Azərbaycan AŞPA əməkdaşlığını pozan səbəblər – Səməd Seyidov faktları açıqladı
- 25-01-2024, 16:00
- Siyasət
- 0
- 81
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi və ölkəmizə qarşı digər qərəzli qərarların qəbulu ilə bağlı məsələlərin gündəmə gəlməsi açıq riyakarlıqdır. Buna cavab olaraq Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edib. Mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühit fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.
Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.
O qeyd edib ki, AŞPA-nın bu “qərar”ının heç bir əsası yoxdur və tamamilə qərəzdən ibarətdir: “Bu “qərar”ın bir səbəbi var, o da Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, müstəqil dövlət kimi yüksəlməsi, söz sahibinə çevrilməsidir. Ölkəmizin dünyada özünəməxsus yer tutması, geosiyasi proseslərə təsir imkanalarının artması, xalqımızı irəliyə aparan qüvvələrin birliyi məhz Avropanın qəbul edə bilmədiyi məsələlərdir”.
“Çox düşündülər, fikirləşdilər ki, Azərbaycanda prezident seçkilərinə, daxili işlərə necə müdaxilə etsinlər. Təbii ki, məqsəd Azərbaycanda fəaliyyətdə olan institutlara kölgə salmaq idi. Azərbaycanın təzyiq altında davranışlarını dəyişəcəyini düşünürdülər. Amma bu mümkün olan bir şey deyil. Heç bir ölkə, hansısa qurum Azərbaycanı şantaj edib, başqa tərzdə danışa bilməz. Çünki ölkəmizdə azad, möhkəm birlik nümayiş etdirən qalib xalq var”- millət vəkili bildirib.
O hesab edir ki, AŞPA-dakı dözülməz mühitdə Azərbaycana, Azərbaycançılığa, türkçülüyə, İslama, dəyərlərimizə qarşı olan münasibətə yalnız bu hərəkət götərilməli idi: “Bu düzgün hərəkətdir. AŞPA bundan sonra hansı “qərar”ı qəbul edir-etsin, mənasızdır. Parlament Assambleyası və Avropa Şurası bununla özünü məhv edir. Bu, uçurum yoludur. Azərbaycanın Avropa Şurasında mövcudluğu Avropa üçün daha çox lazımdır. Azərbaycan Avropa Şurasız da yaşaya bilər. Biz dəyərlərimizi, münasibətimizi qorumaq və müdafiə etmək iqtidarında olduğumuzu göstərmişik. Sadəcə olaraq bunu başa düşmürlər”.
Səməd Seyidov vurğulayıb ki, Azərbaycanı məqsədyönlü şəkildə heç bir gücü olmayan, qüsürlu dövlətlər siyahısına daxil etmək istəyirlər: “Bu qüsurlu dövlətlərin aqibətini hamı gördü. Azərbaycan isə başqa bir dövlətdir. Biz xalq-dövlət olaraq özümüzü müdafiə etmək iqtidarındayıq”.