ABŞ-ın Orta Asiya planı Bakının geopolitik iradəsinə bağlıdır: Ağ Evin strateji hədəfləri Ermənistanı təhdid edir
- 2-08-2024, 09:17
- Siyasət
- 0
- 53
ABŞ Orta Asiyanın da Rusiya və Çindən uzaqlaşdırılması üzrə ssenari üzərində işlədiyini biruzə verməyə başlayıb və Ağ Ev yaxın gələcəkdə bu regionu nəzarət altına almağı planlaşdırır... Əgər, Ağ Ev bu strateji hədəfini reallığa çevirərsə, onda ABŞ Rusiyanın cənub sərhədlərinə yerləşmək imkanı qazanacaq, Kreml ölkə daxilinə sıxışdırılmış olacaq...
ABŞ-ın Cənubi Qafqazda xüsusi strateji hədəfləri mövcuddur. Halbuki, son vaxtlara qədər Ağ Ev bu regiondakı əsas maraqlarını yalnız Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olması üzərindən izah etməyə daha çox üstünlük verirdi. İndi isə ABŞ-ın rəsmi dairələri bu regionla bağlı özəl planları barədə müəyyən məqamları açıq mətnlə gündəmə gətirməyə də başlayıblar. Və bu, o deməkdir ki, Ağ Ev regional sülh prosesi üzərindən manipulyasiyalarla yanaşı, konkret hədəflərinin icrasına da start vermək üzrədir.
Onu da qeyd etmək lazımdır ki, ABŞ-ın Cənubi Qafqazda əsas strateji hədəfi məhz Rusiyanı bu regiondan sıxışdırıb, çıxartmağa nail olmaqdır. Çünki bu önəmli hədəfə çatmadan ABŞ-ın daha uzaqgedən planlarının reallaşdırılması demək olar ki, mümkün deyil. Ona görə də, hazırda Ağ Ev Rusiyanın əsas regional dayağını sıradan çıxartmağa cəhd göstərir. Və bu mərhələdə ABŞ-ın maraqlarına xidmət göstərən yeganə "regional geopolitik alət" rolunda məhz Ermənistan çıxış edir.
Məsələ ondadır ki, 2020-ci ildə - II Qarabağ savaşından sonra Ağ Evdə nəhayət, ABŞ-ın Cənubi Qafqaza hər hansı təsir faktorunun olmadığını anlamağa başladılar. Xüsusilə də, Azərbaycan və Ermənistan arasında başladılmış sülh prosesində ABŞ və Qərb iştirak etmirdi. Yəni, müəyyən mənada, oyundan kənar vəziyyətə düşərək, sadəcə, müşahidəçi statusunda qalmışdı. ATƏT-in Minsk Qrupunun qeyri-rəsmi olaraq, "dəfn edilməsi" ABŞ-ın Cənubi Qafqaza yeganə müdaxilə mexanizminin sıradan çıxarılması anlamı daşıyırdı.
Sonrakı mərhələdə Ağ Ev bütün bu çatışmazlıqları məhz Ermənistanın vasitəsilə aradan qaldırmaq qərarına gəldi. Bütün sahələr üzrə tamamilə Rusiyadan asılı vəziyyətdə olan Ermənistanın Qərbə yaxınlaşdırılması prosesinə start verildi. Yəni, ABŞ və Qərb həm Rusiyanın Cənubi Qafqazdakı əsas dayaq nöqtəsi olan Ermənistanı Kremlin əlindən almağa, həm də bu regionda rəsmi İrəvanın timsalında özünə "for-post" yaratmağa cəhd göstərirdi. Və hazırda bu hədəfin reallaşdırılması prosesi müəyyən mənada, yarımçıq xarakter daşıyır.
Çünki ABŞ və Qərb hələlik Ermənistanı Rusiya asılılığından çıxartmağa nail olmayıb. Yaxın gələcəkdə də Ağ Evin bunu edə biləcəyi hələlik o qədər də inandırıcı görünmür. Hər halda, bunun üçün on milyardlarla dollar vəsait və illərlə zaman lazımdır. Halbuki, Ağ Ev hazırda Ermənistanın tam da olmasa, yalnız siyasi cəhətdən Rusiyanın təsir dairəsindən çıxartmağa nail ola bilib. Və Ağ Evdə hesab edirlər ki, məhz bu faktor üzərindən hərəkət ediləcəyi təqdirdə, elə bir ciddi xərc çəkmədən də ABŞ-ın strateji hədəflərini reallaşdırmaq mümkündür.
Maraqlıdır ki, Ağ Ev indi ABŞ-ın Cənubi Qafqaz və bu region üzərindən nail olmağa çalışdığı strateji hədəflərin icrasına başlayıb. Hər halda, ABŞ-ın rəsmi dairələrindən verilən son açıqlamalar Ağ Evdə qurulan uzaqgedən planları təsəvvür etmək imkanları verir. Üstəlik, bu planlarda "geopolitik alət" olan Ermənistana ayrılmış rolun da məzmunu ortaya çıxır. Və belə anlaşılır ki, indi rəsmi İrəvan Ermənistanın gələcək taleyi barədə daha ciddi şəkildə düşünməli olacaq.
Məsələ ondadır ki, Ağ Ev bir tərəfdən Ermənistan ictimai rəyini reallaşdırmayacağı vədlərlə məmnun etməyə çalışır. Digər tərəfdən isə ABŞ-ın Cənubi Qafqaz, Xəzəryanı və Orta Asiya ilə bağlı planlarını gündəmə gətirərək, on plana çəkir. Üstəlik, Ağ Ev öz geopolitik hədəflərini reallaşdırmağa çalışdıqca, ABŞ üçün Ermənistanın gələcək taleyinin ümumiyyətlə, elə bir ciddi əhəmiyyətə malik olmadığı da dəqiqləşir. Və Ermənistan üçün ən real təhlükəsizlik problemləri də əslində, məhz bu önəmli məqamdan qaynaqlanır.
ABŞ dövlət katibinin yardımçısı Ceyms Obrayen Cənubi Qafqaz və Ermənistan haqqında danışarkən, əslində, Ağ Evin Orta Asiya ilə bağlı radikal dəyişiklik planını açıqlayıb. O, bildirib ki, Orta Asiya dövlətlərinin yeni ticarət marşrutlarına ehtiyacı var. Belə ticarət marşrutunu isə indi yalnız məhz Ermənistan və Azərbaycan üzərindən açmaq mümkün ola bilər. Halbuki, geopolitik reallıqlar və strateji maraqlar nəzərə alındıqda, bu məsələnin həlli o qədər də asan deyil. Və bu baxımdan, ABŞ-ın bu strateji planı müəyyən mənada, bəzi suallara da yol açır.
Nəzərə almaq lazımdır ki, Orta Asiya ölkələri hazırda Rusiya və Çin üzərindən dünya bazarlarına çıxış imkanlarına malikdirlər. Elə məhz bu reallıq Ağ Evi qətiyyən qane etmir. ABŞ rəsmi dairələri hesab edirlər ki, mövcud situasiya Orta Asiya regionuna Rusiya və Çinin nəzarətini tamamilə təmin edir. Ağ Evin əsas hədəfi odur ki, Orta Asiyanın da Rusiya və Çindən uzaqlaşdırılması təmin edilsin. Və indi əsas diqqət məhz bu hədəfə yönəldilib.
Belə anlaşılır ki, Ağ Evdə Orta Asiyanın nəzarət altına alınması ilə bağlı planlar qurmağa başlayıblar. Əgər, bu strateji plan reallığa çevrilərsə, onda ABŞ Rusiyanın cənub sərhədlərinə yerləşmək imkanı qazanmış olacaq. Nəticədə Rusiyanın öz sərhədləri daxilinə sıxışdırılması prosesində böyük uğurlar qazanılacaq. Və həm Rusiyanın, həm də Çinin öz sərhədləri ətrafında ABŞ-ın belə rahat yerləşməsinə müşahidəçi qalacağına isə inanmaq çox çətindir.
Digər tərəfdən, Ağ Ev Orta Asiya plana nail olmaq üçün əvvəlcə Cənubi Qafqazda da buna imkan verən addımlar atmalıdır. İlk növbədə Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması qaçılmaz xarakter daşıyır. Yalnız bundan sonra Azərbaycan və Ermənistan əraziləri üzərindən Orta Asiyaya doğru iqtisadi-ticari marşrutun yaradılması mümkün ola bilər. Çünki bütün bunlar məhz Zəngəzur dəhlizinin açılmasını tələb edir. Və Ağ Evin bu strateji planları Azərbaycanın geopolitik iradəsinə bağlıdır, ABŞ-ın Ermənistanın maraqlarına əhəmiyyət verəcəyinə isə yalnız sadəlövhlər inana bilər.(musavat.com)