DTX-də ATƏT PA-nın prezidenti ilə görüş keçirilib
- 14-11-2023, 15:18
- Siyasət
- 0
- 125
Noyabrın 14-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev ATƏT Parlament Assambleyasının prezidenti xanım Pia Kaumanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
"Bu barədə DTX-nin Mətbuat xidməti məlumat yayıb.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Qarabağda aparılmış hərbi əməliyyatlardan sonra Cənubi Qafqaz regionunda hökm sürən hazırkı durum, Qarabağ ərazisində insanların təhlükəsiz şəkildə yaşamasının təmin edilməsi, həmin bölgənin yüksək həddə minalarla çirkləndirilməsinin doğurduğu fəsadlar və münaqişə nəticəsində itkin düşmüş, əsir-girov götürülmüş şəxslərin taleyinin qeyri-müəyyənliyi əsas müzakirə mövzusu olub.
Komissiya sədri Əli Nağıyev hazırda dövlətimizin işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı yenidənqurma işlərini apardığını, lakin sözügedən ərazilərin əhəmiyyətli hissəsinin Ermənistan tərəfindən minalanmasının və dəfələrlə danışıqların mövzusu olmasına baxmayaraq, Azərbaycan tərəfinə mina xəritələrinin verilməməsinin və ya minaların yerlərinin qeyri-dəqiq təqdim olunmasının bərpa-quruculuq prosesinin sürətlə reallaşdırılmasına ciddi maneə törətdiyini qeyd edib. Mina terroru qurbanlarının hər ötən gün daha da artdığı nəzərə alınaraq digər beynəlxalq təşkilatlarla yanaşı, ATƏT-in də Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməsinin zəruriliyi vurğulanıb.
Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz və etnik təmizləmə siyasəti nəticəsində 4000-ə yaxın vətəndaşımızın itkin düşməsi məsələsinə toxunan Əli Nağıyev bildirib ki, torpaqlarımızın işğaldan azad olunması onların axtarışını asanlaşdırsa da, lakin bununla belə xeyli sayda soydaşımızın taleyinə aydınlıq gətirmək hələ də mümkün olmamışdır. Ermənistan bu istiqamətdə də qeyri-konstruktivlik nümayiş etdirərək azərbaycanlıların kütləvi basdırıldığı məzarlıqların yerlərinin tapılması sahəsində əməkdaşlıq etməkdən müxtəlif bəhanələrlə boyun qaçırır.
Dövlət Komissiyasının sədri Əli Nağıyev bütün bunlara baxmayaraq, Azərbaycanın bölgədə davamlı sülhün və sabitliyin bərqərar olması üçün səylərini əsirgəmədiyini, daima qonşuluq və dinc yanaşı yaşama prinsiplərini üstün tutaraq Qarabağda yaşayan erməniəsilli şəxslərin təhlükəsizliyinə hərtərəfli təminat və zəmanət verdiyini, Ermənistanla münasibətlərin normallaşdırılmasının və sülh müqaviləsinin imzalanmasının vacib olduğunu deyib.
Söhbət zamanı regionda dayanıqlı sülhün yaranmasına əlverişli imkanın mövcud olduğu bir vaxtda bəzi dövlətlərin bölgədə vəziyyəti yenidən gərginləşdirmək məqsədilə Ermənistanı silahlandırmasının qəbuledilməzliyi, belə halların yenidən müharibənın alovlanmasına səbəb olacağı qonağın diqqətinə çatdırılıb.
ATƏT Parlament Assambleyasının prezidenti xanım Pia Kauma isə öz növbəsində təmsil etdiyi təşkilatın Azərbaycanla Ermənistan arasında etimad quruculuğu prosesinə lazımi dəstək verə biləcəyini və bölgənin gələcək təhlükəsizliyi ilə bağlı öz mövqeyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.