» » Sülh sazişi ətrafında “diplomatik döyüş”: Bakıdan nə istəyirlər?

Sülh sazişi ətrafında “diplomatik döyüş”: Bakıdan nə istəyirlər?

Sülh sazişi ətrafında “diplomatik döyüş”: Bakıdan nə istəyirlər?


Bakı-İrəvan sülh danışıqlarında Vaşinqtonun “tələskənliyə” bənzər aktivliyi müşahidə edilir. Bu kontekstdə son iki həftədə baş verən hadisələrin xronologiyası xüsusilə əhəmiyyətlidir:

- Vaşinqton Ankara ilə danışıqların gündəliyinə Bakı və İrəvanın sülh sazişini də daxil edib: Blinken NATO toplantısında Fidanla Qəzzada baş verənlərlə yanaşı, Cənubi Qafqazda “sülhün və rifahın dəstəklənməsini” də müzakirə etdi, ardınca Baydenin müşaviri Ceyk Sallivanla Ərdoğanın müşaviri Akif Cağatay telefon söhbətində Qəzzadan, Ukraynadan və Azərbaycan-Ermənistan sülh sazişindən danışdılar;

- Bayden Bakı Enerji Həftəsi ilə bağlı iyunun 4-də Əliyevə ünvanladığı məktubda sülh sazişinə toxundu və qeyd etdi ki, “möhkəm və ləyaqətli sülh sazişi Cənubi Qafqazı transformasiya edəcək və Azərbaycanın regiondakı rolunu fundamental şəkildə dəyişəcək”: ABŞ prezidentinin bu qeydi birmənalı deyil;

- İyunun 5-də Fransaya beşgünlük səfər edən Bayden Makronla “Cənubi Qafqazda ədalətli və davamlı sülhü də” müzakirə etdi;

- İyunun 10-də Ermənistana səfər edən ABŞ dövlət katibinin köməkçisi Ceyms Obraynın üç gün qaldığı İrəvanda əsas müzakirə mövzusu da sülh sazişi idi;

- Nəhayət, iyunun 20-də Blinken Əliyevə zəng etdi və “tərəfləri tezliklə sülh müqaviləsini imzalamağa” dəvət etdi;

ABŞ-ın tələsməsi Orta dəhliz üzərindəki planının Cənubi Qafqaz mərhələsini tamamlamaq istəyindən irəli gəlir. Daha əvvəl də yazmışdıq: Vaşinqton Mərkəzi Asiyadan Avropaya uzanan coğrafiyada Çinin və Rusiyanın iştirakı olmadan dəhliz yaratmaq və nəzarət etmək istəyir;

Obrayn bu planı hələ ötən ilin dekabrında Bakıya gətirmişdi, hərçənd, proseslərin inkişafı Azərbaycanın buna ehtiyatlı yanaşdığını göstərir.

Birincisi, Orta dəhliz layihəsi ABŞ və Çinin geosiyasi rəqabət sahəsinə daxildir və Azərbaycan bu rəqabətdə tərəf olmaq yox, mübarizənin qalibi olan tərəflə işləmək siyasətini güdür;

İkincisi, ABŞ-ın təqdim etdiyi planda Zəngəzur dəhlizi olmasa belə, ən azından Naxçıvana “maneəsiz keçid”in “Azərbaycandan Azərbaycana prinsipi” üzrə verilməsi də yer almır, əksinə, Ermənistanın “sülhün kəsişməsi” layihəsi ön plandadır;

Vaşinqton Bakını razı salaraq, sülh sazişi ilə bağlı tezliklə - ilkin sənədin imzalanacağı gözləntisinin olduğu noyabr ayına – COP29 tədbirindən öncə irəliləyiş əldə etməyə, yaxud noyabrda gözlənilən sənədin mətnini indidən öz planına uyğun razılaşdırmağa çalışır. Çünki noyabrda ABŞ-da prezident seçkiləridir, sənədin imzalanması həmin vaxta qədər uzanarsa, yaxud amerikalıların istədiyi mətn hazır olmasa, Vaşinqton prosesdən kənarda qala biləcəyindən narahatdır. Bu halda Böyük Britaniyanın aktiv rolu önə çıxa bilər. Sənədin COP29 tədbiri ərəfəsində imzalanması məsələsini ilk dəfə İngiltərənin baş naziri Rişi Sunakın gündəmə gətirməsi bu kontekstdə təsadüfi deyildi. Və həmin ərəfədə sülh sazişi ilə bağlı mümkün sənədə Bakının tələblərinin daxil edilməsi ehtimalı daha çoxdur: Naxçıvana “maneəsiz keçidin” verilməsi; Ermənistanın konstitusiyası və normativ-hüquqi aktlarında iddiaların aradan qaldırılması və s.

ABŞ prosesi tezləşdirmək və önə çıxmaq məqsədilə Bakıya müəyyən “xəbərdarlıqlar” da ünvanlayır:

- Baydenin Əliyevə məktubunda qeyd etdiyi “sülh sazişi Azərbaycanın regiondakı rolunu fundamental şəkildə dəyişəcək” mesajını əslində vədə bənzər xəbərdarlıq kimi də oxumaq olar. Vaşinqton Bakıya onların gündəminə uyğun sazişə razılaşacağı təqdirdə, “regional liderlik” vədi verir, yaxud bunun əksi ola bilər.

- Cənubi Qafqaz siyasətini Fransa ilə uyğunlaşdırır. Ki, burada Ermənistanın gündəliyinin prioritet təşkil etdiyi sirr deyil, xüsusilə mümkün sənədə sərhədin delimitasiyasında Alma-Ata bəyannaməsinə (bu, SSRİ dağılanda mövcud olan xətlərin əsas götürülməsinə imkan verir) istinadın daxil edilməsi amili də var;

- Bakıya Ankara üzərindən təsir etməyə çalışır;

- Blinkenin Əliyevlə telefon söhbətinin mətninin rəsmi Bakının təqdim etdiyi mətnlə xeyli fərqlənməsi də “xəbərdarlıq” xarakteri daşıyırdı;

Bu amillər Bakının öz gündəliyinə uyğun olmayan planla razılaşmadığını da göstərir. Əliyevin iyunun 10-da – Obraynın İrəvana səfəri günü Ankaraya getməsi, Ərdoğanla görüşü Vaşinqtonun təqdim etdiyi planın müzakirəsi və tərəflərin birgə addımlarının uyğunlaşdırılması məqsədindən irəli gəlirdi. Belə görünür ki, Bakı və Ankara Vaşinqtonla qarşıdurmaya getmədən öz gündəliklərinə sadiq qalmaq xəttini seçib və istisna deyil ki, iki əsas şərt irəli sürüblər: Naxçıvana “maneəsiz keçid” və Ermənistan konstitusiyasının dəyişdirilməsi.

Baş verənlər sülh sazişi ətrafında diplomatik mübarizənin getməsindən xəbər verir. O da gözləniləndir ki, Bakının mövqeyinə təsir etmək üçün müxtəlif məsələlər üzərindən təzyiqlər arta bilər.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya