Sülhə beləmi gəlirlər? - AKTUAL
- 30-07-2024, 16:00
- Siyasət
- 0
- 51
2023-cü ilin payızında Azərbaycanın Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirərək ərazi bütövlüyünü bərpa etməsi Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əlverişli zəmin yaratdı. Rəsmi İrəvanın da bütün açıqlamalarında Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasını açıq şəkildə bəyan etməsi, nəhayət ki, sülh müqaviləsinin imzalanmasına əsaslı ümidlər yaratmışdı.
Amma son vaxtlar Ermənistanın müxtəlif dövlətlər tərəfindən silahlandırılması və təxribat xarakterli addımlar Nikol Paşinyan hakimiyyətini sülhdən uzaqlaşdırır. Sülh və regional sabitlikdən danışan Ermənistan sülh müqaviləsinin imzalanmasını süni şəkildə ləngidir və sürətlə hərbləşməyə gedir.
Mövzu ilə bağlı “Sherg.az”a danışan siyasi şərhçi Cəmaləddin Quliyev bildirib ki, kifayət qədər ciddi proqnozları ilə tanınan “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Ermənistanla Azərbaycan arasında ciddi problemlərin mövcud olmasına rəğmən iki ölkə arasında münaqişənin eskalasiyasını istisna edir:
“Hesab edirəm ki, bundan əvvəl Azərbaycan və Ermənistan rəhbərlərinin, eləcə də ABŞ dövlət katibinin sülh gündəliyi haqda bəyanatlarının ciddi əsasları var. Bu mənada sülh gündəliyi davam edir. Amma təəssüf ki, bəzi ritorikalar sülh gündəliyinə uyğun deyil. Xüsusilə də Ermənistanda artan revanşist ritorikadan bəhərələnmək istəyən üçüncü qüvvələr yetərincə çoxdur. Bu, ilk növbədə Qərbdəki bəlli dairələrin fəaliyyətinə aiddir. Erməni lobbisinin davamlı fəaliyyəti sayəsində Azərbaycana edilən hərbi yardımın kəsilməsi fonunda ABŞ-nin Ermənistana hərbi yardımı durmadan artırıb. Belə təşəbbüs hələ II Qarabağ savaşından dərhal sonra ANKA və ABŞ Konresindəki erməni korpusu tərəfindən irəli sürülmüşdü”.
Analitik vurğulayıb ki, Qərbdə danışıqlarda Azərbaycanın üstün mövqedən şərtlərini irəli sürməsi qarşısında öz maraqlarını qoruya bilməsi üçün Ermənistanın silahlandırılmasına, gücləndirilməsinə ehtiyac var kimi yanlış fikir formalaşıb:
“Hərçənd verilən silahlarla bu hədəfə nail olunduğunu da söyləmək ciddi deyil. Məsələn, Fransanın Ermənistana satacağı “Sezar” haubitsalarının analogiyası(DANA haubitsaları) Azərbaycan ordusunun arsenalında çoxdan var. Hindistanın təqdim etdiyi silahlar haqda da eyni fikiri söyləmək olar. Təəssüf doğuran regionun sülhə bu qədər yaxınkən Ermənistanın zorla silahlanmaya, hərbi xərcləri artımaqla psioloji savaşı davam etdirməyə sürüklənməsidir. Ermənistan əlbəttə ki, vəziyyətdən maksimum az ziyanla çıxmaq üçün məqamdan istifadə edərək darmadağın olmuş ordusunu sürətlə bərpa etmək istəyir. Lakin bu istəklə ölkədə heç bir siyasi qüvvəyə reral etimadın olmaması arasında bir uyğunsuzluq var. Mövcud Paşinyan hakmiyyətinin orduya sonacan etimad bəslədiyini, onu ciddi şəkildə gücləndirməkdə maraqlı olduğunu güman etmirəm”.