» » Bakıdan gələn xəbər həyəcan yaratdı: Vaşinqtonda hazırlıq sürətləndi - GƏLİŞMƏ

Bakıdan gələn xəbər həyəcan yaratdı: Vaşinqtonda hazırlıq sürətləndi - GƏLİŞMƏ



“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- ABŞ sülh prosesi ilə bağlı fəallığını artırıb, dövlət katibinin köməkçiləri tez-tez Bakı və İrəvana səfər edirlər, az qala hər gün Dövlət Departamentindən mövzu ilə bağlı açıqlama verilir. Vaşinqtonun artan fəallığı nədən xəbər verir?

- ABŞ-nin fəallığının arxasında iki səbəb dayanır. Birincisi, amerikalı diplomatlar hiss edirlər ki, müəyyən suallara baxmayaraq, Azərbaycan-Ermənistan danışıqları irəliləyib. Çox güman ki, bu barədə məlumatlara da malikdirlər. Sərhədlərin bir hissəsi müyyənləşib, sülh danışıqları davam edir və sair. Düzdür, yenə də arada atəşkəs pozulur, amma proses gedir. Ümumi xətt budur ki, ABŞ prosesdə rol almaq istəyir, bununla da Cənubi Qafqazda mövqelərini gücləndirməyə çalışır. Hər bir güclü dövlət istəyər ki, bölgədə maraqları qorunsun. Məsələn, Fransa geridə qalır.

Keçmiş Minsk qrupunun üç həmsədr ölkəsindən ikisi fəaldır. Dövlət Departamentinin bölgə üzrə xüsusi nümayəndəsi Lui Bono tez-tez Bakı və İrəvanda olur, bu, onun rusiyalı həmkarı İqor Xovayevə də aiddir. Fransa Xarici İşlər Nazirliyinin də Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi var: Bris Rokföy. Fransalı diplomat Bakıda sonuncu dəfə iki qabaq olub, bundan sonra onu obyektiv səbəblərə görə Azərbaycanın paytaxtında qəbul etməyiblər. Çünki Makron ermənipərəst siyasətini davam etdirir. Rokföy iki il əvvəl Bakıda olan ümid edirdik ki, bəlkə Paris az da olsa, Cənubi Qafqaz siyasətini korrektə edəcək. Bunu eləmədi, ona görə də Fransa Bakıda qəbul olunmadı və vasitəçilik imkanları itirdi. Fransa Makronun yanlış siyasətinə görə, Fransa ABŞ və Rusiyadan geridə qalır.

ABŞ Fransadan fərqli olaraq, fəaldır. Çünki bilirlər və hiss edirlər ki, danışıqlar irəli gedib və burada bir pay almaq istəyirlər. Başqa bir səbəb ABŞ-Rusiya rəqabəti ilə əlaqəlidir. Rusiya Cənubi Qafqazı ABŞ-yə təslim eləmək istəmir. ABŞ-nin Azərbaycanla yanaşı, Gürcüstan və Ermənistanla da münasibətləri yaxşıdır. Bir müddət öncə Co Bayden Bakıda keçirilən beynəlxalq neft-qaz sərgisinə məktub ünvanlamışdı, Prezident İlham Əliyev bunu yüksək qiymətləndirmişdi. Eenerji təhülkəsizliyi sahəsində Bakı ilə Vaşinqton arasında sıx dialoq var.

Bu iki səbəbə görə Vaşinqton bölgədə fəaldır, tez-tez Bakı və İrəvana səfər və telefon zəngləri olur. Ceyms Obrayen ötən həftələrdə İrəvanda olmuşdu, balansı qorumaq üçün oradan Bakıya gələ bilərdi, amma Vaşinqtona qayıtdı. Sona nə fikirləşdirlərsə, Obrayenin Bakıya getməsinə qərar verdilər. Demək, bölgəyə maraqları o qədər yüksək səviyyədədir ki, uzun yol da onlara mane deyil. Cənubi Qafqaz uğrunda ciddi rəqabət gedir və bu rəqabətdə ABŞ Rusiyadan geri qalmaq istəmir.

- Mövqelərin yaxınlaşdığı vaxtda Fransa niyə Ermənistana hücum silahları göndərmək qərarına gəldi, ümumiyyətlə, Parisin prosesi pozmaq imkanları nə qədərdir?

- Fransa ancaq Ermənistana hərbi texnika göndərməklə prosesi poza bilər. Təəssüf ki, bu pozuculuqla da məşğuldur. Fransa prezidenti və ətrafı anti-Azərbaycan siyasətində imtina etmək istəmir, bu, bəlli oldu. Üstəgəl, Yeni Kaledoniyada baş verənlərə görə Azərbaycanı “günahkar” sayırlar. Fransa və Azərbaycan arasında körpülər yandırılıb, nə qədər Makron orada hakimiyyətdədir, bu, belə də davam edəcək. İndi Fransa parlamentinə seçkilər keçiriləcək, əgər Makronun partiyası Avropa Parlamentinə seçilərdə olduğu kimi bu dəfə də uduzsa, özünün prezidentliyi şübhə altına düşəcək. Əsas rəqibi Le Pen məğlub olacağı halda, Makronun istefasının gərəkliliyini bildirir. Amma bu o demək deyil ki, Le Pen gəlsə, Fransanın Cənubi Qafqaz siyasəti dəyişəcək.

Le Pen Makrondan da betər ermənipərəstdir. Hətta 44 günlük müharibədən əvvəl demişdi ki, Qarabağı Ermənistana vermək lazımdır. Gözləməyək ki, Makronun yerinə gələn şəxs Azərbaycan siyasətini korrektə edəcək.

Fransa Ermənistana silah verir və bunu nümayişkaranə şəkildə həyata keçirir. Azərbaycan da müxtəlif dövlətlərdən silah alır, amma belə nümayişkaranə tədbirlər keçirmir, fotolar paylaşılmır, kameralar önündə əllər sıxılmır, sazişlərin imzalanması publik şəkildə edilmir. Amma Suren Papikyanı Parisdə nümayişkaranə şəkildə qəbul etdilər, İrəvana “Sezar” sistemləri verəcəklərini dedilər. Bunlar sırf anti-Azərbaycan addımlarıdır.

Ermənistana silah vermək istəyirdilərsə, gözləməli idilər ki, məsələlərin həlli yekunlaşsın. Amma indi bunu nümayişkaranə şəkildə etməklə göstərirlər ki, anti-Azərbaycan mövqeyindədirlər, Ermənistanı dəstəkləyirlər. Makron hakimiyyətdə olduğu müddətdə bu siyasətin dəyişəcəyini düşünmürəm. Amma itirən Fransa oldu. Çünki təkcə Ermənistan üzərindən Cənubi Qafqazda möhkəmlənmək olmaz. Məsələn, ABŞ-nin bölgənin hər üç dövləti ilə yaxşı əlaqələri var. Bakı və İrəvan da Vaşinqtonun vasitəçilik təşəbbüslərinin əleyhinə deyil, amma Azərbaycan Fransanın əleyhinədir. Əvvəllər Makron Bakıya zəng edirdi, indi bu da kəsilib. Münasibətlər elə bir kritik yerdədir ki, heç telefon zəngləri də olmur.

- Fransa kimi Rusiya da işlərin rəvan getməsindən məmnun görünmür. Məsələn, Mariya Zaxarova Armen Qriqoryanın “Qarabağı Azərbaycana Rusiya qaytardı” sayıqlamasına elə o tonda cavab verdi. Hətta Zaxarova Qriqoryanın da önünə keçərək, Qarabağda ölən separatçıları “öz əraziləri uğrunda canlarını qurban verənlər” adlandırdı. Niyə Rusiya hələ də Qarabağa “erməni ərazisi” kimi baxmaqdan usanmır, bu rahat sayğısızlığının izahı nədir?

