Cənubi Qafqazda qurulan “müdafiə xətti” - Ekspert danışır...
- 7-12-2023, 15:30
- Siyasət
- 0
- 87
Xəzəryanı ölkələrin bir-biri ilə əməkdaşlıq məsələlərini inkişaf etdirməsi hər şeydən öncə regional məsələdir və müsbət haldır. Əlbəttə, Rusiya və İran bu formatdan eyni zamanda Qərbin bölgəyə girişini əngəlləmək üçün istifadə etməyə çalışa bilər. Lakin fərqli və toqquşan maraqların olduğunu da nəzərə almaq lazımdır.
Bu sözləri Axar.az-a Xəzəryanı ölkələrin əməkdaşlıq formatı ilə “3+3” platformasının Qərbə qarşı birgə müdafiə xətti kimi qiymətləndirilməsi ilə bağlı fikirləri şərh edən Türkiyənin Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Toğrul İsmayıl deyib.
Professor bölgəmizdəki ziddiyyətli məqamların və enerji daşınması ilə bağlı fərqli baxışların birgə fəaliyyətə əngəl olduğunu qeyd edib:
“Rusiya ilə İranın regional və beynəlxalq məsələlərə reaksiyasını nəzərdən keçirdiyimiz zaman Moskvanın daha real, Tehranın isə qonşuların maraqlarını nəzərə almadan öz mənfəətlərini üstün tutan siyasət apardığını demək olar. Münasibətlər nisbətən normallaşsa da, bu tendensiya Azərbaycana münasibətdə də özünü göstərir. Rəsmi Bakı üçün isə ən vacib məsələ Cənubi Qafqazda sabitlikdir. Fikrimcə, yaxın vaxtlarda qurulması nəzərdə tutulan Xəzər Şurası təşkilatının fəaliyyəti də əsasən enerji nəqli, nəqliyyat yollarının açılması kimi məsələlərlə bağlı olacaq. Hazırda Mərkəzi Asiya ölkələrinin neft və qazının Xəzər dənizi və Azərbaycan üzərindən nəqli məsələsinə Bakı ilə Ankaranın baxışı Moskvanınkından fərqlidir. Burada Rusiyanın öz alternativ təklifi var, Azərbaycan və Türkiyə üzərindən daşınma İranın da maraqlarına uyğun deyil. Lavrovun “3+3” formatını xatırlatması və bunu Xəzər Şurası ilə əlaqələndirməsi əslində Rusiyanın prosesə hansı formada yanaşmaq istədiyinin təzahürüdür. Xatırlatmaq yerinə düşər ki, bölgəyə xarici qüvvələrin müdaxiləsinin qarşısının alınmasını 44 günlük Vətən müharibəsindən sonra ilk dəfə Azərbaycan və Türkiyə təklif edib. Ancaq hələ də Gürcüstan ərazisinin bir hissəsi işğal altındadır və Rusiya orada separatçılara dəstək verir. Digər tərəfdən rus bazası hələ də Gümrüdədir, Moskva isə bölgəmizə Avropanı gətirən İrəvanı müttəfiq adlandırır”.
Ekspertin sözlərinə görə, Xəzər Şurası ilə artıq “3+2” olan platformanı Qərbə qarşı qurulan müdafiə xətti kimi xarakterizə etmək hələ tezdir:
“Çünki ortada hələ də toqquşan maraqlar çoxluq təşkil edir”.
Qeyd edək ki, Moskvada Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında Xəzər Şurası adlı yeni təşkilatın yaradılması haqqında qərar qəbul edilib. 2024-cü ilin mart ayında isə Bakıda Xəzəryanı dövlətlərin yüksək səviyyəli işçi qrupunun görüşünün keçirilməsi nəzərdə tutulur.