» » Azərbaycanın Rusiyaya güzəşt limiti bitib: - “Vardanyanın Bakıya gətirilməsinin vaxtıdır”

Azərbaycanın Rusiyaya güzəşt limiti bitib: - “Vardanyanın Bakıya gətirilməsinin vaxtıdır”



İyulun 15-də Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) tərəfindən Azərbaycan əleyhinə verilən bəyanat rəsmi Bakıda ciddi narazılıq yaratdı. Azərbaycan XİN Rusiyanın Azərbaycanın ərazi bötüvlüyünü şübhə altına alan bəyanatına sərt reaksiya verdi. Bununla yanaşı, dünən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb. Görüşdə Rudenko Rusiya XİN-in məlum 15 iyul tarixli bəyanatı ilə bağlı Rusiya tərəfinin mövqeyini çatdıraraq bildirib ki, sözügedən bəyanatda Azərbaycanın ərazi bütövlüyü qəti şəkildə şübhə altına alınmır, onun əsas istiqaməti Qarabağ bölgəsində yaşayan ermənilərin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi və Laçın dəhlizinin açılması məsələləri olub: "Bu gün Rusiyanın əsas məqsədinin Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasıdır ki, bunun üçün Rusiya tərəfi hərtərəfli dəstək göstərməyə, o cümlədən öz ərazisində görüşlər təşkil etməyə hazırdır".

Bundan əlavə, Andrey Rudenko Azərbaycanın ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətinə də toxunub.

Bülbüloğlu isə Azərbaycan tərəfinin qəti mövqeyini rusiyalı həmsöhbətinə çatdıraraq bildirib ki, Rusiya ilə Azərbaycan arasında 1997-ci ildə imzalanmış “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” müqaviləyə əsasən Rusiya Federasiyası Azərbaycan Respublikasının ərazi bütövlüyünü birmənalı olaraq tanımış və heç vaxt ərazi bütövlüyümüzü şübhə altına almamışdır. Bu səbəbdən də Rusiya XİN-in 15 iyul tarixli bəyanatı Azərbaycanda, o cümlədən millət vəkillərimizin, ekspert və politoloqlarımızın narazılığına səbəb olub.

Ermənilərin Laçın sərhəd-nəzarət buraxılış məntəqəsindən sərbəst və maneəsiz şəkildə keçməsi üçün heç bir əngəlin olmadığını deyən səfir dəhlizin bağlanmasına səbəb kimi onun digər məqsədlər üçün istifadə edildiyini, o cümlədən hərbi sursatların, Beynəlxalq Qırmızı Xaç Komitəsinin humanitar yardımı altında qaçaq malların ərazilərimizə daşınması olduğunu diqqətə çatdırıb. Buna sübut olaraq çoxsaylı sənədlərin və videoların olduğunu söyləyib.

Bununla belə, ölkəmizin səfiri Rusiya sülhməramlı kontingentin fəaliyyətinə toxunaraq vurğulayıb ki, onun müşayiəti ilə ermənilər tərəfindən gizli dağ yolları ilə Xankəndinə müəyyən olmayan mallar daşınır, oradakı məktəblilərə hərbi təlimlər keçirilir ki, bütün bunlar da Azərbaycanda haqlı narazılığa səbəb olur, Rusiya-Azərbaycan münasibətlərinə kölgə salır.

Səfir Xankəndində Ruben Vardanyanın təxribat xarakterli fəaliyyətindən bəhs edib, onun mövcud vəziyyətin normallaşmasına əngəllər törətdiyini vurğulayıb, cəmiyyətimizdə onun məhz Rusiya tərəfindən Xankəndinə göndərildiyi fikrinin formalaşdığını bildirib.

DİA.AZ-ın məlumatına görə, Rusiyanın Azərbaycanla münasibətləri kəskinləşdirən siyasəti ilə bağlı AYNA-nın suallarını cavablandıran Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri deyib ki, ki, Rusiyanın yeni bəyanatı, daha doğrusu, XİN başçısının müavininin səfirlə görüşdə söylədikləri sadəcə vəziyyəti yumşaltmaq üçündür:

- Hiss olunur ki, Rusiya bəyan etdiyi kimi, yaxın zamanlarda bərabərliyi təmin etmək üçün Moskvada üçtərəfli görüş keçirmək istəyir. Ən azından XİN başçıları səviyyəsində görüşün keçirilməsinə çalışır. Brüssel görüşü getdiyi müddətdə Rusiya XİN-dən belə bəyanat verildi ki, Moskva nazirləri görüşdürməyə hazırdır. İndi situasiyaı yumşaltmaq üçün görünür yumşaq açıqlamalara ehtiyac var. Azərbaycanın Rusiyadakı səfiri ilə Rusiya XİN başçısının müavininin görüşü də bu kontekstdədir.

Amma Rusiya XİN-in 15 iyulda verilən bəyanatına baxsaq, görərik ki, bu, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə həqarətdir. Rusiya legitim hüququmuzu gözardı edir. Moskvanın bəyanatında açıqca bildirilir ki, Ermənistan Baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü Qarabağ daxil tanımasından sonra yeni status-kvo yarandı. Bu nə deməkdir? Bununla Rusiya ermənilərə, xüsusilə, separatçılara açıq çağırış edir ki, günahkar Paşinyandır. Mesaj verir ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, Moskva prosesi uzadacaqdı. Lavrovun idarəsinə sual vermək lazımdır ki, məgər Rusiya Prezidenti Azərbaycanın ərazi bütövlüyünü tanımayıb?!

- Demək olarmı ki, Rusiya bununla sülhə qarşı olduğunu birmənalı şəkildə nümayiş etdirdi?

- Əlbəttə, bu, Rusiyanın sülhdən yana olmadığının göstəricisidir. Ümumiyyətlə, Moskva hər zaman sülhün olmasına qarşı çıxıb. Ermənistanla Azərbaycan arasında sülhün olması Rusiyanın maraqlarına cavab vermir. Əvvəl bəlkə də Rusiya bu siyasətini gizlədirdi, ümumi bəyanatlar verirdi. İndi isə Moskva bunu gizlərmir, açıq şəkildə sülhə qarşı olduğunu bildirir. Eyni zamanda, bölgədə separatizmi körükləyən mövqe tutur. Hesab edirəm ki, bundan sonra Rusiyanın sülh prosesinə vasitəçi olaraq töhfə verməyini düşünmək özünü aldatmaqdan başqa bir şey deyil.

- Davamlı Brüssel görüşləri, Vaşinqtondakı danışıqlar onu deməyə əsas vermirmi ki, Rusiya prosesdən vasitəçi olaraq kənarlaşdırılıb?

- Rusiyanı qıcıqlandıran da məhz bu səbəbdir. Moskva faktiki olaraq oyundankənar vəziyyətdədir. Sərhədlərin müəyyənləşməsi prosesində Rusiyanı görürük? Əlbəttə, yox. Halbuki sərhədlərin müəyyənləşməsi, kommunikasiyaların blokdan çıxarılması məsələsini zaman-zaman Rusiya gündəmə gətirir. Çünki burada Rusiyanın mənfəəti var. Moskva çalışıb ki, sərhədlər müəyyənləşsin, kommunikasiyalar açılsın, amma Qarabağ məsələsinə toxunulmasın. “Qarabağın statusu”nu Rusiya gələcəyə saxlamaq niyyətindədir. İndi Rusiya sərhədlərin delimitasiyası və kommunikasiyaların blokdan çıxarılması məsələsində də oyundan kənarda saxlanılmaqdadır. Sərhədlərin müəyyənləşməsində Rusiya 1975-ci ilə xəritələrini təklif edir ki, burada Azərbaycanı qane etməyən məsələlər var. Nəqliyyat-kommunikasiyaların açılması məsələsində isə Ermənistan Rusiyanı bu prosesdən tədricən uzaqlaşdırmağa yönəlik siyasət həyata keçirir. İndi Zəngəzur dəhlizinin açılması məsələsi Ermənistan-Azərbaycan problemi yox, Rusiya-Ermənistan probleminə çevrilib. İrəvan birmənalı bəyan edir ki, kommunikasiyalar açılırsa, qarşılıqlılıq, suverenlik prinsipi çərçivəsində nəzarət olacaq. Bu isə kommunikasiyalara Ermənistan dövlət orqanlarının nəzarəti deməkdir. Təbii ki, Rusiya bunu qəbul etmir. Çünki yollara Rusiya nəzarət etmək niyyətindədir və bu səbəbdən də 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Birgə Bəyanata qayıtmağa təkid edir.

- Bəyanat qüvvədən düşüb ki?

