Ətraf mühitin mühafizəsinə əhəmiyyət verilir
- 26-04-2024, 11:22
- Siyasət
- 0
- 64
Azərbaycanda 1994-cü ildən bəri bütün neft əməliyyatları beynəlxalq ətraf mühit mühafizəsi standartlarına əsasən aparılır. Bizim əsas investorlarımız dünyanın aparıcı enerji şirkətləridir və sözsüz ki, hər kəs onların ətraf mühitə diqqət yetirdiyinin yaxşı bir nümunə olduğunu bilir. Söhbət təkcə onların dəniz qurğularında fəaliyyəti zamanı bu məsələyə diqqət yetirmələrindən deyil, eyni zamanda, əsas neft və qaz boru kəmərlərinin tikintisi zamanı quşlara, tısbağalara və digər heyvanlara göstərdikləri xüsusi qayğıdan gedir. Həmçinin arxeoloji qazıntılar. Bəzi hallarda onlar mühüm arxeoloji tapıntılara görə marşrutu dəyişmək məcburiyyətində qalmışlar. Beləliklə, bu, birinci məsələdir. Digər məsələ ondan ibarətdir ki, müstəqillikdən əvvəl, Sovet İttifaqı, çar Rusiyası dövründə bizim enerji resurslarımız ətraf mühitə heç bir diqqət yetirilmədən istismar olunurdu.
Məhz bu minvalla Bakı dünyanın ən çirklənmiş şəhərlərinin birinə çevrilmişdi. Bizdə neft gölləri, neft sızıntıları var idi. Biz ekoloji fəlakət olan bu dəhşətli mirası təmizləmək üçün yüz milyonlarla, hətta milyardlarla dollar xərcləmək məcburiyyətində qalmışdıq. İndi Bakıda gördüklərinizin 10 il, 20 il bundan əvvəl hansı vəziyyətdə olduğunu heç təsəvvürünüzə belə gətirə bilməzsiniz. Çünki biz çoxlu rekultivasiya, çoxlu təmizləmə işlərini icra etdik və ekoloji cəhətdən təmiz olan bir çox təşəbbüsləri həyata keçirdik. İndi isə COP29-un sədri olaraq bizim üzərimizdə olan məsuliyyət səviyyəsi, əlbəttə ki, artmaqdadır. Çünki birincisi, biz sədrliyimizə çox ciddi yanaşırıq, ikincisi, biz diqqət mərkəzindəyik. Sədrlik veriləndən dərhal sonra müxtəlif QHT-lər və media tərəfindən bizə qarşı hücumlar olmuşdur - yenə də neft hasil edən ölkə COP-a sədrlik edir.
Sanki elə bilin ki, bu, bizim günahımız idi. Mənim isə onlara mesajım ondan ibarət idi ki, bizim neft ölkəsi olmağımız bizim günahımız deyil. Baxın görün, biz bu resurslardan necə istifadə edirik. Əvvəla baxın görün ki, biz bu resurslardan ölkənin inkişafı, yoxsulluğun azaldılması, sərvətin ədalətli paylanılması üçün necə istifadə edirik. Sonra baxın görün ki, biz ondan infrastruktur, yaşıl enerji üçün necə istifadə edirik. Beləliklə, bu gün biz sabit neft və artan qaz hasilatına malikik, eyni zamanda, yaşıl enerji layihələrini inkişaf etdiririk. Bununla əlaqədar bir vacib məsələ Avropada qazıntı yanacağı ilə bağlı qoyulmuş məhdudiyyətlərdir. Biz burada bir ziddiyyət görürük və biz bu məsələni artıq avropalı tərəfdaşlarımız qarşısında qaldırmışıq.
