İrəvan "3+3" regional formatından niyə yayınır? - AKTUAL
- 29-07-2024, 15:30
- Siyasət
- 0
- 48
İrəvan Türkiyədə keçiriləcək “3+3” formatında görüşündə iştirakla bağlı hələ qərar verməyib.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bundan əvvəl İranın Ermənistandakı səfiri Mehdi Sobhani Xarici İşlər Nazirliyi rəhbərlərinin “3+3” formatında növbəti görüşünün yaxın vaxtlarda Türkiyədə keçiriləcəyini bildirmişdi.
“Əgər “3+3” regional platformasının üçüncü iclasında Ermənistanın mümkün iştirakı ilə bağlı konkret razılaşmalar olarsa, ictimaiyyətə məlumat veriləcək”, - deyə Ermənistan XİN-dən qeyd ediblər.
Maraqlıdır, Ermənistan "3+3" formatının Türkiyədə keçiriləcək iclasında iştirak edəcək, yoxsa yox? Nəyə görə, Qərb hər vasitə ilə Ermənistanı Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması prosesindən uzaqlaşdırır?
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli "Cebheinfo.az"-a açıqlamasında qeyd edib ki, Azərbaycan və Türkiyə tərəfindən əsası qoyulan "3+3" formatı Qərbin regionla bağlı geosiyasi maraqlarına ziddir:
"Bildirim ki, "3+3" formatı Cənubi Qafqaz üçün ən önəmli əməkdaşlıq və tərəfdaşlıq formatlardan biridir. Bu format kənar güclərin regiona müdaxiləsinin qarşısını ala biləcək bir formatdır.
Təbii ki, "3+3" formatı çərçivəsində qarşlıqlı əməkdaşlıq və tərəfdaşlıq ABŞ, Avropa İttifaqı və Fransaya sərf etmir. Hesab edirəm ki, Ermənistanın Türkiyədə keçiriləcək "3+3" formatının növbəti toplantısında iştirak etmək ehtimalı o qədər də yüksək deyil. Çünki bunun üçün İrəvan ilk növbədə ABŞ, Avropa İttifaqı və Fransadan icazə almalıdır.
Böyük ehtimalla, Qərb siyasi dairələri Ermənistana "3+3" formatının növbəti toplantısında iştirak etməyə icazə verməyəcəklər. Eyni zamanda, Qərb Ermənistanı Azərbaycanla sülhə, eləcə də Türkiyə ilə münasibətlərin normallaşması prosesindən uzaqlaşdırmağa çalışır.
Onların əsas məqsədi Cənubi Qafqazda daim gərginliyin davam etməsinə nail olmaqdır. Məhz proseslərin hansı istiqamətə yönələcəyi Qərbin mövqeyindən asılı olacaq".