Paşinyan QUCAQ DƏYİŞDİRİR: Kreml susacaqmı?.. - Ekspert danışır
- 8-09-2023, 14:22
- Siyasət
- 0
- 101
Ermənistan-ABŞ birgə hərbi təlimləri keçiriləcək. Təlimlər 11-20 sentyabrda Ermənistanda baş tutacaq. Qeyd olunub ki, birgə təlimlər beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində keçiriləcək. Ermənistan-ABŞ təlimləri ilə bağlı xəbər Rusiya tərəfindən birmənalı qarşılanmayıb və narazılıq doğurub. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov Ermənistan-ABŞ birgə hərbi təlimlərini şərh edərkən deyib ki, Ermənistan KTMT-də müttəfiqdir. Onun sözlərinə görə, Moskva müttəfiqlik ruhunda bu ittifaqa üzv olanlarla təlimlərin keçirilməsi praktikasına riayət edilməsindən çıxış edir: "Ermənistandakı müttəfiqlərimizin ən ciddi diqqətini ona yönəltdik ki, biz bunu narahatlıq kimi qəbul edirik". Kremlin mətbuat katibi Dmitri Peskov da bildirib ki, Ermənistan-ABŞ təlimləri regionda vəziyyətin sabitləşməsinə kömək etmir: “Bu vəziyyətdə, təbii ki, belə təlimlərin keçirilməsi vəziyyətin sabitləşməsinə kömək etmir. İstənilən halda, bu, regionda qarşılıqlı etimad mühitinin möhkəmlənməsinə kömək etmir". Rusiya Siyasi Tədqiqatlar İnstitunun direktoru, politoloq Sergey Markov da bildirib ki, Ermənistan lideri Nikol Paşinyan ABŞ ordusunu ölkəsinə dəvət etməklə Rusiyaya meydan oxuyub: "Ermənistan Rusiya Prezidentini təhqir etmək üçün Beynəlxalq Cinayət Məhkəməsinə qoşulur. Fransa indi Ermənistanın əsas müttəfiqidir. O, bunun əvəzini ödəyəcək. Qarabağ tamamilə öz doğma evinə qayıtmalıdır. Mümkündür ki, bu, yaxın gələcəkdə baş versin. Görək sevimli Fransa ona (Ermənistana-red) necə kömək edəcək".
Belə görünür ki, Ermənistan yolunu 90 dərəcə dəyişib. Amma bunun bir bədli də olacaq. DİA.AZ-ın məlumatına görə, politoloq İlqar Vəlizadə "Sherg.az"a açıqlamasında deyib ki, Rusiya XİN sözçüsü Mariya Zaxarovanın Ermənistan rəhbərliyi və spikerlə söz dueli, qarşıdurması göstərir ki, İrəvana qarşı müəyyən addımlar atıla bilər. Analitikin sözlərinə görə, Rusiyanın Ermənistanla münasibətlərdə əsasən iqtisadi layihələrlə bağlı hansısa addımlar atması gözləniləndir:
"Moskva-İrəvan arasında siyasi-iqtisadi əlaqələrə yenidən göz gəzdiriləcək. Rusiya tərəfi açıq tənqidə və əməli addımlara keçə bilər. Buna qədər Kremldən İrəvan əleyhinə aşkar və sərt tənqidlər gəlmirdi. Rusiya daha çox dolayı yollarla Ermənistanın iddialarına cavab verirdi. Ancaq indi vəziyyət dəyişib. Ermənistanla hərbi-iqtisadi sferada münasibətlərin məhdudlaşdırılması mümkündür. Onsuz da son dönəmdə Rusiya Ermənistana ciddi miqyasda silah-sursat göndərmir. Ona görə də İrəvan hərbi texnikalar üçün digər ölkələrə üz tutur. Əsasən də Qarabağda fəaliyyət göstərən Rusiya sülhməramlılarına ermənilərlə bağlı müəyyən göstərişlər verilə bilər. Məsələn, sülhməramlı kontingentə tapşırıq verilər ki, bundan sonra Azərbaycanın narahat olduğu məqamlara daha diqqətlə yanaşsınlar. Sülhməramlılarla Azərbaycan hərbçiləri arasında rabitə bir qədər də instensiv hal ala bilər".