Ermənistan Azərbaycanla yeni müharibə istəyir? - NƏ BAŞ VERİR?
- 25-01-2024, 15:30
- Siyasət
- 0
- 71
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilin yekunlarına dair mətbuat konfransında bildirib ki, Azərbaycan-Ermənistan sərhədində eskalasiya təhlükəsi qalmaqdadır. Mirzoyan bildirir ki, Azərbaycan Ermənistana qarşı ərazi iddiaları irəli sürüb.
Mirzoyanın eskalasiya təhlükəsi ilə bağlı açıqlaması regionda yeni müharibənin başlanması ehtiamllarını yenidən gündəmə gətirib.
Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan millət vəkili Elşad Mirbəşiroğlu bildirib ki, bu açıqlama ilə bir daha aydın olur ki, Ermənistan siyasi rəhbərliyi sülh sazişinin imzalanmamasına görə məsuliyyəti üzərindən atmağa çalışır:
"Son dövrlər ermənistan rəhbərliyi ölkənin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müxtəlif dairələrə müraciətlər edirlər. Məqsəd də Azərbaycana qarşı cəbhə formalaşdırmaq, siyasi təzyiq rıçaqlarını işə salmaqdır".
Millət vəkili deyir ki, diqqət yetirsək xarici kənar dairələrin sərgilədiyi mövqe ilə Ermənistanın mövqeyi arasında kifayət qədər ciddi oxşarlıqların olmasını görərik:
"Sanki təlimatlar Avropadan Ermənistana ötürülür və bununla da bu ölkənin sülh danışıqları prosesində mövqeyi formalaşır. Bütün bu təşəbbüslərdə məqsəd Ermənistanı sülh sazişi imzalamaqdan yayındırmaqdır. Azərbaycan Ermənistanın sülh sazişini imzalamaqdan yayınması üçün bütün manevr imkanlarını əlindən alıb. Ermənisan əvvəllər Azərbaycan ərazisindəki ermənilər üzərindən manevrlər edirdi. Separatçılar torpaqlarımızdan təmizləndikdən sonra bu imkan da Ermənistanın əlindən çıxdı. Daha sonra onlar sərhəd məsələsi üzərindən spekulyasiyalar etməyə çalışdılar. Azərbaycan tərəfi bildirdi ki, sülh sazişindən sonra da delimitasiya işləri aparıla bilər".
Millət vəkili bildirir ki, indi müxtəlif platformalarda Azərbaycan qarşı yenidən hücumlar həyata keçirilməkdədir:
"Faktiki olaraq Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun məhdudlaşdırılması məsələsi qaldırılıb. İndiki şəraitdə Azərbaycana qarşı irəli sürülən iddiaların heç bir əsası yoxdur. Ermənistanın Cənubi Qafqazda vəziyyətin gərginləşdirilməsi üçün ABŞ və Avropanın əlində bir alət kimi çıxış etməsi faktdır. Ermənistana bunun müqabilində yardımların edilməsi ilə bağlı vədlər verilib. Yenidən eskalasiya olacağı ehtimalının Ermənistan tərəfindən səsləndirilməsi göstərir ki, bu ölkə hansısa təxribatlara yenidən cəhd edə bilər. Ermənistan bütün məsuliyyəti Azərbaycanın üzərinə qoymaq istəyir".
Politoloq Samir Hümbətov isə hesab edir ki, Mirzoyanın bu cür açıqlama verməsi Ermənistanın eskalasiya yaratmaq arzusunda olmasının göstəricisidir:
"Ermənistan XİN rəhbəri bunu öncədən bəyan etməklə beynəlxalq KİV-də özünə haqq qazandırmaq cəhdləri etmiş olur. Azərbaycan rəhbərliyi açıq şəkildə bəyan edib ki, biz yeni müharibə istəmirik, sülh tərəfdarıyıq, bunun üçün də təmaslar davam etdirilməlidir".
Politoloq güman edir ki, Paşinyanın hakim komandasının tərkibində çatlar var:
"Çünki Ermənistan Baş nazirinin də çıxışında sülhlə bağlı çağırışlar edilir. Amma görürük ki, sülhü baltalayan açıqlamalar da gəlir. Bu fikir ayrılıqları müxtəlif cür yozula bilər. Ola bilsin ki, Paşinyan özünü sülhpərvər göstərsə də, hökumət tapşırıq verib ki, sülh prosesini pozan addımlar atılsın".