» » Cənubi Qafqazda "erməni layihəsi" iflasa uğradı: Ssenaristlər geri çəkilir, maraqlar dəyişir

Cənubi Qafqazda "erməni layihəsi" iflasa uğradı: Ssenaristlər geri çəkilir, maraqlar dəyişir

Cənubi Qafqazda "erməni layihəsi" iflasa uğradı: Ssenaristlər geri çəkilir, maraqlar dəyişir



Azərbaycanın Laçın yolunu tam nəzarətə götürməsi Cənubi Qafqazda yeni situasiya yaratdı, regionda "erməni layihəsi"nin icra müddəti uğursuzluqla sona çatmaq üzrədir... Rəsmi Bakının qarşısında indi "erməni terrorizmi ilə çirkləndirilmiş" regionu zərərli tör-töküntülərdən tamamilə təmizləyib, sülh və sabitlik dövrünü başlatmaq hədəfi dayanır...
Azərbaycan Xankəndi əməliyyatının həlledici mərhələsinə start verib. Rəsmi Bakı Azərbaycan ərazisində onilliklərdən bəri reallaşdırılmasına cəhd göstərilən "erməni layihəsi"ni birdəfəlik ləğv etmək niyyətində qətiyyətli davranır. Və Cənubi Qafqazda uzunmüddətli sülh dövrünün başlandılması üçün yeganə doğru variant elə budur.

Təbii ki, rəsmi Bakı atılacaq strateji addımlarda maksimum səviyyədə səbrli davranır. Qəbul edilən qərarlarda ardıcıllıq ciddi şəkildə qorunur. Ancaq Azərbaycan dövləti səbrli davrandığı kimi, həm də gecikmir. Hər bir strateji addımı məhz onun üçün münbit şərait yaratdıqdan dərhal sonra, vaxt itirmədən atır. Və nəticədə həm Ermənistan, həm də onun beynəlxalq himayədarları çaşqın vəziyyətə düşürlər, müqavimət göstərə bilmirlər. 

Bütün bunları nəzərə aldıqda, rəsmi Bakının Laçın yolunun məhz Ermənistanla sərhəd hissəsində nəzarət-buraxılış məntəqəsi quraşdırması Ermənistan və onun himayədarında şok effekti yaradıb. Azərbaycan dövləti belə bir qətiyyətli addımı əvvəl-axır atacağını əslində, heç vaxt gizlətmirdi. Prezident İlham Əliyev hələ bundan xeyli əvvəl "Zəngəzur dəhlizi olmayacaqsa, Laçın dəhlizi də olmayacaq" mesajı ilə indi baş verənlərin rəsmi anonsunu elan etmişdi.



Ancaq həmişə olduğu kimi, beynəlxalq himayədarlarına güvənən Ermənistan rəsmi Bakının belə prinsipial davrana biləcəyinə inanmamışdı. Halbuki, rəsmi Bakı Cənubi Qafqazda şəriksiz geopolitik iradə sahibi olduğunu, regionda maraqları olan xarici güclərin mövqeyinə əhəmiyyət belə, vermədiyini dəfələrlə sübut etmişdi. Və bu baxımdan, rəsmi İrəvanın yanlış geopolitik hesablamaların girovuna çevrildiyi qətiyyən şübhə doğurmur.

İndi Ermənistan rəsmi Bakının Laçın yolunda nəzarət-buraxılış məntəqəsi quraşdırmasına görə Azərbaycanı beynəlxalq məhkəməyə vermək niyyətinə düşüb. Halbuki, rəsmi Bakı beynəlxalq hüquq normalarına uyğun olmayan heç bir addım atmayıb. Azərbaycan beynəlxalq hüquq normaları ilə tanınmış dövlət sərhədində nəzarət-buraxılış məntəqəsi quraşdırıb. Xankəndi və ətraf bölgə də, Laçın yolu da Azərbaycanın suveren ərazisidir. Və rəsmi Bakı Azərbaycan ərazisində Ermənistanın müxtəlif məkrli planlar reallaşdırmasına imkan vermək məcburiyyətində deyil.

Yəni, rəsmi İrəvanın "beynəlxalq məhkəmə ideyası" məntiqsiz və mənasız cəhddir. Bundan Azərbaycanın əleyhinə heç bir nəticə çıxmaz. Rəsmi Bakı BMT Nizamnaməsinə və beynəlxalq hüquq normalarına əsaslananaq, haqlı olduğunu sübut etməkdə elə bir ciddi çətinlik çəkməz. Və bu, Ermənistanın növbəti siyasi-hüquqi məğlubiyyəti ilə nəticələnəcək.

Maraqlıdır ki, rəsmi Bakının prinsipial qərarına verilən beynəlxalq reaksiyalar da Ermənistan üçün məyusedici məzmun daşıyır. Belə ki, Ermənistanın beynəlxalq himayədarları belə, Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılmasına münasibətdə sadəcə, narahat olduqlarını vurğulayıblar. Yəni, Ermənistanın gözləntilərinin əksinə, yenə də "növbətiçi bəyanatlar"la kifayətlənmək məcburiyyətində qalıblar. Çünki Azərbaycan haqlıdır və Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin ləğv edilməsinin istənməsi üçün heç bir hüquqi əsas yoxdur.


ABŞ-ın İrəvandakı səfiri Kristina Kuinn Ağ Evin Azərbaycana qarşı sanksiyalar tətbiq etmək niyyətinin olmadığını gizlətməyib. O, ABŞ-ın tərəflər arasında sülh prosesini dəstəkləməyə hazır olduğunu vurğulamaqla, kifayətlənib. Əslində, bu, o qədər də təəccüblü deyil. Çünki Azərbaycanın bütün normal dövlətlər kimi, öz ərazisinə nəzarət etmək qərarına sanksiyalar tətbiqinin vacibliyini yalnız absurd erməni məntiqi mümkün hesab edə bilər.

Təbii ki, Ermənistanın "pozğun bacısı" Fransa da "növbətçi bəyanat"ını rəsmi İrəvandan əsirgəməyib. Rəsmi Paris də "narahatlıq hüququ"ndan faydalanıb. Ancaq Fransa da Azərbaycana qarşı sərt ittihamlar irəli sürməkdən bu dəfə mümkün qədər yayınmağa çalışıb. Yəni, nisbətən yumşaq şəkildə etiraz etməklə, "erməni bacıları"na ürək-dirək verməyə çalışıb. Və elə bununla da dərhal rəsmi Bakının hədəfinə çevrilib.

Məsələ ondadır ki, rəsmi Bakı Ermənistanın "narahat" olan digər himayədarlarına ümumi cavab versə də, Fransaya birmənalı şəkildə sərt reaksiya göstərib. Rəsmi Bakı Fransanı Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmaq cəhdləri qarşılığında, birtərəfli mövqe tutmaqla, sülh prosesinə əngəl törətməkdə suçlayıb. Yəni, rəsmi Bakı əslində, Fransaya dolayısı ilə "sən qətiyyən qarışma, sənin mövqeyin ümumiyyətlə, əhəmiyyət daşımır" mesajı verib.

Rusiyanın son baş verənlərə münasibəti isə Ermənistanın siyasi dairələrində böyük çaşqınlıq yaradıb. Çünki rəsmi Bakı nəzarət-buraxılış məntəqəsi quraşdırarkən, bundan Rusiya sülhməramlı qüvvələrinin məlumatlı olduğunu bəyan etməyi unutmayıb. Kreml isə demək olar ki, heç bir reaksiya verməyərək, susqun qalıb, yəni, passiv şəkildə baş verənlərə qarşı çıxmadığını sezdirib.

Ona görə də, Ermənistanın siyasi dairələri ilk növbədə Rusiyanı hədəfə alıblar. Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiyanı üçtərəfli anlaşmalara riayət etməyə çağırıb. Azərbaycanın Xankəndi və ətraf bölgədə olan erməni separatçı-terrorçuların rəhbəri Araik Arutyunyan isə Rusiyadan Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılmasının qarşısının alınmasını xahiş edib. Halbuki, artıq yaradılmış nəzarət-buraxılış məntəqəsinin qarşısının alınmasını xahiş etməyin özü də başqa bir erməni təlxəkliyidir.



Erməni spikerin Kremlə yönəlik ittiham məzmunlu çağırışları hər halda, Rusiya XİN tərəfindən cavabsız buraxılmayıb. Rusiya da "narahatlıq" ifadə etməklə yanaşı, nə qədər çətin olsa, üçtərəfli anlaşmaların icrası ilə bağlı prosesi davamlı olacağını vəd edib. Kreml Rusiyanın Azərbaycan-Ermənistan sülh danışıqlarına yardımı göstərməyə hazır olduğunu, ABŞ və Qərbin isə bu prosesə əngəl törətdiyini vurğulayıb. Və bu, o deməkdir ki, Kreml əslində, dolayısı ilə Ermənistanı ABŞ və Qərbin dəstəyinə ümid bəsləyərək, üçtərəfli anlaşmaları icra etməməkdə suçlayır.

Digər tərəfdən, Rusiya siyasi dairələri Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsi quraşdırmasını Cənubi Qafqazda situasiyanın köklü şəkildə dəyişməsi kimi dəyərləndirirlər. Kremlə yaxın rus politoloq Sergey Markov hesab edir ki, rəsmi Bakının belə bir addım atması üçün kifayət qədər ciddi səbəblər mövcuddur. Onun fikrincə, ermənilərin Azərbaycan ərazilərinə minalar daşımasının, Xankəndi və ətraf bölgədə olan Ermənistan ordusunun qalıqlarının rotasiyasının əngəllənməsi, Qarabağın təbii sərvətlərinin talan edilib, aparılmaması üçün belə bir nəzarət mexanizmi olduqca vacibdir.

Rus politoloq hesab edir ki, Cənubi Qafqazda situasiya indi daha da aydınlaşıb. Ermənistan Rusiyaya xəyanət edərək, ABŞ və Fransaya üz tutub. Rusiya isə hazırda Azərbaycanı Ermənistandan daha çox öz müttəfiqi hesab etməyə başlayıb: "Bu, Cənubi Qafqazda yeni reallıqdır. Rusiya Ermənistana bu barədə çoxdan xəbərdarlıq etmişdi".

Təbii ki, rus politoloqun Rusiyanın Azərbaycanı özünə daha çox müttəfiq hesab etməsi ətrafında mübahisə etmək mümkündür. Ancaq onun Cənubi Qafqazda yeni situasiyanın yaranması barədə fikirləri həqiqətə uyğundur. Cənubi Qafqazda "erməni layihəsi"nin icra müddəti uğursuzluqla sona çatmaq üzrədir. Rəsmi Bakı Laçın yolunu nəzarətə götürməklə, "erməni layihəsi"nin nəfəsliyini tamamilə, həm də həmişəlik bağladı. Və bundan sonra yalnız bölgənin "erməni layihəsi" ucbatından çirkləndirmiş terrorçu tör-töküntülərdən tamamilə təmizlənməsi qalıb. Və yəqin ki, bu önəmli proses də ən yaxın vaxtlarda uğurla reallaşdırılıb, sona çatdırılacaq.(musavat.com)
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya