarımızın bir-birinə bəslədiyi dərin rəğbət, hörmət və etimaddan güc alır. Bu sarsılmaz iradədən qaynaqlanan əlaqələrimizin ötən dövr ərzində hərtərəfli inkişaf edərək bugünkü səviyyəyə yüksəlməsi məmnunluq doğurur. Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərinin möhkəmlənməsində Sizin şəxsi töhfənizi xüsusi vurğulamaq istəyirəm.
Səudiyyə Ərəbistanının ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına göstərdiyi daimi dəstəyini və ədalətli mövqeyini Azərbaycan xalqı heç vaxt unutmur.
Biz Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrini bütün sahələrdə, xüsusilə də iqtisadi-ticari, enerji, turizm, humanitar və digər sahələrdə genişləndirmək və möhkəmləndirmək əzmindəyik. Yüksək səviyyədə qarşılıqlı anlaşmanın mövcudluğu müxtəlif sahələrdə münasibətlərimizin daha da dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır. Enerji sahəsində uğurlu və davamlı əməkdaşlıq Səudiyyə Ərəbistanı ilə münasibətlərimizin əsas istiqamətlərindən biridir. Ölkənizi təmsil edən “ACWA Power” şirkətinin Azərbaycanın alternativ və bərpa olunan enerji sektorunda fəaliyyətini yüksək qiymətləndiririk.
Beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımız və qarşılıqlı dəstəyimiz münasibətlərimizin vacib tərkib hissələrindən biridir.
Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Səudiyyə Ərəbistanı tərəfdaşlığının inkişafı yolunda birgə səylərimizi dövlətlərimizin maraqları və xalqlarımızın mənafeləri naminə bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.