Hökumətdən inflyasiya açıqlaması - Baş nazir hesabat verir
- 15-03-2024, 12:30
- Siyasət
- 0
- 47
Hökumət tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri, valyuta bazarında tarazlığın qorunması, məzənnə sabitliyinin idxal inflyasiyasına azaldıcı təsiri, qəbul edilmiş büdcə qaydasının parametrləri və monetar siyasət qərarları inflyasiya təzyiqlərini yumşaldıb.
Bunu Baş nazir Əli Əsədov parlamentdə hökumətin hesabatını təqdim edərkən çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Nazirlər Kabinetində inflyasiya proseslərinin və onun səbəblərinin araşdırılması və təhlili istiqamətində “İnflyasiya və qiymət monitorinqi” üzrə İşçi qrup yaradılıb. “Qiymət formalaşması nöqtələrində qiymətlərin artım dinamikasını izləməyə, vaxtında və çevik müdaxilələr etməyə imkan verən “Qiymət İzləmə Tətbiqi” sistemi yaradılıb.
Həyata keçirilən tədbirlər nəticəsində 2023-cü ildə 8,8% orta illik inflyasiyaya nail olunub. İllik inflyasiya isə 2.1% təşkil edib”, - Baş nazir bildirib.
Onun sözlərinə görə, ötən il ərzində əhalinin hər bir nəfərinə düşən ÜDM 0,5% artaraq 12,1 min manat (7,1 min ABŞ dolları) təşkil edib.
“2023-cü ildə ÜDM istehsalı 2022-ci illə müqayisədə neft-qaz sektorunda 1,7% azaldığı halda, iqtisadiyyatın qeyri-neft-qaz sektorunda 3,7% artıb, qeyri neft-qaz sənayesi 8,0% artıb” - baş nazir qeyd edib.
Əlavə edib ki, 2023-cü ildə xarici ticarət dövriyyəsi təxminən 45 mlrd. ABŞ dollarına çatmış, müsbət ticarət saldosu 10.3 mlrd. dollar olub. “Qeyri-neft ixracı 9.8% artaraq 3,3 mlrd. dolları üstələyib. 2023-cü ildə ölkənin strateji valyuta ehtiyatları 17% və ya 10 mlrd. ABŞ dolları artaraq 68,5 mlrd.dollar təşkil edib. Bu da xarici dövlət borcunu 10 dəfədən çox üstələyir. 2023-cü ilin sonuna xarici dövlət borcunun məbləği 3,5% azalaraq 6,46 mlrd.ABŞ dolları olmuş və ÜDM-in 8,9%-ni təşkil edib. Milli iqtisadiyyatın inkişafında və ÜDM-in artım tempində neft faktorunu xüsusi nəzərə almalıyıq. Bu baxımdan neft hasilatının sabitləşməsi istiqamətində işlər ciddi nəzarət ilə davam etdiriləcək.
Ortamüddətli dövrdə qeyri neft-qaz ÜDM-nin artım tempinin sürətlənməsinin neft-qaz sektorunda azalmanı kompensasiya edəcəyi və iqtisadi artımın sürətlənməsinə töhfə verəcəyi proqnozlaşdırılır. Bütövlükdə, 2023-cü ildə dövlət büdcəsinin gəlirləri təxminən 35,6 milyard manat edib ki, bu da 2022-ci illə müqayisədə 4,9 milyard manat çoxdur”, - Baş nazir qeyd edib.