Qərbin Ermənistana vədləri: Təhlükəli oyunlar... - İNCƏLƏMƏ
- 6-04-2024, 14:22
- Siyasət
- 0
- 62
ABŞ dövlət katibi Antoni Blinkendən sonra Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayendən də Prezident İlham Əliyevə zəng etdi. Hər iki telefon söhbəti Brüsseldə keçirilən Ermənistan-Avropa Birliyi-ABŞ formatındakı görüşlə bağlı idi. Tərəflər Azərbaycanı əmin etməyə çalışdı ki, bu görüş “iqtisadi xarakter” daşıyır və Bakıya qarşı yönəlməyib. “İzahat”, yaxud “hesabat” xarakteri daşıyan bu telefon zənglərində diqqətçəkən məqamlar var. Azərbaycanın beynəlxalq səviyyədə nüfuzudur. Ermənistanı dəstəkləməyə hazırlaşan ABŞ və AB bunun Azərbaycanla münasibətlərə xələl gətirməsindən çəkinir. Çünki Vaşinqton və Brüsseldə anlayırlar ki, Bakıya qarşı addımın mənfi nəticələri olacaq. Blinken və Lyayenin Prezident İlham Əliyevlə məsləhətləşmək zərurəti ilə üzləşməsi Ermənistanın “marionetka”, Azərbaycanın regionun həlledici gücü olduğunun əyani nümunəsidir. Azərbaycanın razı olmayacağı hansısa planın Cənubi Qafqazda effektivliyi sual altındadır. Bakını qarşılarına alaraq, hərəkət etmək ABŞ və AB üçün bu bölgədə Fransanın taleyi ilə üzləşmək deməkdir. Bununla həmin güclər regiondakı proseslərdən kənarlaşdırıla bilərlər. Cənubi Qafqazda Azərbaycana qarşı istənilən xoşagəlməz addım Avropanın enerji təhlükəsizliyinə risklər yarada bilər. Telefon zəngləri Azərbaycan liderinin Brüsseldə “erməni formatı” olaraq hazırlanan və Ermənistanın böyük ümidlər bəslədiyi planlara müdaxilə etməyə, Bakının mövqeyini ortaya qoymağa nail olduğunu da göstərir. Görüş iddia edildiyi kimi “iqtisadi xarakter” daşısa da, bunun Qərb qüvvələrinin Ermənistanda geniş tərkibdə yerləşməsi və bölgənin geosiyasi mübarizə poliqonuna çevrilməsinin əsasını qoyacağı aydın görünür. Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi də Brüsseldəki üçtərəfli görüşə dair bəyanat yayıb. Qardaş ölkənin XİN-i birmənalı şəkildə bildirib ki, həmin görüşün keçirilməsi regiondakı mürəkkəb problemlərin həlli üçün əsas götürülməli olan neytrallıq yanaşmasına zərbə vuracaq. Bəyanatda bildirilib ki, Azərbaycanın iştirakını nəzərdə tutmayan bu təşəbbüs Cənubi Qafqazda sülhə xidmət etməyəcək, regionun geosiyasi qarşıdurma məkanına çevrilməsinə yol açacaq. Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməsi və ötən il Qarabağda keçirilən antiterror tədbirləri ilə suverenliyini bərpa etməsi nəticəsində regionda davamlı sülh və sabitlik üçün tarixi fürsət yaranıb. Açıqlamada Türkiyə XİN təkrar üçüncü ölkələri regionun parametrlərini nəzərə almağa və münaqişə tərəflərinə bərabər məsafədən yanaşmağa çağırıb: “Biz qəti şəkildə inanırıq ki, Cənubi Qafqaz davamlı sülh və sabitlik əsasında çiçəklənəcək və regional rifaha nail olacaq. Həmişə olduğu kimi, Türkiyə bu məsələdə öz üzərinə düşəni etməyə və Azərbaycanla Ermənistan arasında davamlı sülhün təşviqinə davam edəcək”. Xatırladaq ki, Rusiya Federasiyası da üçtərəfli görüşlə bağlı bir neçə dəfə narahatlığını dilə gətirmişdi.
