Azərbaycan-Türkiyə İttifaqı dünyaya meydan oxuyur: “Türk əsri” davam edəcək, Qafqazın isə sahibi var
- 14-06-2023, 10:00
- Siyasət
- 0
- 104
Azərbaycan və Türkiyə liderləri iki ölkə arasındakı hərbi-siyasi və strateji müttəfiqliyi bu dəfə daha qabarıq məzmunda gündəmə gətirməyə nail oldular... Bu baxımdan, Azərbaycan-Türkiyə İttifaqının strateji hədəflərinə müqavimət göstərmək niyyətinə düşənlərə yönəlik birbaşa xəbərdarlıq mesajı verildi...
Türk Dünyasının inteqrasiyası və yeni qlobal güc mərkəzinin yaradılması prosesi davam edir. Türkiyədə keçirilən tarixi seçkilər bu prosesin gələcək taleyi baxımından, keçid mərhələsi hesab olunurdu. Çünki prezident Rəcəb Tayyib Ərdoğan seçkilərdə məğlub olardısa, Türkiyədə hakimiyyət dəyişərdisə, bu prosesin yarımçıq qalma ehtimalı tamamilə inandırıcı görünürdü. Hər halda, ABŞ və Qərbin israrla dəstəklədiyi prezident postuna müxalif iddiaçı bunun açıq mesajlarını belə, verməyə başlamışdı.
Ancaq Türk Dünyasını ciddi şəkildə narahat edən hadisə baş vermədi. Prezident Rəcəb Tayyib Ərdoğan tarixi seçkilərdə mütləq qələbə qazanmaqla, Türk Dünyasının inteqrasiya perspektivlərini qorumağı bacardı. Bundan sonra Türk Dövlətləri Birliyinin hərbi-strateji, siyasi-iqtisadi və s. istiqamətlər üzrə inteqrasiya olunaraq, yeni dünya düzənində qlobal güc mərkəzinə çevrilmə prosesi daha da sürətlənəcək.
Maraqlıdır ki, hazırda bu prosesə Azərbaycan-Türkiyə İttifaqı liderlik edir. Prezident Rəcəb Tayyib Ərdoğan da bu ittifaqın Türk Dünyasının avanqard güc mərkəzi olduğunu qətiyyən gizlətmir. Türkiyə liderinin seçki qələbəsindən sonra əvvəlcə Şimali Kipr Türk Cümhuriyyətinə, ardıncasa, məhz ilk rəsmi səfər kimi Azərbaycana gəlməsi bunun açıq mesajı sayıla bilər. Və bu önəmli məqam indi beynəlxalq siyasi məkanda xüsusi həssaslıqla izlənilməkdədir.
Məsələ ondadır ki, Türkiyə liderinin Bakı səfəri çərçivəsində bütün dünyaya, o cümlədən də, Türk Dünyasının düşmənlərinə ciddi geopolitik mesajlar verilmiş oldu. Birincisi, hər kəsə xəbərdarlıq edilmiş oldu ki, “Türk əsri” layihəsi qaldığı yerdən eyni strateji hədəflərlə davam etdiriləcək. Buna rəqib dövlətlər nə qədər müqavimət göstərməyə çalışsalar da, yeni qlobal güc mərkəzinin yaradılması niyyətindən heç bir halda, imtina edilməyəcək. Əksinə, daha da qətiyyətli davranılacaq.
İkincisi, “Türk əsri” strateji hədəfinin uğur qazanmasında əsas faktorlardan biri olan Cənubi Qafqaz regionunda Azərbaycan-Türkiyə İttifaqının geopolitik iradəsi şəriksiz xarakter daşıyacaq. İlk növbədə geopolitik, geostrateji və geoiqtisadi layihələrin reallaşdırılması ön plana çıxarılacaq. Yəni, Zəngəzur dəhlizinin açılması məqsədilə daha qətiyyətli addımlar atılacaq.
Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Dövlət başçısı öz açıqlamsında bu layihənin reallaşdırılmasına əngəl törətməyə çalışanlara da dolayısı mesaj göndərib: “Zəngəzur dəhlizi nə qədər tez açılsa, bir o qədər yaxşıdır. Bu məsələ ilə bağlı calışmalarımızı artıracağıq”.
Azərbaycan liderinin mövqeyindən belə qənaətə gəlmək olar ki, rəsmi Bakı Zəngəzur dəhlizinin açılması ilə prinsipial, qətiyyətli və israrlı davranmaq niyyətindədir. Prezident İlham Əliyevin “Bu məsələ ilə bağlı calışmalarımızı artıracağıq” deməsi, əslində, Zəngəzur dəhlizinə müqavimət göstərməyə çalışanlara Azərbaycan-Türkiyə İttifaqının təzyiqləri yaxın vaxtlarda güclənməyə başlayacaq. Və bu, Cənubi Qafqazda yeni dövrün başlanma ehtimalının önəmli anonsu kimi də qəbul oluna bilər.
Maraqlıdır ki, prezident R.T.Ərdoğan da Azərbaycan liderinin prinsipial mövqeyinə tam dəstək verdiyini qətiyyən gizlətməyib. Türkiyə lideri bildirib ki, Zəngəzur dəhlizinin açılması Türk İttifaqına iki mühüm imkanı qazandıracaq: “İstər avtomobil yolu, istərsə də dəmiryolu ilə bağlı atılacaq addımlarla Türkiyənin Naxçıvanla əlaqəsi daha intensivləşəcək. Nəticədə bu, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin daha da güclənməsinə təkan verəcək”.
Göründüyü kimi, Azərbaycan-Türkiyə İttifaqı üçün Zəngəzur dəhlizi strateji layihədir. Cənubi Qafqaza geopolitik nəzarətin təmin olunmasında həlledici faktorlardan biri hesab olunur. Ona görə də, Türk İttifaqı bu regionda qaydaların və geopolitik şərtlərin necə müəyyən ediləcəyini də elə indidən qabarıq şəkildə biruzə verməyə çalışır.
Prezident R.T.Ərdoğanın Azərbaycanın Şuşa şəhərində Türkiyənin baş konsulluğunun açılması ilə bağlı verdiyi mesaj da bu baxımdan, böyük önəm daşıyır: “Azərbaycan nə vaxt uyğun hesab edərsə, Türkiyə Şuşa şəhərində baş konsulluğunu açmağa hazırdır. Türkiyənin Şuşada diplomatik nümayəndəliyinin açılması yalnız Ermənistana deyil, ümumiyyətlə, bütün dünyaya açıq mesaj olacaq”.
Belə anlaşılır ki, Türkiyə lideri yalnız Azərbaycana gəlməklə, dünyaya verdiyi mesajla kifayətlənmək niyyətindən uzaqdır. Bunun üzərinə Türkiyənin Şuşada baş konsulluğunun açılacağını anons etməklə, Cənubi Qafqaza nəzarət uğrunda mübarizədə rəsmi Ankaranın ön planda olacağını da elə indidən qabardır. Və bu, o deməkdir ki, Cənubi Qafqazda maraqları olan kənat güclər Azərbaycan-Türkiyə İttifaqının maraqları, eləcə də müəyyən edəcəyi geopolitik şərtlərlə hesablaşmaq məcburiyyətində qalacaq.
Məsələ ondadır ki, Prezident İlham Əliyevin son açıqlamaları da müəyyən mənada, Azərbaycan-Türkiyə İttifaqının hərbi-siyasi potensialının üstüörtülü şəkildə təqdimatı təsiri bağışlayır. Belə ki, o, seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanların və üfüqlərin açıldığını vurğulayıb: “Türkiyə və Azərbaycan xarici siyasət sahəsində bundan sonra da vahid mövqedən çıxış edəcək. Türkiyə ilə birgə fəaliyyətimiz həm bölgədə, həm də dünyada gücümüzü daha da artıracaq. Bizi yeni uğurlar, yeni qələbələr gözləyir”.
Təbii ki, bu, həm də Azərbaycan-Türkiyə İttifaqının Bakıdan bütün dünyaya ortaq şəkildə meydan oxuması kimi də qəbul edilə bilər. Çünki Azərbaycan və Türkiyə liderləri iki ölkə arasında hərbi-siyasi və strateji müttəfiqliyi bu dəfə daha qabarıq məzmunda gündəmə gətirməyə nail oldular. Prezident İlham Əliyevin “Azərbaycan ordusu Türkiyə modeli əsasında inkişaf edir” deməsi isə Türk Birliyinin ortaq hərbi gücünün yüksəldiyi səviyyəni göstərir. Və bu, Azərbaycan-Türkiyə İttifaqının strateji hədəflərinə müqavimət göstərmək niyyətinə düşənlərə yönəlik birbaşa xəbərdarlıq mesajıdır.