Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
- 19-04-2024, 16:00
- Siyasət
- 0
- 62
Səfir Mehdi Sübhaninin son açıqlaması İran-İsrail qarşıdurması fonunda erməni xalqını antiisrail əhval-ruhiyyəsinə kökləmək məqsədi daşıyır. Digər tərəfdən Sübhani İsrail üzərindən Qərbə mesaj verib.
Bu sözləri Axar.az-a açıqlamasında Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, siyasi şərhçi Fərhad Məmmədov deyib.
“Mehdi Sübhani doğru deyir, İkinci Qarabağ müharibəsində İsrail silahları Ermənistan ordusunun ciddi tələfatına səbəb olub. Amma ortada bir fərq var. Azərbaycan bu silah-sursatı və hərbi texnikanı İsraildən öz pulu ilə torpaqlarını işğaldan azad etmək üçün satın alıb. İran isə 44 günlük Vətən müharibəsi dövründə ərazilərimizi işğal altında saxlaması üçün Ermənistana külli miqdarda silah-sursat və hərbi texnika göndərib. Digər tərəfdən İran tərəfindən verilən bütün rəsmi açıqlamalarda sülhə tərəfdar olduqları bildirilir. Ancaq Tehran hansı formada əldə ediləcək sülhü dəstəklədiklərindən bəhs etmir. Əgər diqqət yetirsək, İran dövlətinin açıqlamalarında sülh müqaviləsindən qətiyyən danışılmadığını görərik. Çünki Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması İranın maraqlarına cavab vermir. Mehdi Sübhani də sərhədlərin delimitasiya və demarkasiya prosesi ilə bağlı hadisələrin aktivləşdiyi bir vaxtda belə qıcıqlandırıcı açıqlamalar verməklə təmsil etdiyi dövlətin bu məqsədinə xidmət edir”, - siyasi şərhçi bildirib.
Qeyd edək ki, İranın Ermənistandakı səfiri Mehdi Subhani aprelin 16-da keçirdiyi mətbuat konfransında İkinci Qarabağ müharibəsində erməni əsgərlərinin İsrail silahları ilə öldürüldüyünü deyib.