Makronun baş tutmayan hiyləsi: Əliyevin planı pozan demarşı
- 5-10-2023, 15:30
- Siyasət
- 0
- 116
Bu gün İspaniyanın Qranada şəhərində Avropa Siyasi Birliyi (ASB) sayca üçüncü sammiti keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sammitdə iştirakdan imtina etdi.
İmtinanın bir sıra səbəbləri var. Bir səbəb Qrandada Azərbaycan və Ermənistan liderlərinin görüşündə Türkiyə prezidentinin iştirakına razılıq verilməməsidir.
Amma Azərbaycan və Türkiyənin sammiti boykot etməsinin ikinci mühüm səbəbi var və biz indi o məsələ barədə daha ətraflı söz açmalı olacağıq.
İlk onu qeyd etmək lazımdır ki, ASB-nin yaranması və birinci sammitinin keçirilməsinin təşəbbüskarı Fransa prezidenti Makrondur. İlk dəfə 2021-ci ilin mayında Fransa prezidenti Makron tərəfindən irəli sürülən Avropa Siyasi Birliyi (ASB) layihəsi oktyabrın 6-da Praqada keçirilən toplantı ilə ilk konkret addımını atdı.
Makron xüsusilə “Brexit”, Pandemiya və Ukrayna müharibəsi nəticəsində Avropanın üzləşdiyi böhran vəziyyətindən çıxmaq üçün yeni bir siyasi konfiqurasiyanın yaranması zərurətini ortaya qoydu. Ona görə də Avropa İttifaqı üzvü olmayan ölkələrin də iştirakı ilə onun liderliyi altında Avropa Siyasi Birliyinin - yeni bir güc mərkəzinin yaranması təşəbbüsünü irəli sürdü. Qısa zaman ərzində 6 oktyabr 2022-ci ildə Praqada ASB-nin birinci sammitini keçirməyə nail oldu.
Makron bu addımı ilə eyni zamanda növbəti bir hədəfini - Almaniyada Merkelin hakimiyyətdən gedişi nəticəsində Avropadakı liderlik boşluğunu aradan qaldırıb özünü Avropanın “xilaskarı” obrazında təqdim etmək niyyətini açıq şəkildə ortaya qoydu. Əgər gedən proseslərə nəzər salsaq görərik ki, Merkel hakimiyyəti dövründə Fransa geosiyasi proseslərdə Almaniyanın yedəyində gedirdisə, onun gedişindən sonra ölkələrin yerini dəyişdiyinin şahidi olmaqdayıq. Qeyd etmək lazımdır ki, bir neçə ildir, Fransa beynəlxalq münasibətlər sistemindəki fəaliyyətində ciddi uğurlara imza ata bilməsə də, Avropanın təmsilçisi və lideri rolunda çıxış etməkdədir.
ASB də Makronun Avropa siyasətində və dünya diplomatiyasında liderlik mövqeyini gücləndirmək cəhdidir. O baxımdan da ASB son illərdə dünya diplomatiyasında təsiri azalan Fransa və bu mövzuda tənqidlərə məruz qalan Makron üçün xüsusi məna və əhəmiyyət kəsb edir.
Makronun gələcək hədəfi də ASB-ni mütəşəkkil bir quruma çevirməklə ABŞ və Böyük Britaniyanın təsirindən uzaqlaşıb alternativ güc mərkəzinə çevirməkdir. Fransa həmçinin gələcəkdə ASB bazasında Avropanın yeni hərbi birliyini formalaşdırmaq niyyətini güdür. Bu məsələlərdə Almaniyanın və bir sıra Avropa ölkələrinin maraqları tam olmasa da, Fransa ilə üst-üstə düşür. Lakin Böyük Britaniyadan başqa çoxsaylı Avropa ölkələri var ki, onlar Fransanı Avropanın lideri simasında görmür və açıq şəkildə buna qarşıdırlar.
Makronun Avropa lideri olmaq istiqamətindəki səylərinə baxmayaraq, o, niyyətinə nail ola bilmir. Nəinki Avropa ölkələri, bütövlükdə Qərb Makronun yürütdüyü siyasətin heç də qoca Avropa qitəsinin gələcək inkişafına hədəflənən sıx inteqrasiyasına xidmət etmədiyi düşüncəsindədir. Hətta Qərb hesab edir ki, Makronun bu niyyəti Fransanın neokolonializm siyasətinə xidmət edir.
Təbii ki, Fransanın bu niyyətini Azərbaycan və Türkiyə də yaxşı görür və başa düşür. Digər tərəfdən Fransanın türk və müsəlman dünyasına çox olmayan mövqeyi, neokolonialist siyasəti, xüsusən də Türkiyə və Azərbaycana olan münasibəti də ortadadır. Anti-Azərbaycan, anti-Türkiyə siyasəti Fransanın xarici siyasətinin əsas prioritetlərindən biri hesab edilir. Belə olan halda Bakı və Ankaranın Fransanı daha üstün geosiyasi oyunçu səviyyəsinə çıxarmaq planına xidmət edən proseslərdə iştirakına nə lüzum var.
Hesab edirəm ki, gələcəkdə digər ölkələr də Fransanın liderliyi ilə yaradılan ASB-nin gələcək perspektivinin olmadığını görəcəklər. ASB ən yaxşı halda Avropanın digər təşkilatları, xüsusən də ATƏT kimi səmərəsiz bir amorf quruma və siyasi bir kluba çevriləcək.
Digər bir məqam isə ondan ibarətdir ki, ASB-nin ciddi bir quruma çevrilməsində ABŞ, Böyük Britaniya da maraqlı deyil. Bu isə o deməkdir ki, anqlosaks güclər ASB-nin ciddi quruma çevrilməsinə şərait yaratmayacaq. Çünki ABŞ və Böyük Britaniyanın Fransa və Almaniyanın liderliyi altında yaranan hər hansı ciddi beynəlxalq qurumun yaranmasında maraqlı deyil. Əgər belə olsaydı, o zaman Böyük Britaniya Avropa İttifaqından çıxıb, bu təşkilatın effektini sıfıra endirmək yolu seçməzdi. Nəticədə Aİ artıq ciddi güc mərkəzi kimi geosiyasi, geoiqtisadi oyunlarda mövqeyini sürətlə itirməkdədir. Qoca qitənin “xilaskarı” rolunu oynayıb Avropanı xilas etmək yolundakı alternativ variantlarında hər hansı müsbət nəticə verəcəyini düşünmək sadəlöhvlük olardı. Ən azından Avropanın özündə bununla bağlı vahid mövqe yoxdur və fərqli fikirlər, baxışlar mövcuddur.
Bu gün nə qədər zəif görünsə də, Rusiya da ASB-nin güc mərkəzi kimi formalaşmasında maraqlı deyil. Moskva, əslində, ASB-dən faydalanıb Avropada ixtilafın, böhranın daha da dərinləşməsində maraqlıdır.
Makron başda olmaqla Fransanın da yürütdüyü yanlış və uğursuz siyasəti bura əlavə etsək, o zaman mənzərə tam aydın olar. Liderlik iddiasında olan Makronun vədləri özünü doğrultmadı. Çünki son illərdə dünyada gedən proseslər Makronun hesablaya bilmədiyi istiqamətdə inkişaf edib onun bütün planlarını alt-üst etdi və etməkdədir. Bunu biz Fransanın son illərdə Cənubi Qafqazda yürütdüyü yanlış siyasətdə də görürük. Prosesləri düzgün hesablaya bilməyən Makronun Cənubi Qafqaz siyasəti iflasa uğrayır və nəticə vermir. Makron və rəsmi Paris dünyada gedən prosesləri düzgün hesablaya bilmədiyindən dünyadakı geosiyasi mövqelərini sürətlə itirməkdədir. Son dövrlərdə Afrikada, Aralıq dənizi hövzəsində baş verənlər bunun bariz nümunəsidir. Türkiyə və Azərbaycan qarşı qərəzli mövqeyini də buraya əlavə etsək. o zaman hər şey aydın olar. ASB-nin Qranada sammitində nəzərdə tutulan Azərbaycan və Ermənistan liderlərinin görüşü ilə bağlı məsələ bunun bariz göstəricisidir. O baxımdan Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın ASB-nin Qranada sammitində iştirak etməmələri tam məntiqli bir addımdır.
Belə olan halda nə Azərbaycan, nə də Türkiyə ASB-nin güclənməsinə öz töhfəsini verməyəcək. Bakı və Ankara “qalıçka” xatirinə, öz baxışlarını çatdırmaq üçün bir platforma kimi ASB-nin toplantılarında iştirak edə bilər. Ancaq onun Avropa və qonşu bölgələrdə ölkələrin, xalqların marağına xidmət edən dayanıqlı sühün, təhlükəsizliyin, sıx inteqrasiya olunmuş qarşılıqlı maraqlara xidmət edən əməkdaşlıq formatının yaradılacağına ümid bəsləmirlər. Və bunu da görmürlər.
Artıq bir zamanlar Makronun Avropanı xilas edə biləcək lider kimi yanaşanıb inananların özlərində müəyyən şübhələr və inamsızlıq yaranmaqdadır. Onlar da anlamağa başlayıb ki, nə Fransa, nə də Makron Avropanın xilaskarı ola bilməz.