» » Deputatlara inanmayın, aparatda zarıyan xəstələrə inanın...

Deputatlara inanmayın, aparatda zarıyan xəstələrə inanın...

Deputatlara inanmayın, aparatda zarıyan xəstələrə inanın...


Ötən həftə AzTV-də qonaq olanda, həmkarlarımdan biri ilə aramızda fikir ayrılığı yarandı. Gənc, həm də perspektivli jurnalist dostum dedi ki, koronavirusun olduğuna dair təbliğatı ayrı-ayrı deputatlar apardığı üçün xalq bu xəstəliyin mövcudluğuna inanmır...

Oxşar iradlarla əvvəllər də qarşılaşmışıq. Hələ mart ayında sərt karantin rejimi tətbiq olunanda ağız büzən, təhlükənin miqyasını anlamayan xeyli adam vardı. “Koronavirus adlı xəstəlik yoxdur, hamısı siyasətdir”- deyib, etinasızca barmaq silkəyən adamlarla hər tində qarşılaşmaq olurdu. Hökumət vəziyyətin təhlükəli xarakter aldığını görəndə, təbliğat kampaniyasına start verdi. Bundan sonra ən müxtəlif peşə sahibləri insanları evdə qalmağa səslədilər.

Şəxsən mən hazırda koronavirusun olduğuna şübhə ilə yanaşan bir Allah bəndəsi də tanımıram. Çünki hər birimizin tanıdığı adamların arasında virusa yoluxanlar var. Hətta hər birimizin tanıdığı adamların arasında virusdan dünyasını dəyişənlər də var. Demək ki, koronavirusun mövcudluğuna şübhə etməyə səbəb yoxdur.

Nəhayət, mətləbə keçmək istəyirəm. Tutaq ki, deputat Cavid Osmanov koronavirusun təhlükəli xəstəlik olduğuna dair təbliğat aparır. İndi bizi Osmanov yoldaşın dilinə heç vaxt düz söz gəlmədiyini əsas götürüb, koronavirusun olduğuna inanmamalıyıq? Mən bu məntiqə, əslində isə məntiqsizliyə etiraz edirəm. Biz niyə gözümüzün qabağında koronavirusdan ölən adamlara deyil, hansısa deputata inanmalıyıq? Hansısa deputata inanmamağa haqqımız var. Koronavirusa yoluxduğu üçün qoşulduğu aparatda zarıyan xəstəyə inanmamağa isə haqqımız yoxdur.

Yuxarıda da qeyd etdiyim kimi, Azərbaycanda koronavirus adlı bəlanın olduğuna inanmayan adam qalmayıb. Çox pakizə. Yaxşı, biz koronavirusa inanıb, nəyə nail olmuşuq? Tövsiyələrə hamılıqla əməl edirikmi? Təəssüf ki, bu suala müsbət cavab vermək üçün əlimzidə nəinki səbəb, heç bəhanə də yoxdur. Dağda-bağda övladlarına xəlvətcə toy edən bizim qohum-qardaşlarımız, əsgər yoldaşlarımızdır. Nişan mərasimində cərimələnənlər də dayımız uşaqlarıdır. Dünyadan köçən qohumuna gizlincə ehsan verən, sağlam adamları xəstə qonşularıyla bir masa arxasında oturtduran, bir gündə 48 nəfəri virusa yoluxduran da yenə biz özümüzük. Sağa-sola boylanıb, heç kimin bizi görmədiyinə əmin olandan sonra karantin rejimini pozan natəmiz restoranın qapısından özünü içəri dürtən də yenə bizik. Pula həmişəkindən daha çox ehtiyac duyulduğu bu çətin vaxtda ədəbazlıq edib maska taxmayan da yenə biz özümüzük...

Dədə Qorqudun məşhur kəlamını xatırlayırsınızmı? Torpağı qorumadınsa, əkib-becərməyə dəyməz. Torpağı əkib-becərmədinsə, qorumağa dəyməz.

Təxminən oxşar vəziyyət yaranıb. Xəstəlikdən özümüzü qorumuruqsa, onun mövcudluğuna inanmağın heç bir əhəmiyyəti yoxdur...
Seymur VERDİZADƏ //yenisabah.az//
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Sentyabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Qalereya