Putin Paşinyanı ağır cəza ilə hədələdi: Kreml Ermənistanı xəritədən silməklə təhdid edir
- 16-12-2023, 09:25
- Siyasət
- 0
- 90
Rəsmi İrəvan Rusiyadan tamamilə uzaqlaşmaq istiqamətində hansısa konkret addımın atılmasına cəsarət edərsə, Kreml dərhal radikal reaksiya vermək niyyətindədir... Prezident Vladimir Putinin və digər rus siyasətçilərin son təhdidləri onu göstərir ki, Kremlin sərt reaksiyası Ermənistanın ümumiyyətlə , öz mövcudluğunu Rusiyaya tam təslim etməsi ilə də nəticələnə bilər...
Cənubi Qafqaza nəzarət mexanizmləri hazırda geopolitik savaşda önəmli regional təsir faktoruna çevrilib. ABŞ və Qərb bütün mümkün vasitələrlə Rusiyanın analoji faktorlardan məhrum buraxılmasına cəhd göstərir. Rəsmi İrəvanın Qərbdən verilən bütün sifarişləri tam dəqiqliyi ilə icra etməsi isə bu istiqamətdə Rusiyaya qarşı ciddi problemlər yaradır. Və son vaxtlar Paşinyan hakimiyyəti bu istiqamətdə daha da fəallaşmış kimi görünür.
Xüsusilə də, Ermənistanın Rusiyanın regional sülh prosesində vasitəçilik missiyasını təmin edən üçtərəfli anlaşmalardan imtina etmək niyyəti Kremldə ciddi narahatlıq doğurub. Hər halda, belə bir addımın rəsmən atılmasının Rusiyaya hansı xoşagəlməz situasiyanı vəd etdiyini Kremldə anlamamış deyillər. Və bu baxımdan, Rusiyanı hər imkanda Ermənistanın bütün uğursuzluqlarında suçlayan Paşinyan hakimiyyətinin "üçtərəfli anlaşma" manevrinə Kremlin reaksiyası qətiyyən gözlənilməz deyil.
Məsələ ondadır ki, əvvəlcə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova üçtərəfli anlaşmaların hamısının öz hüquqi qüvvəsini qoruyub, saxladığını bəyan edib. O, Paşinyan hakimiyyətinə üçtərəfli anlaşmaları təsdiqləmiş tərəflərdən heç birisinin öz imzalarını geri çəkildiyini xatırladıb. Yəni, rəsmi İrəvan Mariya Zaxarovanın dediyi addımı hələ atmadığından, Kreml Ermənistanın Rusiyanı şantaj etməyə çalışdığı qənaətinə daha yaxındır. Və ona görə də, rəsmi İrəvanın Kremlin son xəbərdarlıq mesajına necə reaksiya verəcəyi indi daha çox maraq doğurur.
Digər tərəfdən, Paşinyan hakimiyyətinin Rusiya əleyhinə demarş cəhdlərinə prezident Vladimir Putin də səssiz qala bilməyib. Hər halda, rəsmi İrəvan nə qədər inkar etməyə çalışsa da, əslində, Ermənistan öz üzərinə məhz prezident Vladimir Putinin həbsi ilə bağlı beynəlxalq öhdəlik götürüb. Və bu önəmli məqam Rusiya-Ermənistan münasibətlərinin mövcud vəziyyətini böyük ölçüdə təsvir edir.
Maraqlıdır ki, Kreml sahibi Paşinyan hakimiyyətinin Rusiyanı Ermənistanın II Qarabağ savaşındakı tam hərbi-siyasi məğlubiyyətinə görə günahlandırmasını absurd hesab edir. Onun fikrincə, Paşinyan hakimiyyəti bu məğlubiyyətlərin əsas səbəbini məhz Ermənistanın qəbul etdiyi səhv qərarlarda axtarmalıdır: "Qarabağdan Rusiya imtina etməmişdi. Əksinə, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Üstəlik, belə bir qəbul etdiyi barədə də bizə hər hansı məlumat da verməyib. Bu, artıq faktdır".
Əlbəttə ki, prezident Vladimir Putinin bu açıqlamasında Azərbaycanı narazı sala biləcək önəmli məqamlar da olmamış deyil. Ancaq hazırda bu, Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərə birbaşa təsir göstərmir. Çünki Kreml istəsə də, istəməsə də, Azərbaycan öz ərazi bütövlüyünü və Qarabağ üzərində suveren hüquqlarını bərpa edib. Və indi əsas məsələ ondan ibarətdir ki, Azərbaycana qarşı olan iki hərbi müttəfiq - Rusiya ilə Ermənistan bir-birinə qarşı ittihamlar irəli sürmək, hətta ciddi şəkildə çəkişmək məcburiyyətində qalıb.
Üstəlik, Rusiya-Ermənistan qarşıdurmasında mübahisə predmeti hətta "Qarabağ mövzusu"nu belə, aşıb. İndi Ermənistan Rusiyadan uzaqlaşıb, ABŞ və Qərbə sığınmağa can atır. Kreml isə Ermənistanı Rusiyanın orbitində saxlamaq üçün əlindən gələn hər şeyi edir. Bu proses isə tədricən Rusiya və Ermənistan arasında hərbi müttəfiqliyin rəsmən pozulmasına doğru irəliləyir. Və rəsmi İrəvanın davamlı olaraq, Rusiyanın patronajlığı altında olan qurumların zirvə toplantılarını baykot etməsi "qopma nöqtəsi"nin o qədər də uzaqda olmadığını göstərir.
Prezident Vladimir Putin məhz bu məsələyə münasibət bildirərkən, Ermənistanın dövlət maraqlarına eyham vurması da böyük maraq doğurur. Çünki Kreml sahibi vurğulayıb ki, rəsmi İrəvanın MDB, Avrasiya İqtisadi İttifaqı və KTMT-da üzvlükdən imtina etməsi Ermənistanın maraqlarına uyğun ola bilməz. Eyni zamanda Rusiya prezidenti erməni baş nazirin ümumi zirvə toplantılarında iştirakdan yayınmasının əsas səbəblərini Ermənistanda olan daxili vəziyyətlə izah etməyə çalışıb. Və Kreml sahibi əslində, bununla Ermənistan siyasi dairələrini dolayısı ilə təhdid edib.
Belə anlaşılır ki, prezident Vladimir Putin Ermənistanın dövlət maraqlarını müəyyən etmək hüququna sahib olduğuna əmindir. Bu hüququ qabartmaqla, Kreml sahibi həm də Ermənistanı hədələmiş olur. Çünki eyham vurur ki, əgər, rəsmi İrəvan Rusiyanın patronajlığı altında olan qurumları tərk etmək barədə qərar versə, Kreml buna adekvat sərt addımlar atacaq. Bu isə Ermənistanın dövlət maraqlarına qarşı yönəlmiş olacaq.
Üstəlik, Kreml erməni baş nazirin toplantılardan yayınmasını Ermənistandakı daxili proseslərlə izah etməsi də hədələyici yanaşmadır. Bununla Ermənistanda Rusiyanın "beşinci kalonu"nun hərəkətə keçə biləcəyini Paşinyan hakimiyyətinə xatırladır. Halbuki, Kreml sahibi Ermənistan cəmiyyətində Rusiya əleyhinə əhval-ruhiyyənin məhz Paşinyan hakimiyyəti tərəfindən aparılan propoqandadan qaynaqlandığını da bilməmiş deyil. Ona görə də, kənardan ediləcək müdaxilə ilə parçalanmış erməni toplumunun Paşinyan hakimiyyəti üçün ən real təhlükəyə çevrilə biləcəyini qabardır.
Maraqlıdır ki, Rusiya Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy da öz açıqlamasında Ermənistana "barmaq silkələyib". Onun fikrincə, rəsmi İrəvanın Rusiyadan məsafə saxlaması Ermənistan üçün məhvedici nəticələr doğura bilər: "Bu proses Ermənistanda ABŞ səfirliyinə bağlı 2,5 min QHT-nin fəaliyyət göstərməsinin, Qərbdən alınan qrantların hesabına cəmiyyət qarşısında Rusiya əleyhinə ittihamların səsləndirilməsinin nəticəsidir. Ancaq rəsmi İrəvan vaxtilə eyni vaxtda həm Rusiyadan, həm də Qərbdən dəstək qoparmaq istəyən postsovet ölkələrinin səhvlərini təkrarlamasa, Ermənistan üçün daha yaxşı olardı. Onu da unutmasınlar ki, sonuncu Qarabağ savaşı dövründə erməni deputatlar müharibənin dayandırılması üçün mənim kabinetimdə, prezident Vladimir Putinin müdaxilə etməsini xahiş edərək, yalvarırdılar".
Göründüyü kimi, Rusiyanın siyasi elitası Ermənistana qarşı açıq-aşkar qəzəblidir. Həm prezident Vladimir Putin, həm də Rusiya rəhbərliyinə daxil olan digər şəxslər Ermənistanı hədələməyə başlayıblar. Bu təhdidlər onu göstərir ki, rəsmi İrəvan Rusiyadan tamamilə uzaqlaşmaq istiqamətində hansısa konkret addım atmağa cəsarət edərsə, Kreml dərhal radikal reaksiya vermək niyyətindədir. Və bu reaksiya Ermənistanın ümumiyyətlə, öz mövcudluğunu Rusiyaya tam təslim etməsi ilə də nəticələnə bilər.(Yeni Müsavat)