Bir tərəfdən Avropa, Avropa İttifaqı Azərbaycandan əlavə qaz istəyir - bu məqsədlə təqribən iki il bundan əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq üzrə bəyannamə imzalanmışdır. Bu sənədə əsasən bizim Avropaya qaz təchizatımız 2021-ci ildə 8 milyard kubmetrdən 2027-ci ildə 20 milyard kubmetrə qədər artmalıdır. Bu, bir öhdəlik deyil, bu, bir hədəfdir. Biz bu hədəfə doğru gedirik. Bu il Avropaya qaz təchizatımız təqribən 12 milyard kubmetr olacaq. Bu, 2021-ci illə müqayisədə 4 milyard kubmetr çoxdur. Beləliklə, biz daha çox investisiya qoymalı idik, daha çox qaz hasil etməli idik, lakin qazıntı yanacağı layihələrini maliyyələşdirmək üçün maliyyə institutları ilə bağlı məhdudiyyət var. Məsələn, Avropa İnvestisiya Bankı bu məsələni tamamilə portfelindən çıxarmışdır. Avropa Yenidənqurma və İnkişaf Bankı qazıntı yanacağı layihələri üçün kiçik bir vəsait ayırıb. Beləliklə, Avropa Azərbaycandan necə əlavə qaz əldə etmək istəyir ki, heç maliyyələşməni də təmin etmir. Çünki belə bir layihə üçün neft və ya qaz boru kəmərlərinin olub-olmamasından asılı olmayaraq, bizim icra etdiyimiz bütün layihələrdə korporativ maliyyələşmə 30 faiz səviyyəsindədir. Qalan hissə borca götürülmüş vəsaitdir. Beləliklə, bu, birinci sualdır.
İkinci sual isə ondan ibarətdir ki, Avropa bizdən daha çox hasil etməyi və daha çox təchiz etməyi istəyir. Yeri gəlmişkən, Avropa, Avropada interkonnektorların tikintisi layihələrini də icra edir. Lakin, eyni zamanda, bizə heç bir zəmanət vermir ki, bizim qazımıza uzun müddət ərzində tələbat olacaq. Beləliklə, biz yalnız 5-10 il üçün milyardlarla investisiya yatırıb sonra xərclərimizi geri qaytarmaya bilmərik. Cənub Qaz Dəhlizi və “Şahdəniz” layihəsinin 2-ci mərhələsinə yatırılmış investisiyalar bu gün hələ də sıfır balansına çatmayıb. Biz hələ də borcu geri ödəyirik. Qaz satışından əldə etdiyimiz vəsaiti borcun ödənilməsinə sərf edirik.
Beləliklə, bunlar Avropa ilə Azərbaycan arasında qaz əməkdaşlığına dair bizim həll etməli olduğumuz iki ən önəmli məsələdir. Yaşıl enerji və qazıntı yanacağının birləşməsi ilə bağlı. Hesab edirəm ki, qazıntı yanacağına dünyada hələ uzun illər ərzində tələbat olacaq. Bu gün qazıntı yanacağına tələbatın olmayacağını söyləmək sadəlövhlük olardı. Dünya buna hazır deyil, dünya iqtisadiyyatı buna hazır deyil və sənaye buna hazır deyil. Beləliklə, hesab edirəm ki, ən yaxşı yol çata bilməyəcəyimiz hədəfi qoymaqdansa, sinerji yaratmaq və təkamül yolu ilə irəliləməkdir. Bizə gəldikdə, biz bunu edirik. Biz artıq investorlarımızla birlikdə yaşıl enerji layihələrinə investisiyalarımıza başlamışıq. Keçən ilin oktyabrında biz 240 meqavat gücündə ilk günəş elektrik stansiyasının açılışını etdik. Bu il isə əlavə dörd günəş və külək elektrik enerjisi stansiyasının təməli qoyulacaq və onların ümumi gücü 1300 meqavat olacaq. Bu isə bizim potensialımızı 1500 və hətta ondan da artıq edəcək. Lakin bu, sadəcə, başlanğıcdır. Çünki bizim həm dənizdə, həm də quruda nəhəng külək və günəş elektrik enerjisi potensialımız var. Buraya su elektrik stansiyalarını da əlavə etsək, - sadəcə, Qarabağda və Şərqi Zəngəzurda son 3 ildə su elektrik stansiyalarının gücü 170 meqavata yaxın olub və bu, yalnız başlanğıcdır, - beləliklə, biz elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz qazın əhəmiyyətli bir hissəsini bərpaolunan enerji mənbələri ilə əvəz edəcəyik. Bu, tamamilə realdır. Mənim dediyim bizim planlarımız deyil. Artıq müqavilələr imzalanıb, torpaq sahələri nəinki təkcə seçilib, hətta onlar artıq tikinti üçün də ayrılıb. Ola bilsin bir neçə aydan, maksimum 3-4 aydan sonra biz mənim dediklərimin hamısını öz gözümüzlə görəcəyik.