» » İlham Əliyev və Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər

İlham Əliyev və Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər

İlham Əliyev və Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər


Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər.

Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış ediB.

Prezident İlham Əliyevin bəyanatı

- Hörmətli Şavkat Miromonoviç.

Hörmətli qonaqlar, əziz dostlar.

Şavkat Miromonoviç, Sizi Azərbaycanda bir daha səmimi-qəlbdən salamlayıram. Xoş gəlmisiniz!

Sizin Özbəkistan Prezidenti seçilməyinizdən sonra ilk dövlət səfərini Azərbaycana etməyinizi çox yüksək qiymətləndiririk. Biz bunu çox yüksək qiymətləndiririk. Bu, bizim qardaşlığımızın, dostluğumuzun və Sizin ölkəmizə, xalqımıza münasibətinizin göstəricisidir. Qardaş Özbəkistan xalqı Sizə bir daha böyük etimad göstərib, Özbəkistanın inkişafında Sizin səylərinizə yenə layiqincə qiymət verib. Qardaş ölkə Sizin rəhbərliyiniz altında quruculuq yolu ilə uğurla irəliləyir. Mən Sizin rəhbərliyiniz altında Özbəkistanda ölkənin inkişafı, onun potensialının möhkəmlənməsi, müdafiə qabiliyyətinin güclənməsi, həmçinin beynəlxalq məsələlərdə nüfuzunun artması üçün həyata keçirilən böyük dəyişiklikləri dəfələrlə şəxsən görmək imkanına malik oldum.

Mən ötən il dövlət səfəri və beynəlxalq tədbirlər çərçivəsində üç dəfə Özbəkistanda - Daşkənddə, Səmərqənddə, Xivədə oldum. Bir daha demək istəyirəm ki, Sizin həyata keçirdiyiniz həmin dəyişikliklərin, islahatların nəticələrini əyani şəkildə gördüm. Ona görə də Sizin seçkilərdə qələbəniz tamamilə qanunauyğun idi və qardaş Özbəkistan xalqı ən düzgün seçimi etdi.

Seçkilərdən sonra Sizin ilk dövlət səfərinizi Azərbaycana etməyiniz bir daha bizim üçün böyük şərəfdir və Siz bizə böyük hörmət göstərirsiniz.

Bu gün biz aparılan danışıqlar çərçivəsində məsələlərin geniş spektrini müzakirə etdik. Təkcə onu deyə bilərəm ki, bizim bu gün ünsiyyətimiz üç saatdan çox çəkdi. İstər təkbətək, istərsə də nümayəndə heyətlərinin üzvlərinin iştirakı ilə görüşlər çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətraflı təhlil edildi, eləcə də bütün sahələrdə - beynəlxalq platformalarda birgə fəaliyyətdən, beynəlxalq təşkilatlarda üzvlük çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsindən başlayaraq, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərədək münasibətlərimizin gələcək inkişaf yolları müzakirə edildi və müəyyən olundu. Başqa sözlə desək, biz bu gün görüşlər və danışıqlar çərçivəsində, əslində, münasibətlərimizin inkişafının gələcəyini müəyyən etdik. Artıq əldə edilən nəticələr bizim düzgün yolda olduğumuzu göstərir.

Düşünürəm ki, bu gün bizə nümayəndə heyətlərinin üzvləri tərəfindən qarşıdakı iki-üç ildə gözləntilərimizlə bağlı məruzə olunan məsələlər ölkələrimiz arasında münasibətləri ən yüksək səviyyəyə qaldırmağımızı göstərir. Təsadüfi deyil ki, bu gün imzalanan sənədlərdən biri Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqavilədir. Bu, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyin kifayət qədər geniş olmasının göstəricisidir.

Sənaye kooperasiyası ilə bağlı məsələləri ətraflı təhlil etdik. Ötən ay Şuşada Hökumətlərarası Komissiyanın növbəti iclası keçirildi. Komissiya qarşılıqlı əlaqə məsələlərinin bütün spektrini ətraflı şəkildə təhlil etdi. Enerji sahəsində yaxşı perspektivlər var. Bizim enerji şirkətlərimiz sıx qarşılıqlı fəaliyyətdədir. Biz nəqliyyat-logistika sahəsində yük axınının artmasını, ən əsası isə bu istiqamətdə əməkdaşlıq potensialının genişlənməsini müşahidə edirik. Bu gün biz bütün istiqamətlər üzrə uğurlu qarşılıqlı fəaliyyəti uzun illər üçün öncədən müəyyənləşdirəcək məsələləri müzakirə etdik.

Bu ay Azərbaycanda Özbəkistanın Mədəniyyət Günləri böyük uğurla keçdi. Azərbaycan tamaşaçıları qardaş xalqın nümayəndələrinin yüksək ustalığına və istedadına bir daha əmin oldular. Biz razılığa gəldik ki, bu cür tədbirlər müntəzəm keçirilsin, çünki bizim qarşılıqlı fəaliyyətimizin təməlini məhz nəhəng mədəni zəmin təşkil edir.

Xalqlarımız arasında qardaşlıq münasibətləri çoxəsrlik tarixə malikdir, bütün dostluq və qardaşlıq dövrü ərzində biz bir-birimizin yanında olmuşuq və bir-birimizi dəstəkləmişik.

Sabah biz Şavkat Miromonoviçin şəxsi təşəbbüsü ilə Azərbaycana bağışladığı məktəbin açılışında iştirak edəcəyik. Bu, Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsidir və biz bu qardaşlıq, həmrəylik, dəstək jestini çox yüksək dəyərləndiririk. Digər tərəfdən deyərdim ki, bu məktəb, əslində, bir təhsil sarayıdır. Mən may ayında Füzulidə olarkən tikintinin gedişi ilə tanış oldum və Özbəkistanın bizə təqdim etdiyi həmin dost töhfəsinin miqyasını əyani şəkildə gördüm. Məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır və əminəm ki, bu, təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq.

Bir neçə gün, daha dəqiq desək, dörd gün bundan əvvəl Füzuli şəhərinin ilk sakinləri - keçmiş köçkünlər doğma yurdlarına qayıdıblar. Artıq yaxın zamanlarda - azı bir aydan sonra uşaqlar Özbəkistandan olan qardaşlarımız tərəfindən hədiyyə edilən məktəbdə oxumağa başlayacaqlar.

Başqa sözlə desək, hətta barəsində indi danışdıqlarım bizim münasibətlərin xarakterini göstərir. Bu gün bizim müzakirə etdiyimiz əməkdaşlığın bütün istiqamətləri haqqında danışmağa ehtimal ki, minimum daha üç saat lazım olacaq. Buna görə də düşünürəm ki, ölkələrimizin təmsilçiləri bu gün də, sonra da artıq ünsiyyət prosesində, o cümlədən mətbuat nümayəndələri ilə də təəssüratlarını bölüşəcəklər. Həmçinin Azərbaycan və Özbəkistan ictimaiyyəti bugünkü danışıqların nəticəsini həm Azərbaycanda, həm də Özbəkistanda layihələrin praktiki icrasında görəcəklər. Əminəm ki, bir müddət əvvəl 500 milyon dollar nizamnamə kapitalı ilə yaradılan Birgə İnvestisiya Fondu bu məbləği çox sürətlə sərf edəcək və biz onu artırmalı olacağıq.

Bütün bunlar yenə də ondan xəbər verir ki, biz doğru yoldayıq, prezidentlərin qarşıya qoyduqları vəzifələr yerinə yetirilir. Şavkat Miromonoviçlə bir neçə il əvvəl razılığa gəldiyimiz kimi, biz verilən bütün tapşırıqların icrasına mütəmadi rejimdə nəzarət edirik. Bu, uğurun əsas şərtlərindən biridir.

Hörmətli Şavkat Miromonoviç, bir daha Sizi salamlamaq, mənim dəvətimi qəbul edib Azərbaycana səfərə gəldiyiniz üçün təşəkkür etmək istəyirəm. Biz Sizinlə mart ayında Bakıda, Qoşulmama Hərəkatının Zirvə toplantısında görüşmüşük, ilin sonunadək mən yenə Özbəkistana getməyi planlaşdırıram. Beləliklə, biz müntəzəm görüşəcək və ölkələrimizin ictimaiyyətini yeni nailiyyətlər barədə məlumatlandıracağıq. Sağ olun.

Sonra Özbəkistan Prezidenti bəyanatla çıxış ediB.

Prezident Şavkat Mirziyoyevin bəyanatı

-Hörmətli İlham Heydər oğlu.

Əvvəlcə bizim üçün qardaş ölkə olan Azərbaycana səfərə dəvətinizə görə səmimi-qəlbdən minnətdarlığımı bildirmək istəyirəm. Siz, əlbəttə, bizim siyasi istiqamətimizin seçimini və strategiyasını düzgün qeyd etdiniz. Azərbaycan bizim üçün münasibətlərin tamamilə yeni mərhələyə yüksəldiyi ən yaxın ölkələrdən biridir. Mən birinci dövlət səfərimi edirəm, çünki biz həqiqətən də iki yaxın xalq, iki yaxın ölkəyik və şəxsi münasibətlərimiz əlaqələrimizi tamamilə yeni mərhələyə yüksəldib. Bu gün həm Özbəkistan, həm də Azərbaycan xalqları bu münasibətlərlə fəxr edir və bizim əlaqələrimizin, səfərlərimizin nəticələrini görürlər. Bu gün Özbəkistanın xarici siyasət vektoru da bizim proqramı praktiki olaraq zənginləşdirməyə istiqamətlənib.

Yaxın qonşular, yaxın ölkələr kimi biz Azərbaycanın uğurları və Sizin rəhbərliyinizlə həyata keçirilən müdrik siyasət ilə həmişə fəxr edir, onlara sevinirik. Həqiqətən Özbəkistanda Azərbaycanın beynəlxalq arenada nüfuzunu, ümumilikdə son illər ərzində bütün sahələrdə uğurlarını izləyir və qürur duyurlar. Belə ki, yaxın qonşular kimi çox sevinir və uğurlar arzu edirik. Bizim bugünkü səfərimiz də Sizinlə nəzərdə tutduğumuz və apardığımız çoxsaylı, ardıcıl dialoqun davamıdır. Siz də qeyd etdiyiniz kimi, bizim hər bir görüşümüz, hər bir danışığımız bugünkü çox ciddi çağırışlara ümumi baxışımız fonunda bizə ortaq məxrəcə gəlməyə imkan verir ki, iqtisadiyyatlarımız, xalqlarımız, həmçinin regionlarımız bu çağırışlardan ən az itki ilə çıxsın.

Odur ki, mən fürsətdən istifadə edərək, hörmətli media nümayəndələrinə İlham Heydər oğlunun indi dediklərini çatdırmaq istəyirəm. Əslində, bütün məsələlərlə bağlı sizə səmimiyyətlə, doğru şəkildə demək istərdim. Burada media nümayəndələri var, onlar bilirlər ki, biz bunu nadir ölkələrlə çox uzun müddət, ciddi şəkildə müzakirə edirik, çünki dediyimiz hər sözün, hər bir istiqamətin arxasında – siyasət, iqtisadiyyat, nəqliyyat, mədəni-humanitar sahələrdə də bizim arxamızda insanlarımız, xalqlarımız dayanır. Onlar görürlər, çalışırlar, sevinirlər. Bizdə hər bir istiqamət üzrə çox yaxşı perspektivlər mövcuddur.

Əgər vaxt olsaydı, İlham Heydər oğlunun dediyi kimi, biz sizə bütün layihələrdən danışardıq. Amma məncə, əslində, hələ çox görüşlərimiz olacaq, onlar barədə sizə söhbət açacağıq. Bunlar münasibətlərin fərqli səviyyəsini, sənayenin lokallaşdırılmasının, nəqliyyat logistikasının müxtəlif səviyyələrini təmin etmək üçün çox ciddi layihələrdir. Çünki bu gün bizim üçün, Özbəkistan üçün iqtisadiyyatımızda ümumilikdə nəqliyyat sahəsi çox ciddi komponentdir. Biz isə öz istiqamətimizi ən yaxın ölkə olan Azərbaycanla müəyyən edirik və hesab edirəm ki, bu, yeganə düzgün qərardır. Əgər bu gün bizim razılaşdığımız hər şey yerinə yetirilsə, həm Özbəkistan, həm də Azərbaycan iqtisadiyyatları üçün uğurlu olacaq.

İlham Heydər oğlunun dediyi kimi, bizim yaratdığımız Ali Dövlətlərarası Şura ən yüksək etimad səviyyəsi və razılığa gəldiyimiz həmin strateji istiqamətlərin ən yüksək səviyyədə davamıdır. Beləliklə, düşünürəm ki, mən ölkə Prezidenti seçildikdən sonra ilk səfərimdən çox məmnunam. Fikrimcə, bizim istiqamət vektorumuzu bu gün Özbəkistan xalqı da görür. Onlar əlbəttə ki, bizə qiymət verirlər. Hansı qiyməti? Çox müsbət qiyməti, çünki bizdə olduqca çox istiqamət var və bütün bu istiqamətlər qəbul etdiyimiz 2030-cu ilin strategiyasına uyğundur, onlar bizim strategiyaya əlavə olunur. Bu baxımdan da biz İlham Heydər oğlu ilə olduqca çox əlavə məsələlər üzrə qeyri-standart qərarlar qəbul etdik və bu qərarlar bizim planlarımızın reallaşmasının sürətlənməsinə kömək edəcək.

Bu gün İlham Heydər oğlu qeyd etdi, mən də xüsusi vurğulamaq istərdim ki, kütləvi informasiya vasitələri bilsinlər, Azərbaycanda Özbəkistan Mədəniyyəti Günlərinin keçirilməsi tarixləri arasında fasilə, - mən rəqəmləri demək istəmirəm, - kifayət qədər böyük idi. Fikrimcə, bu rəqəmləri sizin çoxunuz bilirsiniz. Bilirsiniz ki, bundan sonra bizim 200-dən çox mədəniyyət, incəsənət nümayəndəsinin, ziyalıların əksəriyyətində tamamilə başqa əhvali-ruhiyyə yaranıb. Çünki onlar gördülər ki, Azərbaycan İlham Heydər oğlunun rəhbərliyi ilə son illər ərzində necə inkişaf edir və hansı problemlər həll olunur, bizim nə qədər çox ortaq dəyərlərimiz var, tarixi köklərimiz bir-birinə nə qədər çox yaxındır. Bu baxımdan fikrimcə, bu, bizim mədəni-humanitar əməkdaşlığımızın olduqca böyük vüsətinin başlanğıcıdır. Bu gün biz İlham Heydər oğlu ilə razılığa gəldik ki, əlaqələrimizin ayrıca proqramında hər il üçün nə edəcəyik. Sadəcə olaraq, insanlar bilməlidirlər ki, il ərzində bizdə belə mədəniyyət mübadiləsi olacaq. Sizə demək istəyirəm ki, bizdə heç vaxt belə olmayıb.

Nəqliyyat. Əgər aviasiya haqqında danışsaq, o halda bizdə həftədə 15 reys həyata keçirilir, biz isə bunu daha da artırmaq barədə razılığa gəldik. Bu, nəyi göstərir? Bir-birimizə daha çox gedib-gəldikcə biz tanıyırıq, öyrənirik, görüşürük, yaxınlaşırıq.

Bir daha demək istəyirəm, mən məmnunam və mənə çox xoşdur ki, biz İlham Heydər oğlu ilə sizin dildə, necə deyərlər, eyni dalğadayıq. Biz həmişə olduğu kimi, bu dəfə də qəti razılığa gəldik və komandamızın üzvlərinə, yəni, nümayəndə heyətlərinin üzvlərinə tapşırıq verdik ki, nəzarət çox ciddi olacaq. Əgər bu nəzarət olmasaydı, haradasa biz cüzi nəzarət edə bilməsəydik və ya hər dəfə soruşmasaydıq, o halda bugünkü kimi nəticələrimiz olmazdı. Əslində, bir az vaxt keçəcək, biz bütün istiqamətlərdə keyfiyyətcə tamamilə yeni səviyyəyə çıxacağıq.

Bir daha deyirəm, bugünkü görüşümüzə şadam, ondan məmnunam. Bütün azərbaycanlı dostlarımıza daha çox görüşməyimizi arzulayıram. Hörmətli İlham Heydər oğlu ilə görüşlərimiz isə bizim razılaşmalarımıza yalnız müsbət təsir göstərəcək və onlar öz həllini tapacaq. Öz növbəmdə bunu demək istəyirəm və kütləvi informasiya vasitələri bilməlidir ki, mən hər görüşümüzdən məmnun qalıram, çünki onların nəticəsi çox böyükdür.

İlham Heydər oğlu, bir müddət keçəcək bizə tərcüməçi lazım olmayacaq və ya burada iki dildə danışmağa ehtiyac qalmayacaq. Düşünürəm ki, biz eyni köklərə malikik və bir-birimizlə ortaq dildə danışacağıq.

İlham Heydər oğlu, Sizə səmimiyyətlə demək istəyirəm, Azərbaycan dilində danışanda mən Sizi çox gözəl başa düşürəm. Mən Zirvə toplantılarında özbək dilində çıxış edəndə İlham Heydər oğlu da mənə deyir: “Mən Sizi tam başa düşürəm”. Beləliklə, bu, çox şey deməkdir, biz bunu bilməli, qiymətləndirməli, sevməli və təbliğ etməliyik.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya