Ona inanmaq olarmı? - Görünəni odur ki...
- 27-06-2024, 14:22
- Siyasət
- 0
- 57
Elçin Alıoğlu - TREND
Azərbaycanla Ermənistan arasındakı sülh danışıqları və münasibətlərin normallaşmasına yönəlmiş təmaslar regiondan çox kənardakı ölkələrlə gücləri narahat edir.
Ermənistan Azərbaycandan sülh sazişi layihəsi ilə bağlı yeni təkliflər paketi alıb.
Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu artıq sülh sazişi layihəsi ilə bağlı tərəflər arasında mübadilə olunan 10-cu paketdir.
Ermənistanın baş naziri Nikol Paşinyanın son bəyanratları ölkədəki hakimiyyətin revanşist və xüsusilə də radikal müxalif qüvvələrin etiraz aksiyalarının öhdəsindən gəldiyinin görüntüsü yaratmaq məqsədi güdür.
Daxili siyasətdəki turbulentliyi aradan qaldırmağa və xarici siyasətdə rəvan münasibətlərə can atdığını vurğulayan N.Paşinyan bəyanatları ilə adekvat geosiyasi mövqe tutan ölkə lideri olduğunu özünə, sonra da ermənilərə nümayiş etdirmək fikrindədir.
Ermənistan gerçəkdən də, şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası prosesini başa vurmaq, yekun sülh müqaviləsi imzalamaq, kommunikasiyaları bərpa etmək fikrindədir?
Əfsuslar olsun ki, bəyanatlarla real siyasət, qərarlar və addımlar arasında ciddi fərq var.
Ermənistan gerçəkdən də Cənubi Qafqazda sülhün və stabilliyin bərqərar olmasını istəyirsə, rəsmi Bakı ilə münasibətlərin normallaşmasına can atırsa, ilkin addım qismində Konstitusiyasına zəruri dəyişikliklər etməlidir.
Azərbaycana qarşı ərazi iddialarının yer alaraq qanuniləşdirildiyi müddəanın olduğu sənəd indiki vəziyyətdə qaldıqca Ermənistanda revanşist və ultrairqçi, etnik və dini zəmində düşmənçiliyi təbliğ edən qüvvələrin ifrat dərəcədə aktivləşməsi istənilən zaman mümkündür.
Nikol Paşinyan "real Ermənistan"la mifik "tarixi Ermənistan" arasında fərqlərdən, ermənilərin mövcud vəziyyəti anlamalarının vacibliyindən çox danışsa da, Konstitusiyaya zəruri və hətta qaçılmaz dəyişikliklər olmadan sözügedən ritorika adi demaqogiyadan savayı heç nə deyil.
"Xalqın siyasi və hakimiyyət elitalarına, yəni bizə göndərişi budur: bizim yaşamağımız, sadəcə yaşamağımız üçün şərait yaratmağa hazırsınızmı? Ermənistan xalqı Qolqofaya getmək yox, yaşamaq, övladlarını dünyaya gətirmək və onlar üçün rifahlı həyat təmin etmək istəyir. Bunun üçün ən mühüm vasitənin - dövlətin olduğunu nəzərə alsaq, real istəkdir", - Nikol Paşinyan deyib.
Belə təəssürat yarana bilər ki, N.Paşinyan Ermənistan cəmiyyətinin və ümumiyyətlə, ermənilərin paradiqmasını dəyişmək fikrindədir.
Halbuki sadəcə, söz yığınıdır.
Sülhdən, əmin-amanlıqdan, münasibətlərin normallaşmasından danışan Nikol Paşinyan bütün bunlarla eyni vaxtda Cənubi Qafqazda vəziyyəti maksimal dərəcədə gərginləşdirməyə, Azərbaycanla Ermənistan arasında yeni hərbi əməliyyatlara can atan Fransa ilə əlaqələri sürətlə genişləndirərək aktivləşdirir.
Fransa Ermənistana 155 mm çaplı 36 "Ceasar" özüyeriyən artilleritya qurğuları, 50 "VAB MKZ" zirehli transportyoru, "Bastion" və "Sherpa" zirehli maşınları, "Mistral" zenit-raket qurğuları, "GM200 Thales" radiolokasiya kompleksləri verəcək.
30 "Bastion" artıq Ermənistandadır.
Eyni zamanda, Ermənistan Hindistandan "ATAGS" haubitsaları, "Akash" reaktiv yaylım atəşi sistemləri, "Tapas-BH-201" zərbə PUA-ları və antidron sistemləri alır.
Rəsmi İrəvan ona "hamilik və havadarlıq" edən ölkələr vasitəsilə Cənubi Qafqaz bölgəsində qüvvələr nisbətinin dəyişdirilməsinə sürətlə alətə çevrilməkdədir.
Nikol Paşinyan bunu təkzib edir, Fransa və Hindistandan silah-sursatla hərbi texnikanı yalnız "Ermənistanın müdafiə potensialını artırmaq üçün" alındığını vurğulayır. Onun israrlı bəyanatları və "real Ermənistan"la bağlı dedikləri ilə əməlləri ziddiyyət təşkil edir.
Səbəb sadədir.
Ermənistan Konstitusiyasına zəruri dəyişikliklər edilmədikcə, Azərbaycana qarşı ərazi iddialarının legitimləşdiyi müddəa tarixə qovuşdurulmazsa, rəsmi İrəvanın sülhlə bağlı açıqlamaları və ələlxüsus da "real Ermənistan" mizantropiyası çox ucuz şou təsiri bağışlayır.
Daha dəqiq olsaq, rəsmi İrəvan sürətlə silahlanaraq, sülhdən danışmağa davam etdikcə, vaxt udmağa çalışan tərəf təsiri yaradır.
Nikol Paşinyan, həqiqətən də, sülh gündəliyinə sadiqdirsə, delimitasiya və demarkasiya prosesini bitirmək, sülh sazişini imzalamaq fikrindədirsə, onda yaxın vaxtlarda Ermənistanda konstitusion islahatlarla bağlı müzakirələrin başlandığını görməliyik.
Belə müzakirələr olmazsa və eyni zamanda, Ermənistanın silah-sursatla hərbi texnikanın alınmasına yönəlmiş fəaliyyəti aktiv davam edərsə, onda bəlli olacaq ki, qarşı tərəf ərazi iddialarından əsla əl çəkməyərək, yeni hərbi əməliyyata hazırlaşır.
Sadəcə, Ermənistan belə əməliyyat üçün əlverişli məqam gözləyir.
Ermənistanın hami və havadar axtarışlarında Fransanın əlahiddə ümid yeri olduğu bəllidir.
İrəvanın revanşist və militar siyasətinin, sürətlə silahlanmanı ehtiva edən taktikasının da gerçək ssenari müəllifinin Fransa olduğu şübhə doğurmur.
Nikol Paşinyanıen təhlükəli illüziyalara qapılmasının, Azərbaycana qarşı yeni eskalasiyanı reallaşdıracağı təqdirdə Fransanın Ermənisatın mütləq şəkildə dəstəkləyəcəyini düşünməsinin də səbəbkarı rəsmi Parisdir.
Fransa, habelə ABŞ və Avropa İttifaqı hazırda Ermənistan vasitəsilə Cənubi Qafqazda vəziyyəti gərginləşdirərək idarə etməyə çalışır.
Paşinyanın da Ermənistan Konstitusiyasına dəyişikliklər etməyə tələsməməsinin əsas səbəbi budur.
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Qərbin maraqlarına cavab vermir.
Ermənistan regiondakı yerini hələ də anlamır…