Millət vəkili, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu "Sherg.az"a açıqlamasında deyib ki, Brüsseldə üçtərəfli görüşün keçirilməsi başqa niyyətləri ortaya qoyur. Deputatın sözlərinə görə, həm ABŞ-nin ən yüksəksəviyyəli nümayəndəsinin, həm də Avropa Komissiyasının rəhbərinin Ermənistan Baş naziri ilə görüşməsi göstərir ki, qurulan təmaslar kollektiv Qərbin geosiyasi mübarizəsi ilə əlaqədardır:
"Yəni Ermənistan bir alət rolunda Rusiyaya qarşı mübarizədə istifadə olunacaq. Sözsüz ki, belə bir formatda görüş həm də Ermənistanın zəifliyinin göstəricisidir. Ermənistan aşkar bir alət rolunda çıxış etməkdədir. Görüşün subyektləri və obyektləri var. Subyektləri ABŞ və Avropa İttifaqıdır. Obyekt isə Ermənistandır. Ermənistan üzərindən kollektiv Qərb öz niyyətlərini həyata keçirmək istəyir. Görüşün tarixi bəlli olduğu zaman açıq mətnlə özləri etiraf etdilər ki, görüş çərçivəsində Ermənistana təhlükəsizlik təminatları veriləcək. Ermənistana niyə, kimin qarşısında təhlükəsizlik təminatı verilir? Qərb Ermənistan üzərindən Rusiyaya qarşı ikinci cəbhəsini açmaq istəyir. Sonradan Azərbaycanın sərt etirazları fonunda fərqli cavablar verməyə başladılar, fikri yayındırmağa çalışdılar. Blinkenin və Fon der Lyayenin Azərbaycan Prezidenti ilə telefon əlaqəsi də onların özlərinə bəraət qazandırması kimi dəyərləndirilməlidir. İddia edirdilər ki, guya, Brüssel görüşü Ermənistana iqtisadi dəstəklə bağlıdır və s. Əgər söhbət Ermənistanın iqtisadiyyatına dəstəkdən gedirsə, niyə belə bir format seçilir? Başqa formatlarda iqtisadi mahiyyətli təmaslar qurula bilərdi. Deməli, məqsəd Cənubi Qafqaz regionu üçün çox ciddi təhlükələr yaratmaqdan ibarətdir. Çünki Cənubi Qafqazda Rusiyaya qarşı bir plasdarm formalaşdırmaq istəyirlər".
Parlament üzvü vurğulayıb ki, məsələnin Azərbaycanla bağlı tərəfi odur ki, Qərb Ermənistana vədlər verir. İrəvan isə Qərbin qarşısında istəklər ortaya qoyur: "Vəd və istəklər onunla bağlıdır ki, Ermənistana dəstək məhz Azərbaycana qarşı həyata keçiriləcək. Bizim üçün narahatedici məqam budur. Təbii ki, biz narahat olmuruq ki, Ermənistan hansısa mövqeyini geri qaytara bilər. Bu, mümkün olmayan məsələdir. Azərbaycan o dərəcədə güclü mövqelərə sahibdir ki, heç bir halda bu mövqelərdən geri çəkilməyəcək. Ermənistanın Azərbaycana qarşı çıxacaq gücü yoxdur. Sadəcə olaraq regiona gərginlik elementləri yarana bilər. Ermənistan tamamilə Qərbdən idarə olunur. Sadəcə olaraq Nikol Paşinyan və onun komandası Ermənistanı idarə edən menecerlərdir. Menecerliyi də Qərbdən gələn təlimatlar əsasında həyata keçirməkdədirlər. Fransa açıq şəkildə Ermənistanı silahlandırır. Hindistanda hazırlanan silahlar Ermənistana ötürülür. BMT-nin keçmiş baş katibi Rasmussenin Aİ-Ermənistan əlaqələrinə dair açıqladığı hesabatdan görünür ki, Ermənistan tam geosiyasi mübarizə cəbhəsinə cəlb olunacaq. Amma reallıq odur ki, Qərb müəyyən vədlərlə Ermənistanı çox təhlükəli oyunlara çəkəcək. Qərbin geosiyasi eksperimentlərinin tətbiq edildiyi bölgələrə necə baha başa gəldiyini görmüşük. Ukraynada vəziyyət göz önündədir. Ermənistanda da belə bir vəziyyət yaratmaq istəyirlər".