Kreml üçtərəfli anlaşmalardan imtina edib: Rusiya erməni terrorçuları silahlı təxribata hazırlayır
- 16-08-2023, 09:00
- Siyasət
- 0
- 115
Rus sülhməramlılar erməni silahlı terror dəstələrinə Azərbaycanın Xankəndi və ətraf bölgəsində yeni döyüş mövqeləri yaratmaqda dəstək verir, onların səngərlərini silah-sursatla təmin edir... Bu baxımdan, hesab etmək olar ki, Rusiya qarantoru olduğu üçtərəfli anlaşmaların hüquqi qüvvəsini artıq çoxdan şübhə altına salıb...
Cənubi Qafqazda hərbi-siyasi temperatur sürətlə yüksəlməkdə davam edir. Belə ki, hazırda regionda intensiv hərbi məzmunlu hərəkətlilik mövcuddur. Ermənistanın təxribatları regional savaş təhlükəsinə tamamilə real görüntülər verməkdədir. Hətta son vaxtlara qədər sülh prosesinin perspektivləri barədə intensiv müzakirələrin ön planda olduğu Cənubi Qafqaz indi demək olar ki, növbəti savaşın bir addımlığında görünür.
Məsələ ondadır ki, son günlər Azərbaycanın Qarabağ iqtisadi regiondakı qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi aktivliyi müşahidə olunur. Belə ki, erməni terrorçu dəstələri Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Azərbaycan ərazilərində səngərlər qazır, yeni istehlakçılar və döyüş mövqeləri qurmağa cəhd göstərir.
Belə anlaşılır ki, erməni silahlı terror dəstələrinin təxribatları artıq real hərbi təhlükə törədəcək səviyyəyə yaxınlaşmağa başlayıb. Çünki Azərbaycanın Müdafiə Nazirliyi də separatçı-terrorçuların təxribat cəhdlərinə rəsmi reaksiya vermək məcburiyyətində qalıb. Belə ki, Müdafiə Nazirliyi qeyri-qanuni erməni silahlı dəstələrinin ciddi şəkildə aktivləşməsi və Azərbaycan ərazilərində intensiv döyüş hazırlığı tədbirləri həyata keçirməklə, yeni təxribatlara hazırlıq işlərini görməsi müşahidə olunduğunu vurğulayıb.
Eyni zamanda, Azərbaycanın müdafiəsinə cavabdeh olan nazirlik belə qanunsuz və təhrikçi davranışların bölgədə gərginliyin artmasına səbəb olduğunu nəzərə alaraq, qarşı tərəfə sərt şəkildə xəbərdarlıq da edib. Baş verə biləcək istənilən hadisələrə görə bütün məsuliyyətin məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcəyini bildirib. Və bu, rəsmi Bakının Azərbaycanın Qarabağ bölgəsində erməni separatçı-terrorçuların təxribat hazırlığının arxasında Ermənistanın dayandığını qabartması anlamına gəlir.
Maraqlıdır ki, rəsmi Bakı Azərbaycanın Müdafiə Nazirliyi üzərindən xəbərdarlıq etməklə, kifayətlənməyib. Baş verənlərlə bağlı Azərbaycanın narahatlığını Xarici İşlər Nazirliyi üzərindən beynəlxalq dairələrin də diqqətinə çatdırıb. Belə ki, XİN Azərbaycan ərazisində qanunsuz yerləşdirilən Ermənistan silahlı qüvvələri tərəfindən son vaxtlar hərbi-mühəndislik işlərinin və digər hərbi fəaliyyətlərin intensivləşdirildiyi bəyan edib.
Eyni zamanda, Ermənistan tərəfindən delimitasiya olunmamış dövlət sərhədi boyunca növbəti hərbi avantüra məqsədli irimiqyaslı silah, digər hərbi texnika və şəxsi heyətin toplanması da müşahidə olunur. Ona görə də, rəsmi Bakı Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bütün qanuni vasitələrlə müdafiə etmək hüququna sahib olduğunu da növbəti dəfə sərt şəkildə xatırlatmağı vacib hesab edib. Və bu xatırlatma Azərbaycanın Ermənistan tərəfindən törədilən heç bir hərbi təxribatı cavabsız buraxmayacağı anlamına gəlir.
Bütün bunlar onu göstərir ki, sülhə və sabitliyə ehtiyacı olan Cənubi Qafqazda indi savaş təhlükəsi böyük sürətlə irəliləyir. Ermənistan öz avantürist davranışları ilə regional sülh prosesini böyük risk altına atmaqdadır. Rəsmi İrəvan sülh prosesindən uzaqlaşdıqca, Cənubi Qafqaz növbəti müharibəyə bir o qədər yaxınlaşır. Və bu təxribatçı davranışların Ermənistanın özünə sarsıdıcı zərbələr vura biləcəyini isə rəsmi İrəvan hamıdan yaxşı bilir.
Ona görə də, nə qədər qəribə görünsə də, rəsmi İrəvan savaşa təhrik etdiyi Azərbaycanı hərbi əməliyyatlardan imtina etməyə çağırıb. Bu, o deməkdir ki, Paşinyan hakimiyyəti törətdiyi təxribatların yeni müharibəyə səbəb olacağını tam dəqiqliyi ilə bilir. Eyni zamanda, onu da bilir ki, Ermənistanın Azərbaycan ordusuna müqavimət şansı yoxdur. Bu səbəbdən rəsmi Bakının hərbi əməliyyatlardan imtina etməsini istəyir.
Belə anlaşılır ki, Paşinyan hakimiyyəti Ermənistan üçün hərbi təxribatlar törətmək sərbəstliyi qazana biləcəyinə ümid bəsləyir. Yəni, rəsmi İrəvan anlayışında olan "sülh modeli" ondan ibarətdir ki, Ermənistan hansı hərbi təxribatı törətsə də, Azərbaycan buna reaksiya verməməlidir. Halbuki, dünyanın heç bir yerində belə sərsəm "düşüncə"yə əhəmiyyət verməzlər. Və bu baxımdan, Ermənistan hərbi təxribat törədəcəksə, onun ağır cavabı ilə üzləşəcəyini də bilməlidir.
Təbii ki, rəsmi İrəvan növbəti savaş təhlükəsinin bloklanması anlamında hələ də Rusiyaya müəyyən ümidlər bəsləyir. Üstəlik, Rusiyanın bəzi davranışları da Ermənistanın siyasi dairələrində belə ümidlərin möhkəmlənməsinə stimul verir. Xüsusilə də, rus sülhməramlıların fəaliyyəti buna ciddi örnək rolunu oynaya bilər.
Məsələ ondadır ki, Kreml hər imkanda üçtərəfli anlaşmaların icra edilməsinin vacibliyini vurğulayır. Ancaq Rusiya həmin sənədlərin hüquqi qüvvəsini çoxdan şübhə altına salıb. Belə ki, üçtərəfli anlaşmaların tələblərinə baxmayaraq, Ermənistan ordusunun tör-töküntüləri Azərbaycan ərazisindən hələ də çıxarılmayıb. Qeyri-qanuni erməni silahlı terror dəstələri isə tərksilah olunmayıb. Halbuki, bu addımların atılması Rusiyanın üzərinə düşən önəmli öhdəliklərin sırasına daxildir.
Bütün bunlar azmış kimi, rus sülhməramlılar erməni silahlı terror dəstələrinə Azərbaycanın Xankəndi və ətraf bölgəsində yeni döyüş mövqeləri yaratmaqda dəstək də verir. Erməni terrorçuların yeni səngərlərə silah-sursat daşımasını təmin edir. Yəni, rus sülhməramlılar faktiki olaraq, erməni separatçı-terrorçuları Azərbaycana qarşı təxribatlar törətməyə hazırlayır. Bu isə o deməkdir ki, Rusiya Azərbaycanın təhlükəsizliyini təhdid edən erməni avantüralarını dəstəkləyir.
Bütün bunları nəzərə alaraq, iddia etmək olar ki, üçtərəfli anlaşmalar artıq öz hüquqi qüvvəsini itirib. Üstəlik, həmin sənədlərin hüquqi qüvvəsi məhz üçtərəfli anlaşmaların qarantoru olan Rusiya tərəfindən sona çatdırılıb. Yəni, Rusiya üçtərəfli anlaşmaları kobud şəkildə pozulması Kremlin həmin sənədlərdən dolayısı ilə imtina etməsi anlamı daşıyır.(musavat.com)