Dörd kənd problemi Paşinyanın baş ağrısına çevrilib - HƏQİQƏTƏN DƏ
- 1-04-2024, 16:00
- Siyasət
- 0
- 66
Ermənistanda Birinci Qarabağ müharibəsi zamanı işğal olunan 4 Azərbaycan kəndinin qaytarılması ilə bağlı ehtiraslar qızışır. Hər şey onu göstərir ki, hakimiyyət bu kəndləri Azərbaycana qaytarmaq qərarı qəbul edib, amma Moskvanın dəstəklədiyi müxalifətin nümayəndələri buna kəskin etiraz edir.
Ermənistan Milli Məclisinin sədri Alen Simonyan martın 27-də parlamentdə jurnalistlərlə söhbəti zamanı 4 kəndin Azərbaycana verilməsi məsələsinə toxunaraq deyib ki, Tavuş vilayətində Azərbaycana verilməsi müzakirə olunan bir dənə də erməni kənd yoxdur.
“İndi biz bu 4 kəndi Ermənistan ərazisi hesab edən adamları axtarırıq. Mən o adamları axtarıram ki, gələcəklər və Ermənistan ərazisində olduqlarını sübut edəcəklər. Ermənistan Sovet İttifaqının yaradılmasından tutmuş Ermənistanın müstəqilliyinə qədər bütün xəritələrdə öz ərazisini hər metrinə kimi göstərə bilər”, – Simonyan bildirib.
Onun fikrincə, müxalifət növbəti dəfə yanlış addım atır və bundan nəticə əldə etməyə çalışır. “Əvvəlcədən deyirəm – bu işləməyəcək. Ermənistan ərazisinin heç bir hissəsi sövdələşmə mövzusu deyil”, – parlament sədri vurğulayıb.
Bu zaman o, Ermənistanın 4 kəndi qaytarmaqdan imtina etdiyi təqdirdə Azərbaycanın hücuma keçə biləcəyini də istisna etməyib. Onun sözlərinə görə, azərbaycanlılar bu barədə açıq deyiblər.
Simonyan əmin edib ki, Ermənistan hakimiyyəti müxalifətin iddia etdiyi kimi guya hər şeyi qurban verməyə hazır olduğu məntiqindən çıxış etmir. “Xeyr, gəlin birdəfəlik qeyd edək ki, biz ərazilərimizi sövdələşmə obyektinə çevirmirik. Artıq iki ildir ki, Zəngəzur dəhlizindən danışırlar. Niyə biz bu məsələdə güzəştə getmədik? Çünki aydındır ki, bu, bizim yurisdiksiyamızdadır”, – deyə spiker əlavə edib.
Onun sözlərinə görə, sərhədin delimitasiyasına Tavuşdan başlamaq ən düzgün addımdır. Çünki orada mübahisəli ərazilər xeyli azdır. “Düşünürəm ki, bu proses nəticəsində biz sərhədin tam konturunu əldə edəcəyik. Ümumiyyətlə götürdükdə, bu ərazidə ciddi mübahisə yoxdur. Qalan ərazilərlə bağlı mübahisələr var”, – deyə o, yekunlaşdırıb.
Təbii ki, bu bəyanat əks siyasi düşərgədə dərhal reaksiya doğurub.
“Ermənistan” blokundan olan deputat Qarnik Danielyan spikeri ölkənin maraqlarını satmaqda ittiham edib: “Əslində müharibəyə çağıran onlardır. Milli Məclisin sədri bəyan edib ki, o, bu ərazilərin Ermənistan ərazisi olduğunu söyləyəcək adamları axtarır. Onun sözlərinə görə, Ermənistan Azərbaycan ərazilərini “işğal edib” və Bakı onları geri qaytarmaq bəhanəsi ilə istənilən vaxt hücuma keçə bilər. Bu, Azərbaycana Ermənistana hücum etmək üçün qanuni əsas verir.
Milli Məclisin bu sədri Ermənistanı faktiki olaraq işğalçı dövlət hesab edir, öz rəhbəri kimi heç bir delimitasiya və demarkasiya prosesi olmadan Ermənistan Respublikasının bu və ya digər hissəsinin düşmənə məxsus olduğunu bəyan edir.
Ölkənin ən yüksək rütbəli məmurlarından biri düşmənə birbaşa xəbər verir ki, bizim ordumuz Azərbaycan ərazisində dayanır. Azərbaycan da rahatlıqla girib sərhədi qoruyan yüzlərlə erməni əsgərini əsir götürə bilər.
Həqiqətən də müharibəyə çağıran və müharibə gətirən onlardır.
P.S. Axtarmağa ehtiyac yoxdur: o adamlar Tavuşdadırlar və onu gözləyirlər”.
“Demokratik Konsolidasiya Partiyasının” rəhbəri Suren Petrosyan isə dostları ilə bir yerdə artıq Tavuş bölgəsinə gedib və orada qalmağı planlaşdırır. Onun artıq Voskepar kəndində olduğu bildirilir.
Petrosyanın sözlərinə görə, kənd sakinləri ilə gündəlik təmaslar mövcud problemləri daha qabarıq göstərir. O, Voskeparda yaşayacağını və sona qədər kənd camaatının yanında olacağını bildirib. “Burada dövlətçilik məsələsi həll olunur və bunu Voskeparda hamı başa düşür. Ən əsası onların dedikləridir: biz heç bir şəraitdə təslim olmayacağıq. Bizim hamımız voskeparlıların yanında dayanıb əsaslı dəyişikliklərə buradan başlamalıyıq. Bu son dərəcə vacibdir”, – Petrosyan bildirib.
Beləliklə, Ermənistanın hazırkı vəziyyəti necə qiymətləndirmək olar? Hakimiyyət orqanlarının Azərbaycan kəndlərini Bakının yurisdiksiyasına qaytarmaqla bağlı atacaqları əməli addımlar hansı reaksiyaya səbəb olacaq? Bunun həqiqətən də kütləvi etirazlarla səbəb olmaq və hətta Ermənistanda dövlət çevrilişinə gətirib çıxarmaq ehtimalı varmı? Yoxsa yenə hay-küy salıb, sakitləşəcəklər?
Siyasi şərhçi, hüquqşünas və ictimai xadim Fuad Ağayev Pressklub.az-a açıqlamasında bildirib ki, Ermənistan ictimaiyyətinin mütləq əksəriyyətinin 4 sərhəd kəndinin beynəlxalq hüquq nöqteyi-nəzərindən ölkələrinə aid olmaması faktını inkar etməməsi çox şeyi göstərir.
“Koçaryanın “Hayastan” blokuna gəlincə, hamıya məlumdur ki, bu siyasi qüvvə Kremlin qüllələrinin birindən idarə olunur və təbii ki, onlar hər fürsətdə ölkələrində ictimai-siyasi vəziyyəti gərginləşdirməyə çalışırlar. Bunlar qan üzərində varlanan insanlardır. Yəni, hələ 90-cı illərdə hərbi cinayətləri təşkil edənlər, Azərbaycana qarşı təcavüzə rəhbərlik edənlər olub. Azərbaycanın Ağdam, Füzuli və s. kimi bütöv rayonlarını, şəhərlərini yerlə-yeksan edən, sözün əsl mənasında səhraya çevirən insanlardır. Təbii ki, mövcud vəziyyət onları qane etmir”, – ekspert qeyd edib.
Onun sözlərinə görə, bunlar Azərbaycanla Ermənistan arasında müharibə vəziyyətinə son qoyulması ilə bağlı məsələnin hüquqi həlli perspektivini hədsiz dərəcədə bəyənməyən revanşist qüvvələrdir.
“Bunlar onlarla, hətta yüz minlərlə ermənini qurban verməyə hazırdırlar. Buna görə də, onların tərəfindən bəzi kəskin addımlar atılması mümkündür.
Amma burada əsas odur ki, həmin qüvvələrin Ermənistanda nə dərəcədə nüfuzu var? Bu, mənim üçün sualdır. Amma Ermənistan, Rusiya, Qarabağ ermənilərinin teleqram kanallarından əldə etdiyim təəssüratlara əsasən deyə bilərəm ki, onların təşkil etdiyi hər hansı etiraz aksiyası ciddi heç nəyə səbəb olmayacaq”, – Ağayev hesab edir.