Tbilisidə Azərbaycan Dram Teatrının yeni binasının təməli qoyulub
- 27-10-2023, 13:11
- Siyasət
- 0
- 88
Oktyabrın 27-də Gürcüstanda 150 illik tarixi olan Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının müasir üslubda inşa ediləcək yeni binasının təməlqoyma mərasimi keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, tədbirə Azərbaycanın Baş naziri Əli Əsədov və onun rəhbərlik etdiyi nümayəndə heyəti, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, yerli ictimaiyyət və media nümayəndələri qatılıblar.
Toplantıda hər iki ölkənin baş nazirləri çıxış ediblər.
Ə.Əsədov bildirib ki, bu teatr mədəniyyət və incəsənətsevərlərə layiqli hədiyyə olmaqla yanaşı, həm də tarixi, qədimliyi və müasirliyi özündə mükəmməl şəkildə sintez edən Tbilisi şəhərinin görkəminə xüsusi gözəllik verəcək və Gürcüstan paytaxtının mədəni ocağına çevriləcək:
“Əlamətdar haldır ki, Heydər Əliyevin adını daşıyan bu mədəniyyət ocağının yeni binasının təməlqoyması məhz bu ilə - Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 100-cü ildönümünə təsadüf edir. Heydər Əliyevin bu mötəbər yubileyi münasibətilə Gürcüstanda da silsilə tədbirlər keçirilib”.