» » Qarabağda çevrilən hoqqabazlıqlar: BİZƏ FƏRQİ NƏDİR Kİ... - Rusun adam... fransızın adamı: HEÇ BİRİ BİZİM DEYİL...

Qarabağda çevrilən hoqqabazlıqlar: BİZƏ FƏRQİ NƏDİR Kİ... - Rusun adam... fransızın adamı: HEÇ BİRİ BİZİM DEYİL...



Moskvanın Xankəndidəki emissarı Ruben Vardanyan son aylar yenidən “boy göstərməyə” başlayıb. Keçmiş “dövlət naziri” yenə separatçıların əsas ruporuna çevrilməkdədir.

Son günlər isə o, Xankəndindəki qızışdırıcı mövqeyindən əl çəkməyən Araik Arutyunyanın yerinə oturmaq niyyətini ortaya qoyub. Məlumdur ki, Moskvanın istəyi onu Araiklə əvəzləyib, Bakı ilə masaya oturtmaq idi. Amma rəsmi Bakı ilk gündən bəyan etdi ki, Ruben Vardanyanla heç bir dialoq olmayacaq.

Bakının bu qəti mövqeyindən sonra Araik Arutyunyan bu durumdan istifadə edərək Xankəndinə göndərilmiş oliqarxı “istefaya” göndərdi.

Vardanyan son videomüraciətində separatçıların liderini ağır sözlərlə ittiham edib. Vardanyan deyib ki, guya ona görə “vəzifəsindən” könüllü əl çəkib ki, Araik Arutyunyan “düşmənlə mübarizə” aparmalı, “hamı da onu dəstəkləməli” idi.

Sitata diqqət edək: “Ancaq biz nə lider, nə də baş komandan gördük. Cəmiyyəti aldatmaq düzgün deyil. Araik, siz vədinizi yerinə yetirmədiniz. İstefa verəcəyinizi vəd etmişdiniz, həmin söhbətdə 8 nəfər şahid olub. İstefa vermək əvəzinə, sizə təzyiq edildiyini və buna görə istefa verə bilməyəcəyinizi söylədiniz. Siz insanlara fərqli-fərqli sözlər deyirsiniz, bizim müqavimət gücümüzü zəiflədirsiniz. Siz bütün qırmızı çizgiləri aşmısınız. Qarabağ erməniləri sizdən hesabat tələb edəcək və mən onları dəstəkləyəcəm”.

Göründüyü kimi, Vardanyan Arutyunyana ultimatum elan edib və hədələyib. Əcəba, Vardanyanın payız qurbağası kimi yenidən “quruldamağa” başlamasının arxasındakı niyyət nədir? Araiki “istefa verməməyə” Paşinyan, yoxsa Moskvadakı kuratorları imkan vermir? Vardanyan yenidən “dövlət naziri postu”na qayıtmaq planının arxasında dayanan Moskva Paşinyanı cəzalandırmaq, onun vasitəsilə təzyiq etmək istəyir, yoxsa Xankəndidə öz adamının mövqeyini möhkəmlətməyə çalışır?

Deputat Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, Vardanyan Qarabağla heç bir əlaqəsi olmayan, ancaq Moskvanın planlarını icra etmək üçün Xankəndinə göndərilmiş biznesmendir: “Əslində onun üçün Qarabağdakı ermənilərin taleyi o qədər də maraqlı deyil. O, Rusiyadakı biznesini saxlamaq üçün Qarabağa gəlib tapşırıqlar icra edir. Xankəndiyə gəlməsəydi biznesinin əlindən alınacağı ilə qorxudulduğunu hesab edirəm. Ona görə də Xankəndidə boş-boşuna oturub Moskvadan hansı ssenari təqdim olunursa, o ssenarini icra etməyə çalışır. Bu gün Xankəndinə Vardanyan olmasın, kim gəlsə də heç bir ssenari ayaq tutub yeriməz. Çünki Azərbaycan Laçın sərhəd-nəzarət keçid məntəqəsi qurmaqla separatçıların və onların havadarlarının bütün planlarını alt üst edib. Əslində Araikin imkanları olsaydı, o da çox şey deyə bilərdi. Bu gün Araikin və onun havadarlarının əl-qolu bağlanmış, Azərbaycanın ərazi bütövlüyünə xələl gətirə biləcək bütün cəhdləri boşa çıxıb. 16 avqustda BMT TŞ-də Laçın yolu müzakirə olunanda ermənilər və onların havadarları çox ümidli idilər. Amma orda da Azərbaycanın ərazi bütövlüyü dəstəkləndi və humanitar məsələlərin ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmalı olduğu bildirildi. Araik, yəqin ki, saxta rejimin son günlərini yaşadığını başa düşüb. Ona görə də ailə üzvlərini də Qarabağdan çıxarıb. Xankəndidəki saxta rejimin ömrünə heç də çox qalmayıb. Hesab edirəm ki, yaxın günlərdə Qarabağ erməniləri Azərbaycanla danışmağa müraciət edəcəklər. İnteqrasiyanın tezləşməsi Qarabağdakı sülhməramlıların qalması məsələsi ilə bağlı sualı da meydana gətirir. Yəni sual olunacaq ki, azərbaycanlılarla ermənilər reinteqrasiya olunub təhlükəsiz şəraitdə yaşadıqları təqdirdə sülhməramlıların orda qalmasına nə ehtiyac var? Azərbaycan çoxmillətli ölkədir. Ermənilərin təhlükəsizliyi Azərbaycandakı bütün milli azlıqların təhlükəsizliyi kimi Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən qorunacaqdır. Belə olan halda sülhməramlıların ölkəmizdən gedişi tezləşəcək. Moskva bütün bu məsələləri görür və Vardanyanın əli ilə yenidən vəziyyəti gərginləşdirməklə sülhməramlıların Qarabağda mövcudluğunu uzatmaq istəyir. Amma Vardanyan olmasın, kim gəlsə də bu gün Qarabağda reinteqrasiyanın qarşısını dayandıracaq bir güc yoxdur. Bütün proseslər plana uyğun davam edir. Azərbaycan prosesləri diplomatik müstəvidə beynəlxalq normalar çərçivəsində elə tənzimləyir ki, Ermənistan və ermənilərin dəstəkləyiciləri heç bir müdaxilə edə bilmirlər. Həm də Azərbaycan Ordusu Qarabağda qalmaqda olan Ermənistanın qeyri-qanuni silahlılarına da başını qaldırmağa imkan vermir. Qarabağda bütün hündürlüklər Azərbaycan Ordusunun nəzarətindədir və orda silahlıların bütün hərəkətlərini müşahidə edə bilirik. Son vaxtlar fortifikasiya qurğularının yaradılması və dislokasiya cəhdlərinin qarşısı yerindəcə alınır. Demək olar ki, Qarabağdakı qeyri-qanuni erməni silahlıları əsir düşmüş vəziyyətdədir. Onların da heç bir hərəkət etməyə imkanı yoxdur. Hesab edirəm ki, yaxın zamanlarda Qarabağdakı qeyri-qanuni silahlılar da silahlarını yerə qoyaraq Ermənistana qayıtmalı olduqlarını bildirəcəklər. Beləliklə, Vardanyan və ona yeni ssenari təqdim edənlərin bütün hərəkətləri onların son çabalarıdır”.

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Azərbaycanın yaranan mövcud durumdan faydalanmasının vacibliyini vurğuladı: “Azərbaycan reinteqrasiya prosesində gedərək daha da irəliləməkdədir. Bu isə öz növbəsində bölgədə separatizmi dəstəkləyənləri narahat edir və onları yeni ssenarilər üzərində düşünməyə vadar edir.

Vardanyan xüsusi təlimatla Qarabağa gəlib torpaqlarımızda Rusiyanın dəstəyilə ümumdünya erməniçiliyinin layihələrini həyata keçirmək niyyəti olan bir şəxsdir. Onun fəaliyyəti Azərbaycan Prezidentinin sərt iradəsi ilə müəyyən qədər məhdudlaşdırılsa da, xüsusilə son dövrdə Vardanyanın Qarabağda aktivləşməsini müşahidə edirik. Qarabağda qondarma rejimin mövcud cinayətkar dəstələri arasında bu hakimiyyət mübarizəsi və Arutyunyanın “hakimiyyətini” itirmək qorxusu və şəxsi mənafe instiktləri əslində bu cinayətkarlar üzərində Azərbaycanın manevr imkanlarını artırır, onların “çevrələnməsinə” və “kənarlaşdırılmasına” münbit şərait yaradır. Odur ki, iki separatçı arasındakı “mübarizədən” Azərbaycan dövləti olaraq maksimum faydalanmalıyıq.

Ümumiyyətlə, dünya erməniçiliyinin Qarabağla bağlı hansı planları var (?) sualı yaranır. Qarabağın Azərbaycandan qoparılması və Ermənistana birləşdirilməsi üçün “Miatsum” hərəkatı nəticəsiz qaldıqdan sonra qlobal erməni şəbəkəsi (diaspora erməniləri) iki fərqli ssenari üzərinə hədəfi köklədi:

Qarabağın “müstəqilliyinin” təmin edilməsi və dünyada tanıdılması; Qarabağın Rusiyaya birləşdirilməsi və RF-nin daxili quberniyalarından biri halına gətirilməsi.

Birinci ssenarini reallaşdıra bilməyən (hətta Ermənistan belə Qarabağın “müstəqilliyini” tanımadı) ermənilər qlobal erməniçiliyin növbəti ssenarisini geniş ictimaiyyətə təqdim etmək qərarına gəldilər. Bu işdə saxta erməni tarixinin əliqanlı yazarı, ictimai şəxs Zori Balayan dövrəyə girdi. O, 13 oktyabr 2013-cü il tarixində Rusiya Prezidenti Vladimir Putinə açıq məktub yazaraq ikinci ssenarini işə salmağa çalışdı. Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan da bəyan etmişdi ki, “Dağlıq Qarabağ Rusiyanın bir hissəsi olmaq niyyətindədir”. Lakin Rusiyanın Azərbaycan və Türkiyə ilə strateji münasibətləri və digər bir sıra səbəblərlə bu ssenari, hələ ki, “ehtiyat saxlanılır”. Bu ssenarinin ilkin təməli 1999-cu ildə “Dağlıq Qarabağın Rus İcması” adlı təşkilatın təsis olunması ilə atılmışdı. 20 illik latent fəaliyyətdən sonra 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanat ilə Qarabağa Rus Sülhməramlı Kontingenti (RSK) daxil olduqdan sonra İcmanın fəaliyyəti də aktiv fazaya daxil oldu. İcmaya, sadəcə, ruslar deyil, həm də valideynlərindən biri etnik rus olan qarabağlılar, o cümlədən etnik kimliyindən asılı olmayaraq Qarabağda yaşayan Rusiya Federasiyası vətəndaşları, yəni ermənilər daxildir. Qarabağın Rus İcmasının rəhbəri Bordov onunla müsahibə zamanı “Sizə Qarabağ kimindir sualı verilərsə, nə cavab verərsiniz?” sualına “Qarabağ ruslarındır” cavabını vermişdi. Qarabağdakı Rus İcmasının iştirakı ilə keçirilən bütün tədbirlər anti-Azərbaycan və pro-Rusiya xarakterlidir. Bu ssenarinin hazırda gerçəkləşməməsi üçün bir sıra maneələr var:

1.Rusiya-Ukrayna müharibəsinin nəticələri tam olaraq bəlli deyil.

2.Ermənistanda Rusiyayönlü hakimiyyət dəyişikliyinin olub-olmayacağı bilinmir.

3.Türkiyə ilə strateji əməkdaşlıq, hələ ki, bu ssenarinin gerçəkləşməsini əngəlləyən əsas amillərdən biridir.

4.Azərbaycan multikultural dəyərlərin, o cümlədən dil və mədəni haqların qorunmasına dair təminat verir.

Bütün bunlarla yanaşı, Rusiya hər zaman Qarabağ kartından müxtəlif məqsədlər üçün istifadə edir: həm Azərbaycanın Ukraynaya humanitar dəstəyini artırması fonunda, Ermənistanda hakimiyyət çevrilişinə nail olmaq üçün, Türkiyə ilə danışıqlarda, Azərbaycanla ikitərəfli münasibətlərdə daima Qarabağ mövzusundan təsir amili olaraq istifadə edir. Hazırda bu təsir zəiflədiyi üçün (qarşısını almaq üçün) Vardanyanın da bölgədə aktivləşməsini görürük. Əsas məqamlardan biri də odur ki, bu separatçı siyasət iflasa məhkumdur, elə Qarabağın rus icmasının üzvlərinin bölgəni aktiv şəkildə tərk etməsi də bundan xəbər verir".
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya