Türk ölkələrinin hərbi birliyi yaradılır? - AKTUAL
- 28-08-2024, 16:00
- Siyasət
- 0
- 73
Azərbaycan siyasi, iqtisadi sahələrdə olduğu kimi hərbi sahədə də Türkiyə və Mərkəzi Asiyanın türk ölkələri ilə əməkdaşlığı dərinləşdirir.
Qeyd edək ki, Azərbaycan Türkiyə ilə yanaşı, Qazaxıstan və Özbəkistanla da hərbi təlimlər həyata keçirməyə başlayıb. 2023-cü il ərzində Azərbaycanla Türkiyə arasında 14 hərbi təlim keçirilib. Həmçinin təşkilata üzv olan digər ölkələr arasında da birgə hərbi təlimlər baş tutub. Bu ilin avqustun 20-dən 23-dək Qazaxıstanın Almatı vilayətinin Jetısu rayonun-dakı Koktal poliqonunda “Altın kıran - 2024” (“Qızıl qartal-2024”) Azərbaycan-Qazaxıstan taktiki-xüsusi təlimləri keçirilib.
Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına görə, bu ölkənin Hava Desant Hücum Qoşunlarının və Azərbaycan Ordusunun taktiki-xüsusi təlimləri ilk dəfə baş tutub.
Ümumiyyətlə, Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələr - Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında vahid ordunun əsasının qoyulması təşəbbüsünün irəli sürülməsi mümkündür?
Məsələ ilə bağlı hərbi ekspert Ramil Məmmədli “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Azərbaycan, Türkiyə və digər türk ölkələrinin vahid ordusunun yaradılması reallıqdan uzaqdır:
“Ona görə ki, hər bir ölkənin öz milli ordusu var. Amma Azərbaycan, Türkiyə və Mərkəzi Asiyanın türk ölkələri arasında hərbi birliyinin yaradılması ilə bağlı razılığa gəlmək olar. Belə bir birliyinin yaradılması istiqamətində addımlar atıla bilər. Xüsusilə vurğulayım ki, buna doğru yönələn müəyyən işartıları görürük.
Son illər Türkiyə ilə Azərbaycan, Azərbaycan ilə Qazaxıstan və Özbəkistan arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq daha da möhkəmlənir. Artıq Azərbaycan hərbçiləri təkcə Türkiyə deyil, həmçinin Qazaxıstan və Özbəkistan hərbçiləri ilə də hərbi təlimlərə cəlb olunublar.
Hərbi sahədə əməkdaşlığın dərinləşməsi və təlimlərin keçirilməsi türk ölkələrinin ordularının birgə inkişafına töhfə verə bilər. Hesab edirəm ki, TDT-nin sülhməramlı missiya üçün silahlı birləşmənin əsasının qoyulması mümkündür”.
Ekspert TDT-nin hərbi blokunun hələ uzun zamana ehtiyacı olduğunu bildirib:
“Yaxın zamanda hərbi blokun formalaşması qeyri-mümkündür. Çünki Türkiyə NATO-nun, Qazaxıstan və Qırğızıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri, Azərbaycan və Özbəkistan isə neytral ölkələrdir. Bu baxımdan hesab edirəm ki, NATO-nun üzvü Türkiyə, KTMT-nin üzvü Qazaxıstan və Qırğızıstan hərbi blokun formalaşması istiqamətində addım atmaq üçün siyasi iradə nümayiş etdirməlidirlər.
Hazırda bu, bir qədər çətin görünür və problem yarada bilər. Hər halda TDT-nin üzv ölkələri arasında hərbi sahədə əməkdaşlığın genişlənməsi optimaldır. Bu sahədə türk ölkələri fəaliyyətini davam etdirir”.