“Ermənilər üçün nəticələr çox ağır olacaq” – Qasım Muradov
- 23-09-2020, 11:38
- Siyasət
- 0
- 341
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da yerli televiziya kanallarına müsahibəsində Ermənistan rəhbərliyinin mənfur siyasəti, törətdiyi təxribatlara dair çox ciddi mesajlar verdi. Ermənistan rəhbərliyi dövlətimizin başçısının bəyanatlarından nəticələr çıxarmalıdır.
Bu fikirləri “Aysberq” Pivə İstehsalat Müəssisəsinin direktoru Qasım Muradov deyib.
Qasım Muradov bildirib ki, Ermənistan münaqişənin həlli ilə bağlı danışıqlar prosesini pozmaq və mövcud status-kvonu saxlamaq üçün çirkin təxribatlara əl atmaqda və vəziyyəti daha da gərginləşdirməkdə davam edir. Ötən gün, özü də Beynəlxalq Sülh Günündə Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan beynəlxalq sərhədinin Azərbaycanın Tovuz rayonu istiqamətində növbəti təxribata əl atması işğalçı ölkənin rəhbərliyinin əsl niyyətinin sülh yox, təcavüzün davam etdirilməsi olduğunun əyani təsdiqidir. Ermənistan rəhbərliyi unudur ki, Azərbaycan dövləti və xalqı istənilən təxribatın qarşısını almağa həm mənəvi-psixoloji, həm də hərbi və iqtisadi baxımdan tam hazırdır. Bu gün həm daxili, həm də xarici siyasətdə ard-arda uğursuzluqlar yaşayan Ermənistan belə təxribatlarla özünü uçuruma aparır. Ermənistan rəhbərliyi bu məsuliyyəti dərk etmir. Onların cəfəng bəyanatları, təxribat xarakterli addımları faktiki olaraq danışıqları mənasız edib. Dövlətimizin başçısı müsahibəsində bununla bağlı qeyd etdi ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O demək deyil ki, biz danışıqlardan imtina edirik, ancaq o deməkdir ki, biz Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmirik. Bu görüntü naminə aparılan danışıqlarda iştirakımız o görüntünün mahiyyətinə uyğun olacaq.
Ermənistanın çirkin əməllərindən daha biri beynəlxalq qanunları tapdalayaraq işğal edilmiş Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşdırma ilə demoqrafik vəziyyəti süni şəkildə dəyişməkdir. Bununla o, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur. Ermənistanın qanunsuz məskunlaşdırma aparması bütün beynəlxalq konvensiyalara ziddir. Terroru dövlət siyasətinə çevirmiş Ermənistanın işğal altındakı Azərbaycan torpaqlarında demoqrafik vəziyyəti süni şəkildə dəyişməyə cəhd göstərməsi beynəlxalq müharibə cinayətidir. Müsahibəsində bu məsələyə də münasibət bildirən dövlətimizin başçısı deyib: “İşğal edilmiş torpaqlara haradansa insan gətirib qanunsuz məskunlaşdırmaq cinayətdir. Bunu Paşinyan rejimi şüurlu şəkildə edir. Bu, təxribatdır, bizi təxribata çəkirlər”.
Prezident İlham Əliyev Ermənistan rəhbərliyinin təxribatçı əməllərinə ötən gün BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində təşkilatın 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasındakı çıxışında da toxundu. Dövlətimizin başçısı bildirdi ki, Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. O, danışıqlar prosesində əsassız şərtlər irəli sürür. Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilib. Sülhə nail olunması üçün bizim yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır. Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir.
Müsahibimiz bu gün Ermənistanın asılı vəziyyətdə olması, müstəqil daxili və xarici siyasət yürüdə bilməməsi ilə bağlı məsələyə toxunaraq bu ölkənin müstəqilliyin formal xarakter daşıdığını, öz qərarını özü qəbul edə bilmədiyini, onu idarə edənin Soros olduğunu qeyd edib. Azərbaycan Prezidentinin fikirlərini xatırladan Qasım Muradov Paşinyanın Soros rejiminin məhsulu olduğunu, bu gün Ermənistanda söz sahibinin məhz Soros olduğunu bildirib. O, guya insan hüquqlarının qorunması ilə məşğul olan təşkilatların bu gün Ermənistanda baş verən despotik hərəkətlərə göz yumduqlarını bildirib.
Qasım Muradov bir daha vurğulayıb ki, Ermənistan rəhbərliyi Prezident İlham Əliyevin açıq mesajlarından ciddi nəticələr çıxarmalıdır. Əks təqdirdə, dövlətimizin başçısının xəbərdarlıq etdiyi kimi, əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün nəticələr çox ağır olacaq.