Putin Paşinyanı qorxudan reallığı elan etdi: Kreml İrəvanı rus sülhməramlılarla "vuracaq"
- 7-10-2023, 09:00
- Siyasət
- 0
- 111
Kremldə Rusiya sülhməramlı qüvvələrini tezliklə Azərbaycan ərazilərindən çıxartmaq məcburiyyətinin yaranacağını tam dəqiqliyi ilə anlayırlar... Ancaq Kreml bu məcburi addımı atarkən, bütün məsuliyyəti məhz Paşinyan hakimiyyətinin üzərinə yıxmaq niyyətindədir...
Rusiyanın Ermənistandan intiqam alacağı şübhə doğurmurdu. Kreml istənilən halda, rəsmi İrəvanın Rusiyaya xəyanətinin əvəzini çıxacaqdı. Ona görə də, Rusiyanın son hadisələr zamanı vərdişli olmadığı neytrallığa üstünlük verməsi əslində, təəccüblü deyil. Və bu, Paşinyan hakimiyyətinin israrlı Rusiya əleyhinə siyasi kursunun real nəticələri kimi qəbul edilə bilər.
Məsələ ondadır ki, uzun müddətdən bəri Rusiya və Ermənistan arasında kəskin ziddiyyətlər yaşanırdı. Rəsmi İrəvan Ermənistanın bütün uğursuzluqlarını məhz Rusiya ilə bağlayırdı. Yəni, Paşinyan hakimiyyəti Ermənistanın hərbi-siyasi və diplomatik iflasının günahını Rusiyanın üzərinə yükləməyə çalışırdı. Və bununla da, Ermənistan cəmiyyətini Rusiyadan uzaqlaşmaq kursunun nəticələrinə hazırlamağa cəhd göstərirdi.
Təbii ki, Paşinyan hakimiyyəti bütün bu müddət ərzində Ermənistan cəmiyyətində Rusiyaya qarşı "nifrət toxumu səpməyə" nail olub. Artıq Ermənistanda Rusiyaya əvvəlki kimi güvənmirlər, etibar etmirlər. İndi Ermənistan cəmiyyəti də rəsmi İrəvanın hərbi-siyasi müttəfiq axtarışları ilə barışıb. Və bu, Rusiyanın Ermənistanı itirmək üzrə olduğunu göstərir.
Ancaq Ermənistanın əsas problemi nəinki həll edilməyib, əksinə, daha da dərinləşib. Rəsmi İrəvan Ermənistan üçün yeni və daha effektiv müdafiə sistemi qurmağa nail olmayıb. Əksinə, Ermənistan indi əvvəlkindən qat-qat zəif və müdafiəsiz ölkədir. Hər halda, erməni siyasi-ideoloji düşüncə prinsipləri yekun nəticədən çox-çox uzaqdır. Və Paşinyan hakimiyyətinin böyük ümidlər bəslədiyi Qərb Ermənistanı müdafiə edə bilmir, hətta bəzi hallarda, buna heç həvəs də göstərmir.
Əslində, belə situasiya Rusiyanın maraqlarına tamamilə cavab verir. Çünki Kreml hazırda Ermənistanın Rusiyanın himayəsi olmadan nə qədər aciz bir dövlət olduğunu nümayiş etdirmək imkanlarına malikdir. Elə Rusiyanın son hadisələr zamanı kənarda dayanaraq, müəmmalı neytrallığa üstünlük verməsində əsas məqsəd də məhz bundan ibarət idi. Və indi Kreml hər imkanda "Ermənistan Rusiyasız mövcud ola bilməz" tezisini qabartdır, rəsmi İrəvanın Qərbə yaxınlaşma siyasəti ilə ilk növbədə "erməni toplumu"na xəyanət etdiyini sübuta yetirməyə çalışır.
Rusiya prezidenti Vladimir Putinin son açıqlamalarında da Kremlin Paşinyan hakimiyyətinə qarşı kəskin ittihamları açıq-aşkar nəzərə çarpır. Kreml sahibi bir tərəfdən Azərbaycan ordusunun lokal antiterror tədbirlərindən sonra yaranmış vəziyyəti tam dəqiqliyi ilə ifadə edib. Digər tərəfdən isə baş verənlərin əsas günahkarı kimi birbaşa Paşinyan hakimiyyətini nişan verib.
Məsələ ondadır ki, Kreml sahibi Ermənistanın Qarabağı Azərbaycanın ərazisi kimi rəsmən tanıdığını xatırladıb. Belə vəziyyətdə Rusiyanın baş verənlərə müdaxilə şansının qalmadığını vurğulayıb. Onun fikrincə, 30 il ərzində davam edən münaqişədə Qarabağın statusu əsas müzakirə mövzusu hesab olunurdu: "Amma Ermənistanın özü onu Azərbaycanın bir hissəsi kimi tanıdı".
Kreml sahibi Paşinyan hakimiyyətinin Rusiyaya qarşı ittihamlarını çox böyük ustalıqla Qərbə doğru istiqamətləndirib. Belə ki, prezidenti Vladimir Putin baş nazir Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdığı Praqa Bəyannaməsini məhz Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun birbaşa vasitəçiliyi ilə imzaladığını xatırladıb: "Məhz həmin Praqa Bəyannaməsinə imza atmaqla, Ermənistan Qarabağın Azərbaycana məxsus olduğunu təsdiqləyib. Bununla da bütün mübahisəli məqamlar de-fakto və de-yure öz həllini tapıb. İndi nə Şarl Mişelin, nə də Ermənistan baş naziri Nikol Paşinyanın Rusiyanı ittiham etmək haqqı yoxdur".
Kreml sahibi, 44 günlük savaşdan sonra "Dağlıq Qarabağ beynəlxalq hüquqa görə, Azərbaycanın ayrılmaz tərkib hissəsidir" deməklə, Ermənistan cəmiyyətini şoka salmışdı. Prezident Vladimir Putin bu dəfə də erməni toplumunun barışmaq istəmədiyi həqiqəti açıq mətnlə bəyan edib: "Qarabağ Azərbaycanın tərkibinə rəsmən keçib. Müasir Ermənistan dövlətinin mövqeyi belədir. Biz daha nə etməliydik ki...”
Rusiya prezidenti bundan sonra baş verəcək prosesləri də açıq şəkildə anons edib. O, bildirib ki, rəsmi Bakının Xankəndi və ətraf bölgədə Azərbaycan Konstitusiyasına uyğun idarəçilik sistemi yaratması üçün o qədər də uzun müddət lazım gəlməyəcək. Onun fikrincə, bu, həm hüquqi, həm də qaçılmaz xarakter daşıyır. Yəni, Kremldə Azərbaycanın Qarabağ üzərindəki suveren hüquqlarını artıq tanıyırlar. Və prezident Vladimir Putin bu açıqlaması ilə erməni toplumunun son baş verənlərlə barışmaqdan başqa çıxış yolunun qalmadığını anlatmağa çalışır.
Ancaq burada əsas məqam ondan ibarətdir ki, Kreml bir tərəfdən Azərbaycanın artıq öz hədəflərinə çatdığını qabardır. Qarabağın Ermənistan üçün həmişəlik itiriləcəyini rəsmən elan edir. Digər tərəfdən isə Ermənistan cəmiyyətinə əsas günahkarın da məhz Paşinyan hakimiyyəti olduğu barədə birbaşa mesaj ötürür. Və Kreml sahibinin belə paralel geopolitik oyunu indiki situasiyada rəsmi İrəvan üçün ölkədaxili etiraz dalğasını stimullaşdıra biləcək bir gedişdir.
Təbii ki, Rusiya Ermənistanı cəzalandırmaqda davam edəcək. Böyük ehtimalla Kreml yaxın vaxtlarda Rusiya sülhməramlı qüvvələrini Azərbaycan ərazilərindən çıxartmaq məcburiyyətində qalacağını tam dəqiqliyi ilə anlayır. Üstəlik, bu barədə müzakirələrə açıq olduğunu sezdirməklə, hazırlıq prosesinə başladığını da biruzə verir. Əsas hədəf kimi isə Kreml rus sülhməramlıların Azərbaycan ərazisindən çıxarılmasına görə bütün məsuliyyəti məhz Paşinyan hakimiyyətinin üzərinə qoymaq niyyətindədir. Yəni, Kreml İrəvanı əslində, rus sülhməramlılar üzərindən "vurmağa" hazırlaşır. (Yeni Müsavat)