- Əlbəttə, düşüb. Sadaladığım məsələlər Üçtərəfli Birgə Bəyanatda əksini tapıb. Amma sənədin müddəaları icra olunmadığı üçün de-fakto qüvvədən düşüb. Bəyanatda kommunikasiyalara Rusiyanın nəzarət edəcəyi qeyd edilmişdi, amma dediyim kimi, Ermənistan buna razı deyil. Laçın yolunda Azərbaycanın post qoyması faktı var. Eyni zamanda, Qarabağdakı erməni silahlı dəstələrinin çıxarılması qeyd edilib ki, bu, icra olunmamış qalır. Bunlar Bəyanatın qüvvədən düşməsi deyilmi? Ona görə Moskvanın 15 iyul bəyanatında Azərbaycan təhdid edilir ki, Laçın yolu açılmalı, maneəsiz keçid təmin olunmalıdır. Rusiya bunu niyə tələb edir?! Çünki Üçtərəfli Birgə Bəyanata qayıdılmasını istəyir. Moskvanın bəyanatındakı “status-kvo dəyişib” ifadəsi də Üçtərəfli Birgə Bəyanatın qüvvədən düşdüyünün etirafıdır.

- Moskva Üçtərəfli Birgə Bəyanatı bu qədər önəömsəyirsə, o zaman sənədin müddəalarının icrasını niyə təmin etmədi?

- Bəzi müddəaları Rusiyanın marağında olsa da, bəzilərinin icrası Kremlə sərf etmir. Məsələn, Qarabağ məsələsinin tam həlli üçün Üçtərəfli Birgə Bəyanatın 4-cü bəndi – erməni silahlı quldur dəstələrinin Qarabağdan çıxarılması icra olunmalı idi. Lakin üç il yarımdır ki, bu müddəa yerinə yetirilməyib. Əksinə, Rusiya bu müddətdə Qarabağdakı separatçıları silah-sursatla, ərzaqla təmin edib, onların güclənməsinə çalışıb. Çünki separatizmin qalması Rusiyanın maraqlarına uyğundur.

Açıq demək lazımdır ki, bu gün Rusiya Qarabağda sülh prosesinə töhfə verən tərəf yox, əngəl yaradan tərəfə çevrilib. Ona görə də Moskvanın vasitəçiliyi ilə sülh prosesini təmin etmək mümkünsüzdür.

- Polad Bülbüloğlu ilə Rusiyanın XİN başçısının müavini arasında görüşdə Ruben Vardanyan məsələsinə də toxunulub və bildirilib ki, bu şəxs Qarabağda təxribatlarla məşğuldur, sülh prosesinə əngəllər törədir və s. Hətta səfir dolayısı ilə Vardanyanın Xankəndiyə Rusiyanın əli ilə göndərildiyini çatdırıb. Bu iradın nəticəsi olacaqmı?

- Hesab edirəm ki, bu, Bakıdan Moskvaya bir xəbərdarlıqdır. Rusiyaya açıq şəkildə bildirildi ki, Vardanyan məhz Moskvanın Qarabağda yerləşdirdiyi təxribatçıdır. Bildirildi ki, Kremlin sifarişi ilə Vardanyan sülh prosesinə zərbə vurmaqla məşğuldur. Vardanyan dağıdıcı ünsür olaraq Qarabağdadır və hələ də Kremlin göstərişlərini yerinə yetirir. Azərbaycan Rusiyaya xəbərdarlıq etdi ki, Vardanyan yaxın vaxtlarda Qarabağdan çıxarılmasa, ciddi addımlar atılacaq. Düşünürəm ki, Bakının gecikmiş iradıdır. Mənə elə gəlir ki, Vardanyanın Azərbaycan xüsusi xidmət orqanları tərəfindən Xankəndidən Bakıya, Dövlət Təhlükəsizlik Xidmətinin bunkerinə gətirilməsinin zamanı çoxdan çatıb. Bu vaxtadək Vardanyanın sahibinə, Rusiyaya müəyyən güzəşt edilib, bu ünsür Bakıya gətirilməyib. Lakin güzəşt limiti bitib, Vardanyanın tutulub Xankəndidən Bakıya gətirilməsinin vaxtıdır. Bakı Moskvanın diqqətinə bu mesajı verdi. Vardanyan Bakıya gətirilərsə, bu həm də Arutunyana və onun ətrafındakı terrorçu cinayətkar dəstəyə də dərs olar.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Sentyabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Qalereya