» » Ermənilər nəyi hədəfləyiblər? - AKTUAL

Ermənilər nəyi hədəfləyiblər? - AKTUAL



Ermənistan ordusunun Zəngilan istiqamətində atəş açmasının sərhəddə eskalasiya yaratmaq planına xidmət etdiyi şübhəsizdir: erməni postunun görüntüləri də təsdiq edir ki, təxribat planlı şəkildə həyata keçirilib; atəşin snayperdən açılması məqsədin Azərbaycan ordusuna itki vermək olduğunu isbat edir;
Snayperdən açılan atəşin adekvat cavabı olacaq, bu baxımdan, “Ermənistan Azərbaycanın cavab atəşi açmasında və hərbi qarşıdurmanın yaşanmasında maraqlıdırmı” sualı yaranır. Bu sual xüsusilə iki kontekstdə diqqət çəkir:
- Azərbaycanda seçki prosesi bitdi və qarşıda sülh danışıqlarının növbəti raundu gəlir;
- Paşinyan dünən Britaniya mediasına müsahibəsində sülh danışıqlarının yenidən başlanmasında maraqlı olduqlarını elan etdi;
Bu, snayper atəşinin rəsmi İrəvanın iradəsindən kənar açıldığı, erməni ordusu daxilində prosesin tormozlanmasını istəyən qrupların oyunu olduğu fikrini önə çıxara bilər. Ermənistan tərəfi də “hadisənin araşdırılacağını, hərbçinin cəzalandırılacağını” bildirib. Hərçənd, Ermənistanın maraqları snayper atəşinin açılması əmrinin rəsmi İrəvan tərəfindən verildiyi versiyasını gücləndirir.
Birincisi, Ermənistan və bu ölkədə Rusiyanın “təhlükəsizlik yerini” doldurmaq istəyən Qərb tərəfdaşları, xüsusilə Fransa Azərbaycanla sərhəddə eskalasiyanın olmasında maraqlıdır: mümkün hərbi qarşıdurma İrəvana Moskvanın “təhlükəsizlik müttəfiqliyindən” imtina etməyə, yaxud təhlükəsizlik məsələsində Qərb tərəfdaşlarına ağırlıq verməyə səbəb yaradacaq; 44 günlük müharibədən sonra sərhəddə baş verən qarşıdurmalarda Ermənistan KTMT və Rusiyaya bu ittihamları ünvanlayıb, lakin indi situasiya fərqlidir;
- Fransa və Ermənistan arasında hərbi əməkdaşlıq müqaviləsi imzalanıb və erməni ordusunun arsenalının təmin edilməsi şaxələndirilib;
- Aİ müşahidəçilərinin sayı kifayət qədər genişləndirilib: İrəvan sərhədlərin mühafizəsini “müşahidə missiyası”nın çətiri altında öz qüvvələri tərəfindən təmin edə biləcəyini hesab edir;
Hazırda Ermənistan Rusiyanın yerini kifayət qədər doldura biləcək dəstəyə malikdir və baş verə biləcək mümkün esakalasiya bu istiqamətdə praktiki addımların atılması üçün istinad nöqtəsi ola bilər. Zəngilan rayonu da Ermənistanın sərhəddə eskalasiya nöqtəsinə çevirə biləcək beş nöqtədən (Kəlbəcər – Söyüdlü mədəni, Laçın – Qaragöl istiqaməti, Naxçıvan – Kərki kəndi, Qazax – işğal altındakı 7 kənd) biridir.
İkincisi, Zəngilan rayonu istiqamətində mümkün eskalasiya Zəngəzur dəhlizi layihəsini tormozlamağa hesablana bilər: dəhlizdən imtina edən Ermənistan Mehridə heç bir praktiki iş görməsə də, Azərbaycan layihənin sərhədə qədər olan hissəsini tamamlamaq üzrədir; İrəvan dəhlizlə bağlı görülən işləri sabotaj etməkdə, həm də bu marşrutun təhlükəsiz olmadığını göstərməkdə maraqlıdır;
Üçüncüsü, İrəvan mümkün Brüssel görüşünə hazırlaşır: sülh danışıqlarının Qərb platformasında davam etdirilməsinə ümid edən Ermənistan Aİ Şurasının prezidenti Şarl Mişelin Prezident İlham Əliyevə təbrik zəngini yeni fürsət olaraq görür; Mişel Brüssel formatında görüşün davam etdirilməsini təklif etdi, Əliyev üçtərəfli formatı (bu o deməkdir ki, Fransanın iştirakı mümkün deyil) dəstəklədi; Brüssel formatı bərpa ediləcəyi təqdirdə, rəsmi Bakı Zəngəzur dəhlizi layihəsini əsas prinsip olaraq irəli sürəcək, bu dəfə “Azərbaycandan Azərbaycana prinsipi” üzrə; Kalininqrad təcrübəsinə əsaslanan bu təklif daha öncə Brüsseldə müzakirə olunub və növbəti raundda yenidən aktuallaşması gözləntisi var; Brüssel formatı üçtərəfli qaydada davam edərsə və Bakı Naxçıvana maneəsiz keçidi qəbul etdirərsə, ki bu ehtimal hazırda önə çıxıb, İrəvanın Qərb platformasından gözləntiləri də özünü doğrultmayacaq; bu baxımdan, mümkün Brüssel görüşündən öncə məhz Zəngilan istiqamətində - Zəngəzur dəhlizi ətrafında hərbi hərəkətlilik Ermənistana “kommunikasiya bizim istədiyimiz formada açılmasa, təhlükəsizlik problemləri yaranacaq” mövqeyini əsaslandırmaq üçün lazımlı ola bilər;
Baş verənlər fonunda snayper atəşinin birdən çox hədəfinin olduğu qənaəti yaranır, lakin bunun böyük eskalasiyaya səbəb olacağı gözləntisi hələ də azdır. Zəngilan istiqamətində açılan atəşin cari dövr üçün bir əsas hədəfi var: Zəngəzur dəhlizinin təhlükəsiz marşrut olmadığını nümayiş etdirmək.
Və bu, səbəbsiz deyil. Çünki yanvarın 29-da keçirilən Avropa İttifaqı-Mərkəzi Asiya Nəqliyyat Bağlantısı üzrə İnvestorlar Forumunda Asiyanı Avropaya birləşdirəcək Transxəzər Nəqliyyat Dəhlizinə 10 milyard avro sərmayə qoymaq qərarı verildi. Bu qərar Zəngəzur dəhlizi layihəsinin Brüssel üçün aktuallaşdıracaq amildir.
- Aİ-nin Mərkəzi Asiyaya nəqliyyat dəhlizi əldə etməsində Azərbaycan əsas halqadır;
- Azərbaycan Gürcüstan marşrutu ilə yanaşı, alternativ imkan kimi Zəngəzur dəhlizini irəli sürür (Naxçıvana maneəsiz keçid olaraq) və Bakının mövqeyi Brüsselə təsir edə bilər;
- Mərkəzi Asiya ölkələri də Azərbaycanın layihəsini dəstəkləyir;
- Zəngəzur dəhlizi – Mehridən keçəcək maneəsiz yol Qərb analitikləri tərəfindən nəqliyyat dəhlizləri arasında təhlükəsiz marşrutlardan biri kimi qiymətləndirilir: misal üçün, “Fitch Ratings” beynəlxalq reytinq agentliyi son hesabatında bu dəhlizin təhlükəsiz olduğundan bəhs edir və qeyd edir ki, Aİ Bakı və İrəvan arasında mümkün sülh sazişinə dəhlizin açılması müddəasının daxil edilməsində maraqlı ola bilər;
- Aİ-nin Zəngəzur dəhlizinin Rusiyanın iştirakı olmadan “Kalininqrad təcrübəsi”nə əsasən işləməsini dəstəkləməsi istisna edilməməlidir;
Ermənistanı narahat edən də budur. Bu baxımdan, Zəngilan istiqamətində açılan snayper atəşinin hədəfinin də bu marşrutun təhlükəli olduğunu göstərmək məqsədi daşıdığını deyə bilərik.

Asif Nərimanlı 
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya