Basarkeçər və Mehridə durum dəyişir – “Belə getsə, ordu Zəngəzura girə bilər”
- 14-02-2024, 16:00
- Siyasət
- 0
- 76
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Ermənistan uzun fasilədən sonra yenə sərhəddə təxribata əl atdı. Sizcə, bölgədə gərginliyi hansı gəlişmə tətikləyir?
- Baş verənlərlə bağlı üç variantım var. Birincisi, erməni hərbçisi özbaşına atəş açıb. İkincisi, hansısa xarici gücün əmri ilə bu təxribatı törədiblər. Üçüncüsü, Ermənistan hakimiyyətinin özü bunda maraqlı olub, iki əvvəl “itirdikləri” yüksəklikləri almaq üçün buna gedib.
İkinci və üçüncü ehtimalı yüksək hesab etmirəm. Ermənistan Müdafiə Nazirliyi də olaydan dərhal sonra açıqlama verdi ki, hərbçiləri atəş açıb. Həmin hərbçini cəzalandıracaqları haqda bir bəyanat da verdilər. Bizim üçün bunun necə baş verməsinin önəmi yoxdur, təxribatdırsa, adekvat cavabını verəcəyik, verdik də.
Bir müddət əvvəl Nikol Paşinyanın açıqlaması olmuşdu ki, Ermənistan ordusunda “5-ci kolon” var. Əslində, bunu dedikdə Rusiyanı nəzərdə tuturdu. Paşinyan nə qədər Qərbə yaxınlaşsa da, başqa bir ölkənin Ermənistan ordusuna “5-ci kolon”u ola bilməz. Təsadüfi deyil ki, erməni ordusunun zabit heyətinin 95 faizi keçmiş SSRİ və Rusiyanın hərbi məktəblərinin məzunudur. Bir hissəsi Rusiya xüsusi xidmət orqanlarına bağlı ola bilər.
- Bəs Rusiyanın hərbi agenturasının bu təxribatı törətməkdə məqsədi nədir?
- Məqsəd vəziyyəti gərginləşdirmək və Rusiyaya ehtiyacın yarandığını göstərmək ola bilər. Bununla da Paşinyana təzyiqi artırmaq... Bu ehtimal üzərində də fikir söyləmək olar.
Bəzən Qərbin adını da çəkirlər ki, o da maraqlı ola bilər. Bəs Qərbin, xüsusən də Avropa və Fransanın bunda məqsədi nədir? Guya bununla Ermənistanı qoruya biləcəklər? Əksinə, Azərbaycan belə təxribatlara adekvat cavab verəcək, Ermənistanı Fransa da, ABŞ də qoruya bilməyəcək. Buna görə də, Rusiya ehtimalı daha ağlabatan görünür.
Bir məlumat da bundan ibarətdir ki, təxribatçılar “Yerkrapa” dəstəsinin üzvləri olub. Bu dəstə yarandığı gündən işğalçılıq siyasətini Rusiya hərbçiləri ilə birgə həyata keçirmişdi.
- Baş verənlərin qarşıdurmaya çevrilmə ehtimalı varmı?
- Buna inanmıram. Bu, 19 sentyabr antiterror tədbirlərindən sonra ən ciddi insidentdir. Biz vəziyyəti gərginləşdirməkdə maraqlı deyilik. Son insidentə lazımi cavabı verdik. Ağılları və məntiqləri qalıbsa, təxribata getməyəcəklər. Çünki təxribat böyük toqquşmaya səbəb ola bilər. Bu durumda 8 kəndimizi hərbi yolla qaytara və Qərbi Zəngəzura daxil ola bilərik. Paşinyan bunu anlayır.
Əslində, belə təxribatlar ən böyük təhlükəni Paşinyan üçün yaradır. Ermənistan baş naziri bu təxribatların hansı məqsədlə törədildiyini anlamalıdır. Bir gün bu təxribatı törədənlər silahlarını onun özünə qarşı da çevrilə bilərlər. Buna görə də, Paşinyan daha çox sülhdə maraqlı olmalıdır.
Hesab edirəm ki, son insident Paşinyanı Azərbaycanla sülh danışıqlarına daha çox həvəsləndirməlidir. Başa düşməlidir ki, sülh müqaviləsini yubatmaqla özü və ölkəsinə böyük təhlükələr yaradır. Əgər orduya tam nəzarət edə bilmirsə, təxribatlar təkrarlana bilər.
- Ermənistan mediasında maraqlı bir məlumat dolaşır. Erməni mənbələrinin iddialarına görə, Basarkeçər, Çəmbərək və Mehridəki bir sıra dövlət qurumları, xəstəxanalar və banklar bağlanır, bu da yeni müharibə riski və ya bu ərazilərin Azərbaycana təhvil verilməsi ehtimalları ilə əlaqələndirilir. Sizin bu haqda fikriniz necədir?
- Ermənilər bu ərazilərdə çox da yaşamırlar. Ümumiyyətlə, ermənilər öz ölkələrini tərk etməyə niyyətlidirlər. Erməni o millətdir ki, onun üçün vətən anlayışı yoxdur. Torpaqlarımızın uzun illər işğalda saxladılar, özlərindən də nağıl uydurublar ki, guya minillərdir bu ərazilərdə yaşayırlar.
“Minillərlə” yaşamısınızsa, niyə bu qədər tez qoyub qaçdınız? Yəni vətən anlayışları yoxdur, harada yaxşı şərait varsa, gedib orada yaşaylrlar. Məsələn, Rusiya, Fransa və ABŞ-də. Təsəvvür edin ki, Ermənistan müstəqil olandan bəri ölkəni 1 milyondan çox insan tərk edib, əhalinin sayı onsuz da azdır.
Ermənilər adıçəkilən ərazilərdə də yaşamağa həvəsli deyillər, çünki orada heç bir perspektiv və inkişaf yoxdur. Bəli, canlarında o qorxu da var ki, Azərbaycan bu əraziləri də geri ala bilər. Qorxu, üstəgəl, iqtisadi çətinliklərə görə əraziləri tərk edib ya qohumlarının yanlarına sığınırlar, ya da Rusiyada fəhləlik edirlər. Bir sıra dövlət müəssisələri də ona görə bağlanır ki, artıq onlara tələbat olmur. Əhali azdırsa, dövlət orqanlarına da ehtiyac qalmır.
- Rusiya Xarici İşlər Nazirliyi Qarabağ ermənilərini geri qaytarmağa hazır olduqlarını bildirir. Sizcə, Kremlin bunda məqsədi nədir: 2025-ci ildə çıxmalı olan sülhməramlıların bölgədə qalmasını təmin etmək, yoxsa yenidən separatizmi alovlandırmaq?
- Məncə, Rusiya xarici işlər nazirinin müavinin (Mixail Qaluzin) açıqlamaları təxribat xarakterlidir. Bunu Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndirirəm. Deyir ki, Rusiya hərbi kontingenti qala da, ermənilərin Qarabağa qayıdışını təmin edə də bilər. Hər ikisi Azərbaycanın daxili məsələsidir.
10 noyabr bəyanatına görə, Rusiya hərbi kontingenti gələn il – 2025-ci ildə ərazimizdən çıxmalıdır. Tərəflərdən biri etiraz etməsə, çıxıb getməlidirlər. Biz də uzatmaq istəmirik və qərarımıza da hörmətlə yanaşmalıdırlar. Çünki ehtiyac yoxdur.
“Ermənilərin qayıdışı”ndan danışırlar, məgər biz erməniləri Qarabağdan qovmuşuq? Təklif etdik ki, Azərbaycan vətəndaşlığını qəbul edib yaşayın. İstəmədilər, çıxıb getdilər, birinin də burnu qanamadı. İndi də qayıtmaq istəmirlər, çünki Azərbaycan vətəndaşlığını qəbul etmək istəmirlər, öz seçimləridir. Heç Nikol Paşinyan 19 sentyabr əməliyyatlarından sonra bir dəfə də deməyib ki, ermənilər Qarabağa qayıtmalıdırlar. Çünki özü də istəmir, artıq Ermənistanda yerləşdiriblər.
- Ermənistan baş naziri bunu niyə istəmir?
- Əgər o bunu istəsə, biz də tələb edəcəyik ki, azərbaycanlılar Qərbi Zəngəzura qayıtmalıdır. Paşinyan bunu istəmədiyi üçün ermənilərin qayıtmasını da istəmir. Amma ruslar tutub durublar ki, ermənilər istəməsələr belə, Qarabağa qayıtmalıdırlar. Necə qaytaracaqsan? Özləri gəlmək və bizim qanunlarla yaşamaq istəmirlər. Biz Xankəndi və ətrafında məskunlaşdırma prosesinə başlamışıq.
Belə açıqlamalar Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndirilməlidir. Hesab edirəm ki, rəsmi səviyyədə bu cür bəyanatlara adekvat cavab verməliyik. Düzdür, Rusiya ilə münasibətləri gərginləşdirmək istəmirik. Amma heç olmasa, Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlaması olmalıdır ki, bu, bizim daxili məsələmizdir, özümüz həll edəcəyik, başqa şeylərə ehtiyac yoxdur. Ceyhun Bayramov da ötən ilin yekunlarına dair mətbuat konfransında da bildirdi ki, bəli, müddət 2025-ci ilədəkdir.
- Rusiyanın Azərbaycandakı səfiri deyir ki, sülhməramlıların rolu dəyişib. Rus diplomatın bu sözünü necə şərh etmək olar? Hesab etmək olarmı ki, Kreml sülhməramlıları Azərbaycan ərazisində saxlamaq üçün onlara fərqli status və ya rol biçməyə çalışır?
- “Rolu dəyişib” deyəndə onlar artisdirlər, nədirlər, gündə bir rol oynayırlar?! Bir ara dedilər ki, ərazilərin minlardan təmizlənməsində iştirak edə bilərlər. Bu da nağıldır. Biz minaların təmizlənməsində peşəkar səviyyədə məşğul oluruq, ANAMA bu işin öhdəsindən gəlir. Belə mütəxəssisləri yetişdirmək üçün aylarla, illərlə vaxt lazımdır. Sıravi rus hərbçisi minatəmizləyənə necə çevrildi? Minatəmizləmə işində bizə dəstək verən bütün ölkələr və beynəlxalq təşkilatlara təşəkkür edirik.
Sadəcə Rusiya burada qalmaq üçün müxtəlif bəhanələr uydurur. İndi orada erməni yoxdur, təhlükəsizlik məsələsində də həll etmişik. Belədirsə, sülhməramlılara nə ehtiyac var? Ermənilərə görə gəlmişdilər, guya ayırıcı xətt olacaqdılar. Erməni yoxdursa, ayırıcı xətt də yoxdur.
Nə uyduracaqlarını da bilmirlər, gündə min bəhanə ilə gəlirlər. Bizim bununla bağlı rəyimiz bəllidir. Başda Prezident İlham Əliyev və cəmiyyətimiz olmaqla, Rusiya hərbi kontingentinin qalma müddətinin artırılmasını istəmirik. Çünki bu, gələcəkdə bizə təhlükə yarada bilər. Müddət uzadılsa, burada hərbi baza yaratmağa da cəhd edərlər. Bizim bu məsələ ilə bağlı iki müsbət təcrübəmiz də var.
Müstəqilliyimizin ilk illərində Rusiya hərbi bazalarını ölkəmizdən çıxardıq. 2000-ci illərdə, elə Prezident İlham Əliyevin dövründə Qəbələ RLS ilə bağlı müqaviləni uzatmadıq. Bu da üçüncü müsbət təcrübə olar: 2025-ci ildə Rusiya hərbi kontingentini xoşluqla yola salarıq.