İrəvanın gizli silahlanması davam edir - NƏ ETMƏLİ?
- 10-09-2024, 15:30
- Siyasət
- 0
- 141
Ermənistanın müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 8-də Cənubi Koreya Respublikasına işgüzar səfər edib. Müdafiə Nazirliyi səfərin məqsədi ilə bağlı təfərrüatlı açıqlama verməyib. Ekspertlərin təhlilincə, bir ölkənin müdafiə naziri başqa ölkəyə səfər edirsə, bunun ən azı iki səbəbi var - hərbi əməkdaşlığı inkişaf etdirmək və ya səfər etdiyi ölkənin hərbi texnikasına maraq göstərmək. İrəvanın Cənubi Koreyanın hərbi texnikasına maraq göstərdiyi deyilir. Görünür, Ermənistan Fransa, Hindistan və İrandan sonra Cənubi Koreyadan da hərbi texnika almaq istəyir. Qeyd edək ki, Cənubi Koreyanın illik müdafiə ixracatı 15 milyard dollara yaxındır. Bu ölkə dünyanın səkkizinci ən böyük müdafiə ixracatçısıdır. Cənubi Koreya tanklar, artilleriya sistemləri və bir sıra döyüş təyyarələri istehsal edir. Bəzi mütəxəssislər Cənubi Koreyanın istehsal etdiyi bir sıra hərbi texnikanın Qərb analoqlarını üstələdiyi fikrindədir. Əslində, Azərbaycan da Cənubi Koreyanın hərbi texnikasına maraq göstərib. Ötən il Koreyada keçirilən hərbi sərgidə Azərbaycanın müdafiə sənayesi naziri koreyalı həmkarı ilə görüşərək geniş fikir mübadiləsi aparmış, görüş zamanı əməkdaşlıq perspektivləri müzakirə edilmişdi.
Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov deyib ki, İrəvan hökuməti bir yandan sülhlə bağlı açıqlamalar səsləndirir, digər yandan açıq, yaxud gizli şəkildə silahlanmağa davam edir. Ekspertin fikrincə, İrəvanın sülhə yönəlik bəyanatları qeyri-səmimidir:
"İrəvan Bakının şərtlərinə əməl etməkdən yayınır. Rəsmilər davamlı sülhdən dəm vursalar da, Fransadan, Yunanıstandan, Hindistandan, Koreyadan və başqa ölkələrdən hərbi texnikalar ölkəyə daşınır. Bu da açıq-aşkar İrəvanın sülhlə imitasiya etməsi deməkdir. Ermənistanın qayəsi vaxt uzatmaq, sülhü yubatmaqdır. Özlərini "sülhpərvər" göstərməyə, problemlərin Bakıdan qaynaqlandığını sübut etməyə çalışırlar".
S.Hümbətov vurğulayıb ki, Paşinyan hökumətinin addımları sülhə yönəlik deyil: "İrəvanın hazırda sərgilədiyi ritorika mövcud gərginliyi saxlamağa hesablanıb. Silahların alınması gələcəyə hesablanmış təxribatlardan xəbər verir. Regionda sülh istəməyən xarici güclərin məqsədi tərəflər arasında sülhü gecikdirmək və bu müddət ərzində bölgədə öz maraqlarının daha çox təmin olunmasını reallaşdırmaqdır. Əfsuslar ki, Ermənistan da arxasındakı güclərə güvənərək Cənubi Qafqazda sülh istəməyənlərin çaldığı havaya oynayır. Bu məqsədyönlü "rəqsin" nə qədər davam edəcəyi bəlli deyil. Ancaq istənilən halda zaman irəlilədikcə, hər məsələdə geri düşən təcrid vəziyyətindəki Ermənistandır. Sülhün olmaması ilk növbədə İrəvana zərbədir".