- Qriqoryanın açıqlaması təxribatdır, başdan ayağa yalandır. Qarabağı Azərbaycanın qəhrəman ordusu azad edib, 3 min şəhid vermişik, Şuşanı əliyalın qaytarmışıq. Yəni Rusiya bizə heç nə verməyib. Rusiyadan olsaydı, bizə bu imkanı verməzdi. Qarşımızda Rusiya olmasaydı, Xankəndi və bütün Qarabağı 2023-cü il yox, 2020-ci ildə geri alardıq, mühasirəyə düşmüş 15 minlik erməni ordusunu darmadağın edərdik. Rusiya bizə mane oldu, üçtərəfli bəyanat imzalandı. Yəni Rusiya Ermənistana böyük yaxşılıq elədi, nəinki bizə.

Müharibə günlərində Ermənistan ordusunu silahlandıran kim idi? Rusiy! Dövlət başçısı İlham Əliyev də bildirdi ki, “İskəndər M” raketləri Ermənistana verilməməliydi. Ermənistan o günlərdə Mingəçevir, Tərtər, Gəncə, Bərdə və digər şəhərlərimizi Rusiya raketləri ilə bombalamışdı, nəticədə mülki insanlarımız həlak oldular. Bu silahlar Ermənistana Mərkəzi Asiya və İran üzərindən çatdırılmışdı. Qriqoryan niyə bunu unudur? Heç kim Qarabağı bizə nimçədə verməyib, biz onu öz qəhrəmanlığımızla, Ali Baş Komandanımızın əmri ilə azad etmişik. Bu işi qəhrəman ordumuz görüb.

Zaxarovaya gəlincə, qaş düzəltdiyi yerdə vurub göz çıxardı. Guya Qriqoryana cavab verir. Görün nə deyir: “Qriqoryan öz əraziləri (?) uğrunda savaşan və canlarını verən erməniləri aşağılayıb”.

Əslində, bu, anti-Azərbaycan açıqlamasıdır. Hansı “qəhrəmanlıq”dan söhbət gedir? Onlar işğalçıdırlar, biz isə öz torpaqlarımızı azad eləmişik. Məntiqsiz açıqlamadır. Bunu ya bilərək, ya da bilməyərək deyib. Amma bilməyərəkdən olduğunu düşünmürəm, sanki bizə də bir mesaj göndərirlər.

Rusiyanın Xankəndidə konsulluğunun açılmasını təklif edən Federasiya Şurasının komitə rəhbəri Qriqori Karasinin də mövzu ilə bağlı açıqlaması müəmmalıdır. Əslində, Xankəndi ilə bağlı açıqlaması da məntqsiz idi. Niyə Rusiyanın Xankəndidə konsulluğu olmalıdır? Orada rus yaşamır, ermənilərin də sayı azdır. Konsulluq açmaq istəyirsinizsə, ikinci böyük şəhərimiz Gəncədə açın. Türkiyənin də Gəncədə konsulluğu var. İndi Qriqoryana cavab verən həmin Karasin söyləyir ki, o, səhv deyir, Rusiya Ermənistana kömək edib, bunu erməni rəsmiləri yaxşı bilirlər. Karasin nəyi nəzərdə tutur? Bəlkə Karasin demək istəyir ki, Rusiya kifayət qədər silah-sursat göndərdi, Qarabağın separatçıların nəzarətində qalmasına çalışdı, amma qərbpərəst Paşinyan işləri korladı. Bir sözlə, Qriqoryanın açıqlaması nə qədər təxribatçıdırsa, Rusiya rəsmilərinin ona cavabları da bir o qədər təxribatçıdır.

- Rusiya rəsmilərinin təkrarlanan bu iddiaları onu deməyə əsas vermirmi ki, hələ də Qarabağla bağlı separatçı niyyət və planlarından vaz keçməyiblər?

- Rəsmilərinin açıqlamaları ondan xəbər verir ki, Rusiyanın siyasətində köklü dəyişiklik baş verməyib. Rusiya ətrafındakı bütün ölkələri özünün “arxa bağça”sı hesab edir. Azərbaycanın Rusiya ilə heç bir problemi yoxdur. Rusiya iki amil üzərindən Azərbaycana təsir edə bilirdi: separatçılar və 2020-ci ildə Qarabağda yerləşdirdiyi sülhməramlılar. İki məsələnin ikisini də həll elədik. Bütün Qarabağa nəzarətimizi bərpa etdik, separatizmə son qoyduq və Rusiya sülhməramlılarına burada ehtiyac qalmadı, çıxıb getdilər. Yəni Rusiyanın iki təsir imkanlarını ortadan qaldırdıq.

Azərbaycan Rusiya ilə qarşılıqlı hörmətə əsaslanan bərabərhüquqlu və normal münasibətlər istəyir. Amma belə açıqlamalar veriləndə bizdə suallar yaranır ki, nə deməyə çalışırlar, yenə də Azərbaycan ərazisində separatizm yaratmaq və bu yolla bölgədə maraqlarını qorumaq istəyirlər? Məncə, biz tarixdən dərs almışıq, 200 illik bir təcrübə var. Rusiya erməniləri Anadolu və İrandan gətirib Qarabağ Xanlığında yerləşdirdi, silahlandırdı və bizə problem yaratdı. Erməniləri Azərbaycana qarşı əvvəl Rus İmperiyası, sonra Sovet Rusiyası himayə elədi, Qarabağın işğalı və Xocalı soyqırımında sovet-rus qoşunları dolayı və birbaşa iştirak etdilər. Biz bütün bunlardan dərs çıxarmışıq.

Bəli, Rusiya ilə normal əlaqələr istəyirik, ticarət olsun, amma daxili işlərimizə qarışmasınlar. Xankəndidə konsulluq açmaq daxili işlərimizə qarışmaqdır. Azərbaycanın şəhərlərindən birində xidmət göstərəcək bir konsulluğun açılması təklifi ilə çıxış etsələr, bunu anlamaq olardı, amma yeni azad edilmiş və heç bir rusun yaşamadığı Xankəndidə konsulluq açmaq istəyi nə anlama gəlir? Sanki Türkiyə ilə yarışa giriblər ki, onların Şuşada konsulluqları olacaqsa, Rusiyanın da Xankəndidə konsulluğu olacaq. Axı Türkiyə və Rusiya bizim üçün tərəzinin eyni gözündə dayana bilməz. Türkiyə bizim qardaşımız və strateji müttəfiqimizdir, ortada Şuşa bəyyanaməsi var. Anlayışlar var: strateji tərəfdaş, strateji müttəfiq və sair. Türkiyə bütün bunların fövqündə dayanır.

Bəli, Rusiya ilə də münasibətləri “strateji tərəfdaşlıq” adlandırmaq olar, Rusiyanın maraqlarını da nəzərə alırıq. Məsələn, Qoşulmayanlar Hərəkatının üzvüyük, qarşımıza nə NATO, nə də KTMT-yə üzvlük hədəfi qoymuşuq. Bu günlərdə Ukrayna ilə bağlı sülh forumu keçirildi, Azərbaycan orada da iştirak etmədi, halbuki Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik, humanitar yardım edirik. Ukrayna bizə dost dövlətdir, amma buna baxmayaraq, Rusiyanı qıcıqlandıracaq addımlar da atmırıq, müəyyən şeyləri anlayırıq. Ancaq Zaxarova, Karasin, Zatulin və bəzi digər Rusiya rəsmilərinin açıqlamaları başqa şeylərdən xəbər verir. Bu açıqlamalardan hiss olunur ki, bunlar təkcə onların fikirləri deyil.

Yenə də Cənubi Qafqazı özlərinin “arxa bağça”ları hesab edirlər, amma reallıq artıq dəyişib. Bəli, Ermənistan hərtərəfli şəkildə Rusiyadan asılıdır, amma Azərbaycanla bağlı durum fərqlidir, elə bir asılılığımız yoxdur. Rusiya artıq onu da qəbul edib ki, Türkiyə Azərbaycanda yerləşib, bu etirafı Putinin özü dilə gətirib. Rusiya bu reallığı dəyişə bilməz, bu, iki qardaş dövlətin qərarıdır. Bu reallıq da bizim maraqlarımıza xidmət edir.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya