» » Bakı Parisi "erməni girovluğu"ndan çıxarır: İndi Ermənistanda Fransa da xəyanətdə suçlanır

Bakı Parisi "erməni girovluğu"ndan çıxarır: İndi Ermənistanda Fransa da xəyanətdə suçlanır

Bakı Parisi "erməni girovluğu"ndan çıxarır: İndi Ermənistanda Fransa da xəyanətdə suçlanır


Fransa-Ermənistan "siyasi bacılıq" prinsipləri kobud şəkildə pozulmağa başlayıb, xarici işlər naziri Katrin Kolonnanın Cənubi Qafqaz turnesinə Azərbaycandan başlaması rəsmi Parisin Ermənistandan üz çevirmək üzrə olduğunun əlaməti sayılır... Fransa xarici işlər nazirinin Azərbaycan və Ermənistanı bir-birinin ərazi bütövlüyünü tanıyaraq, sülh sazişinin imzalanmasına çağırması isə ümumiyyətlə, erməni toplumunda xəyanət kimi xarakterizə olunur...
Azərbaycan növbəti siyasi-diplomatik qələbəsini qazandı. Rəsmi Bakı Azərbaycanın Cənubi Qafqazda artıq şəriksiz hegemon dövlət olduğunu bu regionda maraqları olanlara qəbul etdirməyə nail oldu. Çünki bu regionla bağlı bütün geopolitik qərarlar məhz Azərbaycan tərəfindən qəbul edilir. Və bu reallıq artıq beynəlxalq siyasi iradə mərkəzləri tərəfindən də qəbul olunmağa başlayıb.

Buna əmin olmaq üçün son vaxtlar Cənubi Qafqaz ətrafında baş verən hadisələrə diqqət yetirmək tamamilə kifayətdir. Azərbaycanın Laçın yolunun Ermənistanla sərhəd başlanğıcında nəzarət-buraxılış məntəqəsi quraşdırmasına verilən beynəlxalq reaksiyalar da olduqca önəmli örnəkdir. Çünki ABŞ, Avropa Birliyi, Rusiya və digər beynəlxalq siyasi iradə mərkəzlərinin reaksiyası "narahatlıq" ifadə edilməsindən uzağa getmədi. Bu, rəsmi İrəvan üçün nə qədər məyusedici olsa da, real situasiya ilə bağlı nəticələr çıxarmağa imkanlar açır.

Maraqlıdır ki, indi hətta Ermənistanın "bacısı" olan Fransa belə, rəsmi Bakının son addımlarına reaksiya verərkən, maksimum səviyyədə ehtiyatlı davranmağa çalışır. Belə ki, ənənəvi ermənipərəst mövqeyini nisbətən yumşaldan rəsmi Paris də bu dəfə "narahatlıq" keçirənlərin sırasında qalıb, xüsusi can-fəşanlığa həvəs göstərmədi. Və bununla da rəsmi Paris Fransanın Cənubi Qafqaz siyasətində prioritetləri dəyişmək məcburiyyətində qaldığını sezdirmiş oldu.

Halbuki, məhz rəsmi Parisin açıq ermənipərəst mövqeyi Cənubi Qafqazın "qapılar"ının Fransanın üzünə bağlanmasına səbəb olmuşdu. Azərbaycan Prezident İlham Əliyev Fransanın Cənubi Qafqazda hər hansı prosesdə iştirakına imkan verilməyəcəyini birmənalı şəkildə bəyan etmişdi. Nəticədə rəsmi Paris Cənubi Qafqazda cərəyan edən önəmli geopolitik prosesləri yalnız uzaqdan müşahidə etmək məcburiyyətində qalmışdı. Və buna vərdişli olmayan rəsmi Paris strateji səhv etdiyini, bundan Fransanın ciddi ziyan çəkə biləcəyini artıq anlamağa başlayıb.

Fransanın siyasi elitası Cənubi Qafqaza müvəqqəti "geopolitik alət" rolundan başqa heç nəyə yaramayan Ermənistan üzərindən yerləşməyin mümkün olmadığını nəhayət ki, dəqiqləşdirə bilib. Halbuki, rəsmi Paris də Fransanın dövlət maraqlarını Ermənistan ucbatından qurban vermək istəmir. Və bunun Fransaya yalnız geopolitik deyil, həm də geoiqtisadi, geostrateji ziyan vəd etdiyinin fərqindədir.

Məsələ ondadır ki, rəsmi Bakı son vaxtlar yalnız Cənubi Qafqazda deyil, ümumiyyətlə, bütün dünyada, xüsusilə də Avropa Birliyi məkanında Azərbaycanın mövqelərini böyük sürətlə möhkəmləndirməyə başlayıb. Azərbaycan hazırda Fransanın avanqard ölkələrindən olduğu Avropa Birliyinin enerji təhlükəsizliyi üzrə etibarlı tərəfdaşı statusuna sahibdir. Rəsmi Bakı Avropa Birliyi ölkələrinin enerji resursları ilə təmin edilməsində əvəzolunmaz paya sahibdir.

Digər tərəfdən, Azərbaycan Orta Asiya enerji resurslarının Avropa məkanına çatdırılmasında da yeganə tranzit qovşağı rolunu oynayır. Çünki Orta Asiya enerji resurslarının Avropa məkanına ixrac edəcəyi neft-qaz boru kəmərləri Azərbaycana aiddir. Yəni, Azərbaycan və Orta Asiya enerji resurslarına ehtiyac duyanlar mütləq rəsmi Bakı ilə münasibətlərini inkişaf etdirmək barədə düşünməlidirlər. Əks halda, rəsmi Bakının siyasi iradəsi prinsipial reaksiya ilə onlara ciddi problemlər yarada bilər.

Digər tərəfdən, Azərbaycan Cənubi Qafqazın logistika qovşağını da öz əlində cəmləşdirib. Hazırda Şimal-Cənub nəqliyyat-kommunikasiya dəhlizi Azərbaycan ərazisindən keçir, yaxın gələcəkdə isə Qərb-Şərq nəqliyyat-kommunikasiya dəhlizi də məhz ölkəmizin nəzarəti altında olacaq. Bütün bu geoiqtisadi, geostrateji və logistika layihələri Azərbaycanın beynəlxalq əhəmiyyətini daha da artırır.

Təbii ki, rəsmi Paris Azərbaycanın nəzarəti altında cəmləşən belə önəmli iqtisadi-ticari, enerji və nəqliyyat-kommunikasiya qovşağının vəd etdiyi külli miqdarda gəlir qaynağından kənarda qalmaq istəmir. Fransa üçün mütləq müəyyən pay qopara biləcəyinə ümid bəsləyir. Üstəlik, bunun yalnız rəsmi Bakını məmnun edəcəyi, Azərbaycan ilə münasibətlərini normallaşdırmağa nail olacağı təqdirdə, mümkün ola biləcəyini də artıq tam dəqiqliyi ilə anlayır.

Ona görə də, rəsmi Parisin son davranışlarında açıq və qatı ermənipərəst mövqeyindən nisbətən geri çəkilməyə çalışdığı müşahidə olunur. Fransa Azərbaycanla korlanmış münasibətlərinin təmir edilməsi yollar axtarır, müəyyən cəhdlər edir. Və Fransanın ermənipərəst xarici işlər naziri Katrin Kolonnanın Cənubi Qafqaz turnesi bu baxımdan, diqqəti çəkir.

Məsələ ondadır ki, rəsmi Paris öz yüksəkrütbəli təmsilçilərini adətən, Ermənistana göndərirdi. Hətta digər region ölkələrin də paralel ziyarət olunması nəzərdə tutulduqda belə, yenə də səfər Ermənistandan başlayırdı. Və son illərdə rəsmi Paris bu ənənəsinə həmişə sadiq qalmışdı.

Ancaq bu dəfə rəsmi Paris bu dəyişməz ənənəni ciddi şəkildə pozmağa üstünlük verdi. Belə ki, Fransanın xarici işlər naziri Katrin Kolonna öz Cənubi Qafqaz turnesinə məhz Azərbaycan paytaxtı Bakıya səfər etməklə başladı. Daha sonra Ermənistan və Gürcüstana səfər nəzərdə tutulur. Və bu, rəsmi Parisin Cənubi Qafqaz siyasətində müəyyən dəyişikliklərin ola biləcəyinə yönəlik dolayısı bir mesaj da sayıla bilər.

Fransa bu davranışla onun üçün Azərbaycanın əhəmiyyətinin artıq Ermənistandan daha ön plana keçməkdə olduğunu sezdirir. Hər halda, rəsmi Paris Avropa Birliyinin enerji təhlükəsizliyi üzrə etibarlı tərəfdaşı ilə münasibətlərini normallaşdırmaqda maraqlıdır. Üstəlik, rəsmi Parisin Cənubi Qafqazda yerləşmə şansı da Azərbaycanla anlaşa bilməsindən birbaşa asılıdır. Çünki bu məsələdə Ermənistan və ya Gürcüstan deyil, məhz Azərbaycan mütləq söz sahibidir.

Maraqlıdır ki, Fransanın xarici işlər naziri Katrin Kolonnanın Azərbaycanda keçirdiyi rəsmi görüşlərdə səsləndirdiyi fikirlər rəsmi Parisin tam sürətlə geriyə çəkilməkdə olduğu bildirir. Hər halda, xanım Kolonnanın "Azərbaycan sülh təşəbbüsü ilə çıxış edən tərəfdir. Fransa bu təşəbbüsü dəstəkləyir" deməsi rəsmi Parisin ənənəvi siyasi kursuna uyuşmur. Və bu baxımdan, rəsmi Parisin Azərbaycanı təqdir etmə modeli ilə yeni geopolitik manevrlərə başladığı açıq-aşkar nəzərə çarpır.

Fransanın xarici işlər naziri Katrin Kolonnanın ərazi bütövlüyü mövzusunda Bakıda dedikləri isə Ermənistanda ümumiyyətlə, çaşqınlıqla qarşılanıb: "Azərbaycan və Ermənistan sülh sazişinin imzalanması üçün şans qazanıblar. Ona görə də, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanımalıdırlar. Bu halda, sülh sazişi istiqamətində qətiyyətli addım atılmış olacaq".

Təbii ki, Ermənistan cəmiyyəti üçün rəsmi Parisin ərazi bütövlüyünün tanınması mövzusunu qabartması anlaşılmazdır. Çünki erməni toplumu Fransanın yalnız Ermənistanın maraqlarından çıxış etməsinə maraqlıdır. İndi rəsmi Parisin Ermənistana sərfəli hesab olunmayan bu mövzunu qabartması və dəstəkləməsi erməni toplumu üçün gözlənilməz xarakter daşıyır.

Ona görə də, hazırda Ermənistan cəmiyyətində Fransaya qarşı tənqidlər və ittihamlar ön plana keçməyə başlayıb. Erməni politoloqlar hesab edirlər ki, xarici işlər naziri Katrin Kolonnanın Cənubi Qafqaza turnesinə Azərbaycana səfərlə başlaması Fransanın da Ermənistandan üz çevirmək üzrə olduğunun əlamətidir. Xarici işlər naziri Katrin Kolonnanın hər iki tərəfi ərazi bütövlüyünü tanımağa çağırması isə ümumiyyətlə, Fransanın Ermənistana xəyanəti kimi xarakterizə olunur.

Belə anlaşılır ki, Fransa-Ermənistan "siyasi bacılıq" prinsipləri kobud şəkildə pozulmağa başlayıb. Rəsmi Bakı öz prinsipial mövqeyi ilə Fransaya təzyiq göstərməyə nail olmaqdadır. Müəyyən mənada, rəsmi Bakının atdığı son addımlarla Fransanı erməni diasporunun siyasi girovluğundan çıxartmağa başladığını da düşünmək olar. Və rəsm Paris nə vaxtsa, Fransanın xarici siyasətini erməni təsirindən tamamilə xilas edərsə, ilk növbədə Azərbaycanın prinsipial mövqeyinə minnətdar olmalıdır.(Musavat.com)
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya