Ermənilərin yardım TIR-larına qarşı təxribatı: gecə Ağdam yolunda nə baş verib?
- 30-08-2023, 10:14
- Siyasət
- 0
- 104
Xankəndiyə yardım aparan TIR-lar Ağdam yolunda gözləməyə davam edir. Son məlumatlara görə, yardımın erməni əhalisinə çatdırılması ilə bağlı danışıqlar aparılsa da, hələ ki, nəticə yoxdur. Yardımı aparan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları Ağdam yolunda çadır quraraq, gecələyiblər.
Xankəndidəki separatçılar yardımı qəbul etməkdən imtina etdilər, hərçənd, onların erməni əhalisinin adından danışmaq hüququnun olmadığı da bəllidir. Sadəcə olaraq, separatçıların təzyiqi altında olan əhali proseslərə səssiz reaksiya verir.
Yardım TIR-ları Ağdam yoluna çatdıqdan sonra erməni mənbələr müxtəlif şaiyələr yaymağa başladı:
- Azərbaycan TIR-ları sülhməramlıların müşaiyəti ilə Xankəndiyə gedir;
- Azərbaycanlılar sülhməramlıların postunu keçdikdən sonra çadırlar qurmağa başlayıb;
Bu şaiyələr hazırlanan təxribatın bir hissəsi idi. Çünki informasiyaların yayılmasından sonra bir qrup erməni təxribatçı yardımın qarşısını kəsmək məqsədilə Ağdam yolunda Rusiya sülhməramlılarının postu qarşısına toplaşdı. Daha sonra çadırlar quraraq, həmin ərazidə gecələyəcəklərini bildirdilər. Bununla yanaşı, separatçıların "silahlı dəstələri” də həmin əraziyə gəldi. Erməni təxribatçılar Rusiya sülhməramlılarına qarşı da fiziki təzyiqə əl atıb. Yayılan görüntülər təxribatçıların sülhməramlıların avtomobilinə hücum etdiyini, rusiyalı hərbçiləri təhqir etdiyini təsdiq edir. Sülhməramlıların avtomobili ərazidən təcili şəkildə uzaqlaşaraq, xilas ola biliblər.
Ağdam yoluna toplaşanlar kimlərdir?
Onların erməni əhalisinin mövqeyini ifadə etmədiyi, bir qrup təxribatçı dəstə olduğu sirr deyil. Erməni mənbələr həmin şəxslərin Ruben Vardanyanın yaratdığı qondarma "Qarabağ təhlükəsizlik və inkişaf cəbhəsi”nin üzvlərinin olduğunu yazır. Təxribata qondarma təşkilatın "rəhbəri” Arşak Abramyan başçılıq edir.
Erməni təxribatı nəyi sübut edir?
Ağdam yolunda Azərbaycan TIR-larının qarşısının kəsilməsi "Qarabağda humanitar fəlakət yaşanır” iddialarını da ifşa etmiş olur. Çünki əgər "humanitar fəlakət” varsa, Ağdam yolundan yükləri qəbul etməlidirlər, etmirlərsə, manipulyasiya etdikləri təsdiqlənir. Bu baxımdan, rəsmi Bakının Ağdam yoluna yardım çıxarmaqla Ermənistanı və separatçıları dilemma qarşısında qoyduğu aydın görünür.