» » Paşinyan niyə AYIQ BAŞLA düşünə bilmir? - FAKT BUDUR!

Paşinyan niyə AYIQ BAŞLA düşünə bilmir? - FAKT BUDUR!



Ermənistanın baş naziri Nikol Paşinyanın 2023-cü il sentyabrın 2-də qondarma “Dağlıq Qarabağın müstəqillik bəyannaməsi”nin ildönümü ilə əlaqədar “təbriki” Azərbaycana qarşı ərazi iddiasından vaz keçmədiklərinin təsdiqidir.

Bu, əslində Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatının deklarativ olduğunun, həm də siyasi ikiüzlülüyünün göstəricisidir. Baş nazirin bu mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik olmaqla yanaşı, bu ölkənin siyasi riyakarlığı göstərdi.

Baş nazir Paşinyanın separatçılığı açıq dəstəkləyən son bəyanatı onu göstərir ki, onun Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatları, sadəcə, Ermənistanın hazırda apardığı irimiqyaslı silahlanma proqramını başa çatdırmaq və Azərbaycanın Qarabağ bölgəsində hərbi mövcudluğunu maksimum gücləndirmək üçün vaxt udmaq məqsədi daşıyırmış. Ermənistanda və Qarabağda erməni separatçılarının hələ də qaldığı ərazilərdə gedən proseslər bunu göstərir. Paşinyan son olaraq İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində yenə də “ağızdolusu” sülh müqaviləsindən danışıb.

“Biz Praqada və Brüsseldə razılığa gəldik ki, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyaraq sülh müqaviləsi imzalamalıdır. Bəzi məsələlərdə irəliləyişlərimiz oldu, sonra ən çətin məsələlərdə fikir ayrılıqları meydana çıxdı. İrəvan və Bakının sülh sazişinə nə qədər yaxın olduğunu demək çətindir. Ermənistan sülh gündəliyini təbliğ edir. Sülh üçün nə lazımdırsa, etməyə çalışırıq” deyən Paşinyanın Azərbaycan ərazisindəki separatçılara “təbrik məktubu” onun sözləri ilə əməllərinin bir-birinə uyğun gəlmədiyini göstərdi. Ermənistanın baş naziri unutmamalıdır ki, təxminən 4 il əvvəl “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı onun ölkəsinə necə baha başa gəldi...

Bəs sülh müqaviləsi danışıqları bitdimi? Ermənistan lideri “valı” niyə dəyişdi?

Deputat Bəhruz Məhərrəmov ermənilərlə yenidən onların anladığı dildə danışmağa ehtiyacın olduğunu söylədi: “Paşinyanın Azərbaycan ərazisindəki separatçılara "təbrik məktubu", o cümlədən hökumətin iclasındakı son açıqlamaları göstərir ki, Azərbaycanla şərti sərhədlərdə və Qarabağda hərbi təxribatlarının arxasında Ermənistan dayanır. Cəmi 4 ay əvvəl Azərbaycanın ərazi bütövlüyünü rəqəmlərdə ifadə edərək, tanıdığını bəyan etməsinin ardınca indi Paşinyanın yenidən Qarabağa dair Vətən müharibəsinə qədərki ritorikasına qayıtması ərazi bütövlüyü məsələsində İrəvanın heç vaxt səmimi olmadığını, hayların riyakarcasına yenidən təcavüzkar niyyətlər üçün fürsət gözlədiyini göstərir.

Görünən odur ki, qalib Azərbaycanın ardıcıl sülh ritorikası, əməkdaşlıq çağırışları İrəvanda lazımınca qiymətləndirilmir, yaxud fərqli anlaşılır. Deməli, Ermənistanla yenidən onların anladığı dillə, “Dəmir yumruq”la danışmağa ehtiyac var. Xüsusən İrəvanda Köçəryan-Sərkisyan cütlüyünün, Qarabağda isə onların himayəsi altında Arkadi Qukasyan və Bako Saakyanın yenidən aktivləşməsi onu göstərir ki, ermənilər öz havadarlarının təşviqi ilə artıq revanş niyyətlərini reallaşdırmaq niyyətindədirlər. Aydındır ki, Azərbaycanın yaratdığı reallıqları dəyişməyə Ermənistanın gücü, imkanları və şansı yoxdur. Lakin çoxsaylı havadarlarının təşviqi fonunda Köçəryan-Sərkisyanın simasında Xocalı qatilləri situasiyadan hakimiyyətin zəbti üçün istifadə etmək istəyirlər. Paşinyan isə iqtidarını qorumaq üçün Azərbaycana münasibətdə radikal davranmalı olduğunun fərqindədir.

Təbii ki, Azərbaycanın bu prosesin gedişatına dözmək niyyəti yoxdur. Bəli, möhtərəm Prezidentin ifadə etdiyi kimi, biz qisasımızı 44 günlük savaşda almışıq, lakin İrəvanın start verdiyi ardıcıl təxribatları fonunda Bakı da BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutaraq hərbi əməliyyatlarla təhlükəsizliyini təmin etmək hüququnu özündə saxlayır. Təbii ki, əgər bu təxribatlar əsgərimizin yaralanması ilə müşayiət olunursa, təhlükəsizliyimiz təhdid edilirsə, cəza tədbirləri kimdəsə sual doğurmamalıdır. Bu il iyunun 23-də Prezident İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrindən birinə baş çəkərkən Ermənistanla şərti sərhəd boyunca bütün əlverişli mövqelərdə möhkəmləndiyimiz, yüksəkliklərdə olmağımızın bizə strateji üstünlük təmin etdiyi, Ordumuzu isə böyük dərəcədə gücləndirdiyimiz barədə hər kəsi xəbərdar etmişdi. Möhtərəm Prezidentin dediyi kimi, “Əgər bütün bu amilləri Ermənistan və onun arxasında dayanan xarici qohumları başa düşmürlərsə, onda günah onların boynundadır”.

Güman etmək olar ki, Ermənistan mümkün hakimiyyət dəyişikliyi ərəfəsindədir və İrəvan məhz siyasi mübarizə fonunda mövcud hərbi-siyasi təxribat ritorikasına əl atmaqdadır. Lakin Ermənistan da, havadarları da dərk etməlidir ki, Azərbaycanın İrəvanın subyektiv niyyətini araşdırmağa nə vaxtı, nə də həvəsi var. Heç bir əsas və səbəb Ermənistanın hərbi-siyasi təxribatlarına haqq qazandıra bilməz. Azərbaycana doğru açılan hər gülləyə görə İrəvan məsuliyyət daşıyır və cəzasını alacaq. İrəvanın ümid etdiyi havadarlarının dəstəyinə gəlincə, cənab İlham Əliyevin avqustun 26-da Laçında, Həkəri çayının sahilindən bəyan etdiyi kimi, “heç kim bizim iradəmizə təsir edə bilməz”.

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli düşmən cəbhədə gedən prosesləri bir neçə amillə izah etdi: “Araik Arutyunyanın kölgəyə çəkilməsi çoxdan planlaşdırılırdı və buna hazırlıq gedirdi. Lakin onun kiminlə əvəzlənəcəyi, əsasən də Ermənistanda müzakirə mövzusu idi. Arutyunyanı, Birinci və İkinci Qarabağ müharibələrində fəal şəkildə iştirak etmiş, müharibə cinayətlərində əli olan şəxslərin əvəzləməsi Ermənistanın da, separatçıların da manevr imkanlarını azaldacaqdı, onları himayə edənlərin də həmçinin. Samvel Şahramanyanın üzərində dayanılmasının əsas səbəblərindən biri də sözügedən şəxsin həm Birinci Qarabağ müharibəsində, işğal prosesində iştirak etməməsi, həm də sərt xətt tərəfdarı olması ilə bağlıdır. Onun vasitəsilə İrəvanın 44 günlük müharibədən sonra ortaya atdığı "mövcudluq hüququ" strategiyası üzərindən hərəkət etmək daha əlverişli ola bilər. İndi Ermənistan və təlimatçıları “mövcudluq hüququ” strategiyasını Şahmaranyan və onun ətrafına topladıqları şəxslər üzərindən həyata keçirəcəklər. Şahmaranyanın aid olduğu qrupun, guya Araik Arutyunyan və Paşinyandan fərqli bir xətt tutduğu, onların iradəsinə zidd hərəkət etdiyi barədə təsəvvürlər tamamilə yanlışdır. Şahmaranyan və ətrafı, rəsmi İrəvanın əlində ehtiyat variantı kimi saxlanılırdı və onlara sülh prosesinə, əsasən də Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiya olunmalarına maneə yaratmaq, bununla bağlı “ictimai müqaviməti təşkil etmək” həvalə olunmuşdu. Araik Arutyunyan tamamilə tükəndikdən və əsasən də xarici müdaxilələr nəticəsində sülh prosesi dalana dirəndikdən sonra açıq “sərt xətt” tərəfdarı kimi çıxış edən ehtiyat oyunçular “meydana buraxıldı”. Köçəryan və Sərkisyanın “dirilməsinə” gəldikdə isə bu adamlar müstəqil şəxslər deyillər və onların ənənəvi sahiblərinin göstərişi olmadan siyasi arenaya atılmaları inandırıcı deyil. Hər iki şəxsin yenidən görünmələrinin əsas səbəbi dəhşətli faciələrə, ağır müharibə cinayətlərinə səbəb olan separatçı hərəkatın ildönümü ilə bağlı idi. Hər iki şəxsin siyasi mövcudluğunu təşkil edən amil separatçı hərəkat olduğu üçün görünməyə bilməzdilər".
“Yeni Müsavat”
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya